Azərbaycan Respublikası Audiovizual Şurası

SADƏ PLATFORMA OPERATORU

 

Sadə platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Sadə platforma operatoru yalnız bir üsulla retranslyasiya həyata keçirə bilər.

Sadə platforma operatoru müqavilə əsasında istifadəçiyə xarici audiovizual yayımçıların proqramlarının satışını həyata keçirir. Sadə platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.

Sadə platforma operatoru ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarını ölkə üzrə, regional yerüstü televiziya yayımçılarının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir.

Sadə platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim etməlidir.

Sadə platforma operatoru lisenziyasının alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edilir:

Ərizəçi fiziki şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış, fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Fiziki şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Fiziki şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, fiziki şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Operator xidmətinin (brendinin) logotipi və ya emblemi (elektron versiyada – minimal 600x600dpi JPEG/JPG şəkil formatında);
  • Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (retranslyasiya olunması nəzərdə tutulan kanalların siyahısı, fəaliyyət ərazisi, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi, yayım üsulları, texniki imkanlar (avadanlıqlar) haqqında məlumat və s).

 

Ərizəçi hüquqi şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti; nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti; yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri barədə məlumat;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Operator xidmətinin (brendinin) logotipi və ya emblemi (elektron versiyada – minimal 600x600dpi JPEG/JPG şəkil formatında);
  • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş iqtisadi əsaslandırma (retranslyasiya olunması nəzərdə tutulan kanalların siyahısı, fəaliyyət ərazisi, fəaliyyət üçün nəzərdə tutulan ştat tərkibi, yayım üsulları, texniki imkanlar (avadanlıqlar) haqqında məlumat və s).

 

Təqdim edilmiş sənədlərə qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən baxılır və lisenziyanın verilməsi və ya verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur.