Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

Dövlət Komissiyasının sədri

  • Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Dövlət Komissiyasının üzvləri

  • Azərbaycan Respublikası müdafiə nazirinin müavini
  • Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

2. Müəyyən edilsin ki, Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2021-ci il