Azərbaycan Respublikası Audiovizual Şurası

TEZ-TEZ SORUŞULANLAR

 

Audiovizual media nədir?

Televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media audiovizual media hesab olunur.

 

 

Audiovizual media necə tənzimlənir?

Audiovizual media digər media növlərindən (çap, onlayn) fərqli olaraq lisenziyalaşdırılan media sahəsidir. Audiovizual medianın tənzimlənməsi aşağıdakı hüquqi baza əsasında həyata keçirilir:

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • “Media haqqında” Qanun;
  • “İctimai televiziya və radio yayımı haqqında” Qanun;
  • “Reklam haqqında” Qanun;
  • “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun;
  • “Lisenziya və icazələr haqqında” Qanun;
  • “Dövlət rüsumu haqqında” Qanun;
  • İnzibati Xətalar Məcəlləsi;
  • Seçki Məcəlləsi və digər normativ-hüquqi sənədlər.

 

Audiovizual media subyektləri hansılardır?

Audiovizual media subyektləri yayımladıqları media məzmunu üzərində redaksiya cavabdehliyi daşıyan yayımçılardan və retranslyasiya etdikləri media məzmunu üzərində redaksiya cavabdehliyi daşımayan operatorlardan ibarətdir.

Yayımçılar aşağıdakıları əhatə edir:

  • Ümumölkə yerüstü televiziya yayımçıları;
  • Ümumölkə yerüstü radio yayımçıları;
  • Regional yerüstü televiziya yayımçıları;
  • Regional yerüstü radio yayımçıları;
  • Peyk yayımı həyata keçirən platforma yayımçıları;
  • Peyk yayımı həyata keçirməyən platforma yayımçıları;
  • Sifarişli yayım xidməti provayderləri.

Operatorlar aşağıdakıları əhatə edir:

  • Multipleks operatorları;
  • Sadə platforma operatorları;
  • Universal platforma operatorları.

 

Azərbaycan Respublikası Audiovizual Şurasının vəzifələri hansılardır?

Azərbaycan Respublikası Audiovizual Şurası (qısaca: Şura) audiovizual media sahəsində tənzimləməni və dövlət nəzarətini həyata keçirən müstəqil orqandır. Şuranın əsas vəzifə və funksiyaları aşağıdakılardır:

  • audiovizual media sahəsi üzrə təkliflər vermək;
  • normativ xarakterli aktlar qəbul etmək;
  • audiovizual media subyektlərinə lisenziya vermək;
  • icrası məcburi olan qərarlar qəbul etmək;
  • xarici kanalların “Azerspace” peykləri vasitəsilə yayımına razılıq vermək;
  • radiotezlik planlaşdırılmasını həyata keçirmək;
  • yayıma texniki nəzarət həyata keçirmək;
  • səs və təsvirə dair tələbləri müəyyən etmək;
  • audiovizual proqramların monitorinqini aparmaq;
  • zəruri hallarda yerində yoxlamalar keçirmək;
  • qanunvericiliyin tələblərini pozmuş subyektlərə qarşı sanksiyalar tətbiq etmək və sairə

 

Audiovizual media subyektlərinə qarşı hansı sanksiyalar tətbiq oluna bilər?

"Media haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yayımçılara qarşı yayımın dayandırılması tətbiq oluna bilər. Törədilmiş qanun pozuntusundan asılı olaraq yayımın dayandırılması 24 saatadək və ya 1-30 gün aralığında ola bilər. Yayımın dayandırılması Şuranın qərarı ilə tətbiq edilir. Əlavə olaraq Şura İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə əsasən protokol tərtib edib məhkəmə qaydasında inzibati sanksiya tətbiq edə bilər.

 

 

Şura audiovizual proqramların monitorinqini necə aparır?

“Media haqqında” Azərbaycan Respublikasının Qanunun 46.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirir və bu məqsədilə audiovizual proqramların monitorinqi aparılır. Monitorinqlər Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən aşağıdakı üsullarla aparılır:

  • Audiovizual proqramların şöbə əməkdaşları tərəfindən aparılan birbaşa monitorinqi, qanunvericiliyin tələblərinin pozulması faktlarının aşkarlanması və qeydə alınması;
  • Vətəndaş müraciətlərinin (telefon zəngləri, məktub, e-məktub, e-müraciət və s.) yoxlanılması;
  • İnternet resurslarında və sosial şəbəkələrdə audiovizual media sahəsinə aid yayılmış, qanun pozuntusu ehtimalı olan materialların yoxlanılması.

