Ankara şəhərində “Mediada qadınların təmsilçiyi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir
28 fevral 2025-ci il tarixində Ankara şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Radio-Televiziya Ali Şurasının (RTÜK) təşkilatçılığı ilə "Mediada qadınların təmsilçiyi" mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurasını tədbirdə Sədrin müşaviri Haşim Əliməmmədzadə və Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Törəxanım Zeynallı təmsil etmişlər.
Türkiyə hökumət nümayəndələrinin, qadın hüquq müdafiəçilərinin, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, vətəndaş cəmiyyəti təmsilçiləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə qadınlara qarşı zorakılıqla mübarizədə medianın mühüm rol oynadığı diqqətə çatdırılmışdır. Tədbirin əvvəlində Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın müraciəti oxunmuşdur. Müraciətdə mediada etik prinsiplərə əsaslanan və milli dəyərləri rəhbər tutan yeni bir dilin ve qadın təmsilçiliyinin cəmiyyətdəki bir çox problemlərin həllinə töhfə verəcəyi vurğulanmışdır. RTÜK sədri Əbubəkr Şahin öz çıxışında medianın vəzifəsi kimi qadınlarla bağlı stereotipləri kənarlaşdıraraq onları özünə güvənən, uğurlu, cəsur, güclü təsvir etməsini qeyd etmişdir. Bu məqsədlə media qurumları və yayım təşkilatları ilə müntəzəm məsləhətləşmələr və əməkdaşlıq uğurla davam etməlidir.
Daha sonra Türkiyə, Azərbaycan, Albaniya, Serbiya və Yunanıstanı təmsil edən 150-dən çox nümayəndə 8 fərqli dəyirmi masa ətrafında bir çox mövzuları müzakirə etmişlər. Müxtəlif ölkələrdə media siyasətinin qadın hüquqlarının qorunmasında rolu, qadınların mediada təmsilçiliyinə mədəni maneələrin təsiri, gender balanslı media mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın vacibliyi, qadınlara qarşı şiddətlə mübarizə yolları kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanın audiovizual məkanında qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, mediada qadınların təqdim olunması ilə bağlı aparılan fəaliyyətdən danışmış, bu istiqamətdə baş vermiş bəzi pozuntu hallarına qarşı Audiovizual Şuranın tətbiq etdiyi məhdudiyyətləri və tənzimləyici mexanizmləri diqqətə çatdırmış, qeyd olunan mövzu ilə bağlı audiovizual media subyektləri ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd etmişdir. Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Törəxanım Zeynallı Azərbaycanda media sahəsində qadınların uğurla təmsil olunduğunu bildirmiş, qadın hüquqlarının müdafiəsi sahəsində media və aidiyyəti dövlət orqanlarının sıx əməkdaşlığı qadınlara qarşı şiddət hallarının qarşısının alınmasına müsbət təsir etdiyini vurğulamışdır.