İkitərəfli əməkdaşlıq
Beynəlxalq və regional səviyyədə mövcud olan təşkilatlarda üzvlüklə yanaşı ikitərəfli əməkdaşlıq da audiovizual sahəni tənzimləyən qurumlara fikir və qabaqcıl təcrübə mübadiləsi həyata keçirməyə və davamlı dialoq aparmağa imkan yaradır.
Azərbaycan Respublikası Audiovizual Şurasının bir çox Avropa ölkələrinin audiovizual tənzimləyiciləri ilə qarşılıqlı əməkdaşlığı mövcuddur. Bu tənzimləyici qurumlara ilk növbədə Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) daxildir ki, bu əlaqələr hazırda ən yüksələn xətlə inkişaf edir. Bundan başqa, Audiovizual Şura Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası (GNCC), Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası (NTRBC), Moldovanın Audiovizual Şurası (CA), Serbiyanın Elektron Media üzrə Tənzimləyici Qurumu (REM) ilə də bir sıra məsələlərdə sıx təmaslar saxlayır. İkitərəfli əməkdaşlıq bəzi qurumlarla daha yüksək səviyyəyə çataraq Anlaşma Protokollarının imzalanması ilə davam etmişdir.
7 aprel 2007-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sələfi Milli Televiziya və Radio Şurası ilə Türkiyə Radio və Televiziya Ali Şurası arasındakı əlaqələri və əməkdaşlığı nizama salmaq, inkişaf etdirmək və gücləndirmək məqsədilə Əməkdaşlıq Haqqında Protokol (ptotokolun mətni ilə qoşma sənəddə tanış olmaq olar) imzalanmışdır.
Sərhədsiz Televiziya üzrə Avropa Konvensiyasının məqsəd və prinsiplərini, həmin konvensiyada təsbit olunmuş azad informasiya və ideya axını üçün audiovizual sahənin böyük əhəmiyyəti ilə əlaqədar tövsiyələrini rəhbər tutaraq, 19 oktyabr 2017-ci il tarixində Milli Televiziya və Radio Şurası və Moldova Respublikasının Audiovizual Xidmətlərin Koordinasiya Şurası (hazırda CA - Audiovizual Şura) arasında əməkdaşlığın inkişafı və güclənməsi məqsədilə Əməkdaşlıq Haqqında Razılaşma (razılaşmanın mətni ilə qoşma sənəddə tanış olmaq olar) imzalanmışdır.
1 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Media Sahəsində Strateji Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanmış və medianın iki ölkənin xalqları arasındakı dostluq əlaqələrini və qarşılıqlı anlayışı inkişaf etdirməkdə oynadığı mühüm rolunu nəzərə alaraq, mövcud dostluq münasibətlərini gücləndirmək və iki ölkə arasında media sahəsində əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə Azərbaycan - Türkiyə Birgə Media Platforması yaradılmışdır. Birgə Media Platformasının yaradılması isə öz növbəsində Azərbaycan Respublikası Audiovizual Şurası və Türkiyə Radio və Televiziya Ali Şurası arasında olan əməkdaşliğı daha da genişləndirmişdir.
Hazırda əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası və RTÜK bütün beynəlxalq və regional məsələlərdə koordinasiyalı fəaliyyət həyata keçirirlər. Buna misal kimi, 2017-ci ildən RTÜK tərəfindən irəli sürülən, reallığa çevrilməsi istiqamətində ilk görüşü keçirilən, Türk Dövlətlərinin Audiovizual Tənzimləyicilərinin Forumunun yaradılması ideyası 2022-ci ildə Azərbaycan tərəfdən davam etdirilərək Bakı və Şuşada həmin forumun yaradılması üçün təkrar məsləhətləşmələr raundunun keçirilməsinin nəzərdə tutulması üzrə fəaliyyəti göstərmək olar. RTÜK və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyəti, koordinasiyası sayəsində 2022-ci il ərzində həmin forumun yaradılması məqsədilə görüşün keçirilməsi və bu məqsədlə Niyyət Protokolunun imzalanması planlaşdırılır. Bunun davamı olaraq növbəti ildə həmin Forumun təsis konfransının keçirilməsi də mümkün olacaqdır.