Həyata keçirilmiş monitorinqin nəticəsində aşkarlanmış qanun pozuntusu faktı üzrə arayışlar (zəruri hallarda Şura aparatının Hüquq və Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən verilmiş hüquqi rəy ilə birgə) rəhbərliyə təqdim edilir.

Həyata keçirilmiş monitorinqlər, habelə aşkarlanmış qanunvericiliyin pozulması faktları əsasında müxtəlif istiqamətli və məzmunlu araşdırma və təhlillər hazırlanır.

 

Proqram aparıcılarının xarici görünüşü və ya geyimi, habelə onların danışıq tərzi ilə bağlı hər hansı qanunvericilik tələbi varmı?

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Yəni, audiovizual media subyektləri (və ya onların redaksiyaları) hər hansı bir mövzuda proqram hazırlayarkən və ya sifariş edərkən öz fəaliyyətlərini peşə müstəqilliyi prinsiplərinə uyğun olaraq müəyyənləşdirməkdə, habelə orada iştirak edən aparıcılar, qonaqlar və ya digər şəxslər geyim seçimində sərbəstdirlər. Qanunvericilikdə aparıcıların xarici görünüşü və geyimi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.3-cü maddəsinə əsasən yayımda dil normalarına riayət edilməlidir.  

 

 

Şuraya müraciətləri və ya şikayətləri necə göndərmək olar?

Şuraya müraciətləri və şikayətləri Şuranın rəsmi vebsaytı vasitəsilə “Müraciət et” bölməsinə daxil olmaqla, Şuranın rəsmi elektron poçt ünvanına (office@acra.gov.az) və ya rəsmi ünvanına (Bakı şəhəri, AZ1138, A.M.Şərifzadə küçəsi 315) göndərmək olar, habelə telefon vasitəsilə şifahi formada müraciət etmək olar.

 

Şikayət əsasında proqramın yayımının dayandırılması və ya proqramın tam olaraq bağlanması mümkündürmü?

Şikayət olunan hər hansı bir proqram rəhbrərlik tərəfindən nəzarətə götürülür, lazımi struktur bölmələrinə, o cümlədən monitorinqlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilir. Araşdırma nəticəsində hər hansı qanunvericilik tələblərinin pozulması faktı öz əksini tapırsa, həmin yayımçıya “Media haqqında” Azərbaycan Respublikasının 41-ci maddəsinin tələbinə uyğun olaraq yayımın dayandırılması və (və ya) İnzibati Xətalar Məcəlləsinə görə inzibati sanksiya tətbiq oluna bilər.

 

İnternet televiziya və ya radio kanallarının tənzimlənməsi necə həyata keçirilir?

Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərinə uyğun olaraq təsis edilmiş və Şura tərəfindən media subyekti kimi tanınıb lisenziya almış audiovizual media subyektləri Şuranın tənzimləmə sferasına daxil olurlar. Birbaşa internet üzərindən yayımlanan  televiziya və ya radio kanalları qeyd olunan şərtlərlə platforma yayımçısı lisenziyası aldıqları təqdirdə Şuranın tənzimləmə sferasına daxil olurlar. Digər hallarda internet televiziya və radio kanallarının tənzimlənməsi Şuranın səlahiyyətləri xaricindədir.

 

Yayım operatorlarının retranslyasiya etdiyi kanalları və onların sayını kim müəyyən edir?

Yayım operatorları retranslyasiya etdikləri televiziya və radio kanalları öz istəklərinə və kommersiya məqsədlərinə uyğun olaraq seçməkdə sərtbəstdirlər. Ümumölkə yerüstü yayımçıların kanalları (açıq yayımda olan) operatorların paketlərində mütləq retranslyasiya olunmalıdır.

 

Ölkəmizdə yayımlanan xarici televiziya kanallarına necə nəzarət edilir?

Ölkəmizdə yerüstü yayımda (milli radiotezlik resurslarından istifadə olunmaqla) hər hansı xarici televiziya kanalı yayımlanmır. Xarici televiziya kanalları Azərbaycan Respublikası ərazisində yayım operatorları (multipleks və platforma operatorları) tərəfindən, habelə Azərbaycanın milli peyk operatoru (“Azərkosmos”) tərəfindən kommersiya məqsədli retransyasiya olunur. Retranslyasiya olunan xarici kanalların məzmununa (kontentinə) görə operatorlar redaksiya məsuliyyəti daşımır. Operatorlar yalnız həmin kanalların Azərbaycan Respublikası ərazisində retranslyasiyasına hüquq verən sənədlərin (müqavilə, icazə, lisenziya və s.) surətini Şuraya təqdim etməlidirlər.

 

Müxtəlif internet saytları vasitəsilə, hətta bəzi sosial şəbəkələrdə xarici kanalların yayımı ilə bağlı təkliflərə rast gəlinir, bu saytlar legaldırmı?

Çox təəssüflər olsun ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı lisenziya əsasında fəaliyyət göstərən yayım operatorlarına böyük imkanlar yaratmaqla yanaşı, bazarda həmin operatorların fəaliyyət sferasında qeyri-sağlam rəqabət yaradan vebsaytlara və ya  internet resurslara da müəyyən fürsətlər yaratmışdır ki, bunlar legal hesab edilmir. Qanuni fəaliyyət göstərən platforma operatorlarından fərqli olaraq ölkə ərazisində hər hansı lisenziya almadan, sahibkarlıq subyekti kimi qeydyiyyata alınaraq müvafiq vergiləri ödəmədən, müəllif hüquqlarına dair zəruri müqavilələr bağlamadan aylıq müəyyən ödəniş müqabilində (əksər vaxt bu ödənişlər qanuni olaraq lisenziya əsasında fəaliyyət edən operatorların təqdim etdikləri qiymətlərdən xeyli aşağı olur) xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını (satışını) həyata keçirən və “mənşəyi məlum olmayan” bu vebsaytlar və ya internet resurslar xarici ölkələrdən xidmətlərini təqdim edirlər. Onların təqdim etdikləri paketlərdə  televiziya kanallarının sayı az qala 1000-ə çatır ki, bəzən onların arasında Azərbaycanın dövlət maraqlarına ciddi ziyan vuran yayımlar həyata keçirən televiziya kanallarına da rast gəlinir. Bu kimi xoşagəlməz halların qarşısının alınması üçün Şura tərəfindən müəyyən tədbirlər planı hazırlanmış və hazırda digər dövlət strukturları ilə birlikdə müvafiq tədbirlər görülür.

 

Azərbaycan Respublikası Audiovizual Şurasının iclasları nə vaxt keçirilir və həmin iclaslarda media nümayəndələrinin iştirakı mümkündürmü?

Gündəlikdə duran məsələnin həll olunması üçün Azərbaycan Respublikasının Audiovizual Şurasının iclasları keçirilir və iclas qapalı şəkildə təşkil olunur. Lakin həmin iclasdan çıxan qərarı Şura öz rəsmi saytında dərc edir.

 

Televiziya və radio kanallarında yayımlanan reklamların məzmunu kim tərəfindən müəyyən olunur və necə tənzimlənir?

Televiziya və radio kanallarında yayımlanan reklamlar “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Reklamların məzmunu bu və ya digər Qanunlara zidd olmamalıdır. Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən aparılan monitorinqlər bütün proqramları, o cümlədən yayımlanan reklam materiallarını əhatə edir.

Televiziya və radio kanallarında yayımlanan reklamların məzmunu reklamın subyektləri (reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı) tərəfindən müəyyən olunur. “Reklam haqqında” Qanunun 19.4-cü maddəsinə görə, sifariş edilən reklamın Qanunun tələblərinə uyğun olmasına görə reklamverici, reklam istehsalçısı və reklam yayıcısı məsuliyyət daşıyır.

 

Audiovizual media subyektinə verilmiş lisenziya hansı halda ləğv oluna bilər?

Bu “Media haqqında” Azərbaycan Respublikasının 58-ci maddəsinə uyğun olaraq tənzimlənir. Bu hallar aşağıdakılardan ibarətdir:

  • lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • bu Qanunun 26-cı maddəsinin tələbləri pozulduqda;
  • lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda;
  • lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;
  • lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
  • bu Qanunun 57.1.2-ci və 57.1.3-cü maddələrində nəzərdə tutulmuş hallar bu Qanunun 57.3-cü maddəsinə uyğun olaraq aradan qaldırılmadıqda;
  • lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
  • yayım lisenziya alındıqdan sonra altı ay müddətində həyata keçirilmədikdə;
  • lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasına riayət edilmədikdə;
  • bu Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yayımın Şuranın qərarı ilə dayandırıldığı hallar istisna olmaqla, yayım ardıcıl olaraq 30 (otuz) gün və ya bir il ərzində 60 (altmış) gün həyata keçirilmədikdə;
  • lisenziya sahibi bir il müddətində azı beş dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə.