Azərbaycan Respublikası Audiovizual Şurasının 2024-cü il üzrə HESABATI
Ümumi məlumat
"Media haqqında" Azərbaycan Respublikasının Qanununa və "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən audiovizual media sahəsində tənzimləməni və qanunvericiliyə əməl olunmasına nəzarəti Azərbaycan Respublikası Audiovizual Şurası (qısa olaraq – Audiovizual Şura) həyata keçirir.
2024-cü il ərzində Audiovizual Şura 6 üzvdən (İsmət Səttarov – sədr, Bəxtiyar Balakişiyev, Telli Əliyeva, Mübariz Əsgərov, Aslan Xəlilov və İsa Məmmədov) ibarət tərkibdə fəaliyyət göstərmişdir. "Media haqqında" Azərbaycan Respublikası Qanununa görə Audiovizual Şuranın üzvlərinin sayı 7 nəfərdir. Hazırda 1 üzv yeri vakantdır.
Audiovizual Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi, təhlili və kommunikasiya, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları, İnsan resursları, sənədlərlə iş və məxfi məlumat, Maliyyə və təminat şöbələri il ərzində fəaliyyət istiqamətlərinə uyğun işlər həyata keçirmişlər.
İl ərzində Audiovizual Şuranın 20 iclası (həm canlı, həm də onlayn formatda) keçirilmiş, ümumilikdə 39 məsələyə baxılmış və 43 qərar qəbul edilmişdir.
Audiovizual Şura rəsmiləri audiovizual media sahəsində həyata keçirilən fəaliyyət, Audiovizual Şuranın təşkil etdiyi tədbirlər və digər yeniliklər barədə mediada 10-dan çox müsahibə və ya açıqlama vermişlər. 2024-cü il ərzində Audiovizual Şuranın rəsmi veb-saytında aparılan fəaliyyət, təhlillər və ümumən media sahəsi üzrə 67 məlumat təqdim olunmuşdur. Sosial şəbəkə hesablarında (Facebook, X, Instagram, LinkedIn) məlumat və paylaşımların ümumi sayı 572 olmuşdur.
Lisenziyalaşdırma sahəsində fəaliyyət
Audiovizual Şura il ərzində lisenziya verilməsi məqsədilə 4 müsabiqə təşkil etmişdir.
26 yanvar 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqə keçirilmişdir. Audiovizual Şuranın 05 aprel 2024-cü il tarixli müvafiq qərarı ilə "Sağlam Media" MMC (radio kanalın adı: "Sağlam Radio") müsabiqənin qalibi elan olunmuş, ona ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilmiş və Bakı Teleqüllə Kompleksindən 93.0 MHs radiotezliyi onun istifadəsinə ayrılmışdır.
29 iyul 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün müsabiqə keçirilmişdir. Audiovizual Şuranın 01 oktyabr 2024-cü il tarixli müvafiq qərarı ilə "CİBC Global" MMC (televiziya kanalının adı: "AnewZ") müsabiqənin qalibi elan olunmuş və ona peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilmişdir.
18 noyabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün 2 paralel müsabiqə təşkil olunmuşdur. İlin sonuna olan vəziyyətə görə hər iki müsabiqə üzrə 4 ərizəçi sənədlərini təqdim etmişdir. Müsabiqəyə 2025-ci ilin yanvar-fevral aylarında yekun vurulacağı gözlənilir.
İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Metaflix" MMC-yə (xidmət adı: "Metaflix"), "Megogo" MMC-yə (xidmət adı: "Megogo") və "ABC-Telecom" MMC-yə (xidmət adı: "Kontakt TV") ümumi olaraq 3 sifarişli yayım xidməti provayderi lisenziyası verilmişdir.
Audiovizual Şuraya daxil olan müraciətlər əsasında "Sport TV.AZ" MMC-yə (televiziya kanalının adı: "Sport TV"), "SəsTV" MMC-yə (televiziya kanalının adı: "Səs TV"), "Biznes TV" MMC-yə (televiziya kanalının adı: "Biznes TV"), ümumi olaraq 3 peyk yayımı həyata keçirməyən platfroma yayımçısı lisenziyası verilmişdir.
Bundan başqa, "Az-Evro Tel" MMC-yə (operator adı: "Azeurotel") 1 sadə platforma operatoru lisenziyası, "Aznet Technologies" QSC-yə (operator adı: "AZnet"), "Metaflix" MMC-yə (operator adı: "Metaflix"), "Megogo" MMC-yə (operator adı: "Megogo"), "ABC-Telecom" MMC-yə (operator adı: "Kontakt TV") ümumi olaraq 4 universal platforma operatoru lisenziyası verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanına uyğun olaraq, habelə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciətini nəzərə alaraq Audiovizual Şuranın 23 avqust 2024-cü il tarixdə qəbul etdiyi müvafiq qərarlara əsasən "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-yə regional yerüstü televiziya yayımçısı lisenziyası (kanalın adı: "Naxçıvan TV") və regional yerüstü radio yayımçısı lisenziyası (kanalın adı: "Naxçıvan Radiosu") verilmişdir. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunmuşdur.
Verilmiş lisenziyalarla yanaşı Audiovizual Şura tərəfindən fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirilmişdir. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Selnet" MMC-yə və "A2Z Tecnologies" QSC-yə verilmiş universal platforma operatoru lisenziyaları, həmçinin, "Azol TV" MMC-yə verilmiş sadə platforma operatoru lisenziyası ləğv edilmişdir.
Bununla da, hazırda, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı 95-ə çatmışdır. 95 audiovizual media subyektinin 43 televiziya redaksiyası (kanalı), 21 radio redaksiyası (kanalı), 5 sifarişli yayım xidməti və 54 retranslyasiya operatoru xidməti mövcuddur. Audiovizual media sahəsində mövcud lisenziyaların sayı aşağıdakı kimidir:
- 11 ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;
- 10 regional yerüstü televiziya yayımçısı lisenziyası (bundan 1-i Naxçıvan MR-da);
- 17 ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
- 4 regional yerüstü radio yayımçısı lisenziyası (bundan 1-i Naxçıvan MR-da);
- 13 peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;
- 20 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası;
- 5 sifarişli yayım xidməti provayderi lisenziyası;
- 43 universal platforma operatoru lisenziyası;
- 9 sadə platforma operatoru lisenziyası;
- 2 multipleks operatoru lisenziyası.
2024-cü ildə Azərbaycan Respublikasında audiovizual media fəaliyyəti göstərən xarici subyektlərlə müvafiq lisenziyaların alınması istiqamətində zəruri yazışmalar aparılmış, bir sıra onlayn və offlayn görüşlər keçirilmişdir. "Blu TV", "Amediateka", "Yandex Plus", "İvi" platformaları ilə keçirilən görüşlər səmərəli olmuşdur. Yaxın zamanlarda həmin platformaların müvafiq lisenziyaların alınması üçün Audiovizual Şuraya müraciət prosedurlarına başlayacaqları müəyyən edilmişdir.
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyət
Audiovizual Şura 2024-cü il ərzində bir sıra dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan çoxlu sayda layihələrlə bağlı rəy və təkliflərini bildirmiş, zəruri hüquqi sənədlər hazırlamışdır. "Media haqqında" Qanun layihəsi ilə bağlı digər qanunvericilik aktlarında zəruri hesab olunan dəyişikliklərlə əlaqədar təkliflər aidiyyatı qurumlara təqdim olunmuş, zəruri hallarda hüquqi arayışlar və izahatlar verilmişdir.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanmışdır. Həmin Layihələr rəsmi qaydada "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə göndərilmiş və razılaşdırılmışdır.
"Media haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikası Qanunlarında dəyişikliklər edilməsi barədə Qanun layihələrinin ilkin variantı hazırlanmış və bir neçə dəfə müzakirə olunmuşdur. Layihələrin son versiyaları hazırlandıqdan sonra müvafiq dövlət qurumları ilə razılaşdırma proseduru həyata keçiriləcəkdir.
"Media haqqında" Qanunun 1.1.33-cü maddəsinin tələbinə uyğun olaraq, Audiovizual Şuranın 09 aprel 2024-cü il tarixli, 10/24-08 nömrəli qərarı ilə qəbul olunmuş "Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)" Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilmiş və Dövlət Reyestrinə daxil edilmişdir.
İl əzrində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) daxil olmuş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi haqqında Qanun layihəsi, "Uşaq hüquqları haqqında" yeni Qanun layihəsi, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı" layihəsi, "Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı"nın layihəsi bir sıra qeydlərlə razılaşdırılmış və onlara müsbət rəy verilmişdir.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsinə müsbət rəy verilmiş və vizalanmışdır.
Audiovizual mediada reklam sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə və effektiv fəaliyyətin təmin edilməsi, audiovizual media subyektlərinin maarifləndirilməsi məqsədilə 06 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ilə Audiovizual Şura arasında birgə fəaliyyəti nəzərdə tutan Tədbirlər Planı imzalanmışdır. Bu plana əsasən il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Qəbul olunmuş "Rəqabət Məcəllə"sinə dair maarifləndirmə tədbiri (09 aprel 2024-cü il tarixdə AİBNDX-nin toplantı zalında) təşkil olunmuş, audiovizual media sahəsində antiinhisar qanunvericiliyinin pozulması hallarına yol vermiş bazar subyektləri barəsində qarşılıqlı birgə fəaliyyət, rəqabət və reklam qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş müraciətlərin birgə araşdırılması həyata keçirilmişdir.
İl ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun müvafiq tabeli qurumları tərəfindən hazırlanmış bir sıra normativ-hüquqi aktların layihəsi qarşılıqlı görüşlər, dəyirmi masalar, onlayn iclaslar vasitəsilə müzakirə olunmuşdur. "Elektron Kommunikasiya haqqında" Qanunun layihəsi, "İctimai Xəbərdalıq Sistemi"nin yaradılması üzrə Texniki Tapşırıq layihəsi, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi, "Milli rəqəmsal efir məkanı üzrə informasiya və kibertəhlükəsizliyə dair minimal tələblər" layihəsi, "Azərbaycan Respublikasının ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü rəqəmsal televiziya yayımının tətbiqi üzrə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi ilə bağlı ümumi mövqe formalaşdırılmış və müvafiq strukturlara təqdim olunmuşdur.
Audiovizual Şura, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İB ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 oktyabr tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı"nın 6-cı bəndinin 1 nömrəli tədbirinin icrası məqsədilə "Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsini hazırlamışdır. Layihənin son versiyası tam hazır olduqdan sonra Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur.
Dekabr ayında müvafiq texniki və normativ hüquqi akt layihələrinin hazırlanması və razılaşdırılmasında operativliyin təmin edilməsi və koordinasiyalı fəaliyyətin genişləndirilməsinin zəruriliyi nəzərə alınaraq, Audiovizual Şura və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və onun aidiyyəti qurumlarının mütəxəssilərindən ibarət müştərək işçi qrupu yaradılmış və ilk iclasını keçirmişdir.
Qanunvericiliyin, məqsədli dövlət proqramlarının və Milli Fəaliyyət Planlarının icrası sahəsində fəaliyyət
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq audiovizual yayımçılar il ərzində 4 dəfə, hər ay üçün Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim edirlər. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2024-cü il ərzində təqdim edilən hesabatlara əsasən Qanunun tələbi əsasən icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nından irəli gələn tələblərlə bağlı 2024-cü il ərzində Audiovizual Şuranın tövsiyələrinə əsasən maarifləndirici çarxlar, proqramlar, layihələr hazırlanmış, uşaqlar üçün cizgi filmləri, uşaq mahnıları, uşaq tamaşaları və maarifləndirici sosial çarxlar nümayiş olunmuşdur. Audiovizual yayımçılar il ərzində 2 dəfə, yarımillik və illik olmaqla Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim etmişlər. Ümumölkə yerüstü və peyk televiziya yayımçıları tərəfindən 2024-cü il ərzində nəzərdə tutulan mövzuda 3000-dək proqram efirdə yayımlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Bu sahədə fəaliyyət göstərən daimi İşçi Qrupun hazırladığı sosial çarxlar bütün ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirlərində yayımlanması təmin olunmuşdur. Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarından bu mövzuda yayımladıqları proqramlar haqqında toplanan aylıq hesabatlar əsasında müvafiq ümumiləşdirilmiş rüblük hesabatlar hazırlanmış və İşçi Qrupa təqdim olunmuşdur. 2024-cü il ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2 iclası keçirilmiş və Audiovizual Şuranın sədri müvafiq hesabatlarla həmin iclaslarda çıxış etmişdir. 24 dekabr 2024-cü il tarixində Audiovizual Şura və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkil etdiyi “Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim” keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə uyğun olaraq audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, bu mövzuda yayımlanmış proqramlar haqqında hesabatlar hazırlanmışdır. Audiovizual Şuranın tövsiyələrinə uyğun olaraq 2024-cü il ərzində nəzərdə tutulan mövzuda 50-dən artıq proqram efirdə yayımlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəcamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı" ilə bağlı Audiovizual Şuranın tövsiyələrinə əsasən yayımçılar tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2024-cü il ərzində nəzərdə tutulan mövzuda 120-dən artıq proqram efirdə yayımlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası" ilə bağlı audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, yayımçılar tərəfdən proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2024-cü il ərzində nəzərdə tutulan mövzuda 300-dək proqram efirdə yayımlanmışdır.
Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə
5 aprel 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün müsabiqə elan olunmuşdur. 6 iyun 2024-cü il tarixində qədər layihə qəbulu aparılan müsabiqənin yekunları sentyabr ayında açıqlanmışdır.
Müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə "ARB" və "ARB24"; elm və mədəniyyət mövzusu üzrə "ATV"; milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə "AZTV" və "Real TV"; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə "Xəzər TV"; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə "Space TV" və "Xəzər TV"; Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə "İTV"; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə "Real TV" və "Space TV" televiziya kanalları qalib olmuşdur.
Sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə "ARB24"; uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə "ATV"; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə "ARB24", "ATV" və "AZTV" televiziya kanalları uğur qazanmışlar.
Audiovizual proqramların monitorinqi və yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılmış, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanmışdır. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında həyata keçirilmişdir.
Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 358 pozuntu faktı qeydə alınmışdır. Həmin pozuntuların çox bir hissəsi (348 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 3 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi ilə il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuş, 3 dəfə inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilmişdir.
Pozuntuların ümumi statistikasına gəlincə, ən çox pozuntu "Reklam haqqında" Qanunun tələblərinə riayət olunmaması (270 fakt, ümumi pozuntuların 75%-i) ilə bağlı olmuşdur. "Media haqqında" Qanunun tələblərinin pozulmasına 65 dəfə (ümumi pozuntuların 18%-i), "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun pozulmasına 17 dəfə (ümumi pozuntuların 5%-i), digər qanunvericilik tələblərinin pozulmasına 6 dəfə rast gəlinmişdir.
"Reklam haqqında" Qanunun ən çox pozulan tələbləri sırasına lisenziyalı mal və xidmətlərin reklamı zamanı həmin lisenziya məlumatlarının təqdim olunmamasını (70 fakt), bir saat ərzində icazə verilən reklam həcminin aşılmasını (49 fakt), reklamın və teleticarətin təqdim olunması ilə bağlı tələblərin pozulmasını (43 fakt), sponsor reklamı (təqdimatları) ilə bağlı müddəaların pozulmasını (35 fakt), gizli reklama yol verilməsini (33 fakt), dərman vasitələrinin və bioloji qida əlavələrinin reklamı ilə bağlı tələblərin pozulmasını (11 fakt) qeyd etmək lazımdır. "Media haqqında" Qanunun ən çox pozulan tələbləri sırasında mediada yayımlanan informasiya ilə bağlı tələblərin pozulması (25 fakt), Dövlət Himninin səsləndirilməməsi ilə bağlı faktlar (18 fakt), yerüstü yayımçının dövlət dilində yayım aparması tələbinin pozulması ilə bağlı faktlar (9 fakt) qeyd olunmalıdır.
Audiovizual Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olmuşdur. Bu sahədə 2024-cü ildə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmamışdır. Seriallar tam olaraq lisenziyalı olaraq və dublyaj olunmuş vəziyyətdə yayımlanır.
Medianın İnkişafı Agenliyinin və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin qalibi olmuş proqramların və sosial videoçarxların 2024-cü ilin son rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmasına dair həftəlik və aylıq arayışlar hazırlanmış, həmin arayışlar müşayiət məktubları ilə Medianın İnkişafı Agenliyinə təqdim olunmuşdur.
Retranslyasiya xidmətlərinin monitorinqi və operatorlar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
2024-cü ilin yay ayları ərzində Audiovizual Şuranın mütəxəssisləri Azərabycanda xarici televiziya kanallarının retranslyasiya hüquq sahiblərini araşdırmış, onlarla bir sıra görüşlər keçirmiş, retranslyasiya hüququ olan xarici televiziya kanallarının siyahısını müyyən etmişlər. Bundan sonra Audiovizual Şura həmin xarici kanalların siyahısını multipleks və platforma operatorlarına göndərmiş, xarici kanalların retranslyasiyası üzrə müvafiq müqavilələrin bağlanmasını və yalnız icazəli kanalların retranslyasiya paketlərinə daxil edilməsini xahiş etmişdir. Bu məqsədlə operatorların məsul şəxsləri ilə görüşlər keçirilmiş, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanmış, sentyabr ayında bütün operatorlara xəbərdarlıq məktubu ünvanlanmışdır.
Oktyabr ayından başlayaraq bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə monitorinqlərə başlanılmışdır. Monitorinqlər nəticəsində ilin sonuna kimi 11 operatora "Media haqqında" Qanunun 32.4-cü və 34.5-ci maddələrinin tələblərini, 1 operatora isə "Media haqqında" Qanunun 32.7-ci maddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilmişdir. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5000 manat məbləğində cərimələnmişdir.
Audiovizual Şuranın bu istiqamətdə monitorinqləri və təqdim olunan retranslyasiya xidmətləri ilə bağlı qanunvericilik tələblərinə riayət etməyən operatorlara qarşı inzibati tədbirlər davam edir.
Bununla yanaşı, Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirir. Bu istiqamətdə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilir.
Audiovizual yayıma texniki nəzarət sahəsində fəaliyyət
Audiovizual Şura aparatının audiovizual yayıma texniki nəzarət üzrə əməkdaşları il ərzində ölkəmizdə televiziya və radio yayımına texniki nəzarət işlərini həyata keçirmişlər.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamının icrası məqsədilə yaradılmış müxtəlif qurumların, o cümlədən Audiovizual Şuranın məsul şəxslərinin təmsil olunduğu İşçi Komissiya 2024-cü ildə də öz işini davam etdirmişdir. FM radioyayımı şəbəkəsinin genişləndirilməsi çərçivəsində müəyyən olunmuş radio-televiziya yayım stansiyalarından (RTYS-lərdən) müvafiq radiotezliklərin ayrılması həyata keçirilmişdir. Bu məqsədlə 2024-cü ildə Audiovizual Şuranın 5 iclasında məsələ müzakirəyə çıxarılmış, qəbul olunan 5 müvafiq qərar əsasında 16 RTYS-dən 124 istifadəyə yaralı, boş radiotezlik ümumölkə statuslu radio yayımçıların istifadəsinə ayrılmışdır. Sərəncamın icrası nəticəsində bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının əhaliyə əlçatanlığı təmin edilmişdir. Audiovizual Şuranın mütəxəssisləri ümumölkə və regional radio kanallarının yayımlandığı RTYS-lərin yerini və həmin yayımların aparıldığı radiotezlikləri göstərən xəritə hazırlamışlar.
"Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləğinin təsdiq edilməsi barədə" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 20 fevral 2024-cü il tarixli Qərarından sonra ümumölkə televiziya və radio yayımçılarının maliyyə imkanları nəzərə almaqla əhalinin minimum 70%-ni yerüstü yayımla əhatə edən şəbəkənin qurulması üçün "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyası, "İctimai Televiziya və Radio Yayımları Şirkəti" və "CBC Sport" MMC şirkətləri ilə müzakirələr aparılmış və yeni yayım şəbəkəsinin qurulması üçün təkliflər verilmişdir.
İl ərzində Qarabağ və Şərqi Zəngəzur ərazisində yerüstü yayımın genişləndirilməsi üzrə müvafiq işlər həyata keçirilmişdir. Audiovizual Şuranın müvafiq qərarları ilə Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dən, Şuşa rayonu ərazisində yerləşən "Turşsu" RTYS-dən və Ağdərə rayonu ərazisində yerləşən "Həsənriz kənd" RTYS-dən açıq rəqəmsal televiziya yayımının həyata keçirilməsi üçün müvafiq TV yayım kanalları infrastruktur operatoru olan "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılmışdır.
Audiovizual Şuranın yayıma nəzarət üzrə mütəxəssisləri tərəfindən müxtəlif vaxtlarda Bakı şəhəri və Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin ərazilərində televiziya və radio yayımın keyfiyyətinin müəyyən olunması məqsədilə ölçmə-monitorinq işləri aparılmışdır. Əldə olunmuş nəticələr "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-ə və Dövlət Radiotezliklər İdarəsinə təqdim olunaraq müzakirələr təşkil olunmuşdur. Bundan başqa, FM radioyayımı şəbəkəsinin genişləndirilməsi çərçivəsində yeni yayım təşkil olunan RTYS-lərə baxışlar keçirilmiş, həmin stansiyaların yayım əhatə zonası monitorinq olunmuşdur. Avqust ayında "Astara" RTYS-in və "Lerik" RTYS-in əhatə zonasının müəyyən olunması üçün ölçmə-monitorinq işləri aparılmışdır. 13-14 dekabr 2024-cü il tarixlərdə şimal rayonlarında, 16-18 dekabr 2024-cü il tarixlərdə şimal-qərb və qərb rayonlarında, 20-21 dekabr 2024-cü il tarixlərdə cənub rayonlarında avtomagistrallar boyunca radio yayım şəbəkəsinin monitorinqi aparılmış, RDS sisteminin iş prinsipi yoxlanılmışdır. Nəticələr "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İB-in müvafiq yayım sahələrinin əməkdaşları ilə müzakirə olunmuşdur.
13-15 sentyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən "Formula 1" yarışmasında istifadə olunan radioelektron aparatlara maneə yaratmamaq məqsədilə Bakı Teleqüllə Kompleksindən 35-ci, 37-ci və 40-cı TV yayım kanalları vasitəsilə həyata keçirilən HD formatlı rəqəmsal televiziya yayımı müvəqqəti dayandırılmış, bu müddət ərzində yalnız HD formatlı yayım həyata keçirən "Real TV" və "ARB24" televiziya kanallarının yayımı 48-ci TV kanalında SD formatda təmin olunmuşdur.
08-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən COP 29 tədbirində istifadə olunan radiomikrofonların işinə maneə yaratmamaq üçün Bakı Teleqüllə Kompleksindən və "Fatmayı" RTYS-dən bütün TV yayım kanalları vasitəsilə aparılan açıq televiziya yayımı və retranslyasiya xidmətlərinin işində müəyyən dəyişikliklər edilmiş, vericilərin yarı güclə işləməsi təmin olunmuş, gözlənilməz maneələr yarandıqda tam məhdudlaşdırılma həyata keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı"na uyğun olaraq Audiovizual Şuranın 10 sentyabr 2024-cü il tarixli qərarı ilə Bakı Teleqüllə Kompleksi və Ağsu rayonu ərazisində yerləşən "Gülüstan" RTYS-dən DAB+ standartlı rəqəmsal radio yayımı üçün 12-ci TV yayım kanalının 12A alt tezlik zolağı (223,168–224,704 MHs) ayrılmışdır. Hər iki stansiya üzrə 1 kVt gücündə olan radiovericinin əhatə zonası xəritə üzərində çıxarılmış, SFN şəbəkəsinin qurulması imkanları "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İB-in və Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları ilə müzakirə olunmuşdur.
2024-cü ildə Azərbaycan Respublikasında LTE mobil rabitə xidmətlərinin 694-790 MHs radiotezlik zolağında maneəsiz fəaliyyət göstərməsi məqsədilə rəqəmsal yerüstü televiziya yayımı üçün istifadə olunan 48-ci TV yayım kanalından yuxarı kanalların aşağı TV yayım kanalları ilə əvəzlənməsi prosesi davam etmişdir. Audiovizual Şuranın həyata keçirdiyi koordinasiyalı fəaliyyət nəticəsində oktyabr ayında "El TV"-nin "İvanovka" RTYS-dən yayımı 59-cu TV yayım kanalından 29-cu TV yayım kanalına, "Kanal S"-in "Şəki" RTYS-dən yayımı 51-cü TV yayım kanalından 40-cı TV yayım kanalına və "Təpəcənnət" RTYS-dən yayımı 54-cü TV yayım kanalından 48-ci TV yayım kanalına, "Kəpəz TV"-nin "Poylu" RTYS-dən yayımı 56-cı TV yayım kanalından 41-ci TV yayım kanalına keçirilmişdir.
Dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədilə 16 mart 2024-cü il tarixindən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı DVB-T2 standartına keçirilmişdir. Əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunmuşdur.
Yerüstü televiziya yayımında səsin ucalığınının qiymətləndirilməsi üçün müntəzəm olaraq monitorinqlər aparılmışdır. Müxtəlif vaxtlarda bu ucalığı əks etdirən texniki sənədlər yayımçılara təqdim olunmuş, səsin ucalığının bəzi televiziya kanallarında normadan yuxarı və və ya aşağı olması yayımçıların nəzərinə çatdırılmışdır. Bəzi yayımçıların yayımında səsin ucalığının normadan artıq olması aşkar olunmuş və tənzimləmədən sonra bütün ümumölkə televiziya yayım proqramlarında səsin ucalığının eyni olması təmin olunmuşdur.
Audiovizual Şuranın təşkilatçılığı və iştirakı ilə keçirilmiş ölkədaxili görüşlər və tədbirlər
11 yanvar 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda görüş keçirilmişdir. Görüşün məqsədi media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi olmuşdur. Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri", "Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri" mövzularında çıxış etmişlər. Təqdimatlar zamanı görüş iştirakçılarına seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə də ətraflı məlumat verilmişdir.
14 fevral 2024-cü il tarixində Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır. Audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə mövzularında proqramların hazırlanması və yayımlanması ilə bağlı yayımçılara zəruri tövsiyələr verilmiş, həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə olunmuşdur.
16 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Dövlət Məşğulluq Agentliyi və Çoxtərəfli Əməkdaşlıq Memorandumunun tərəfi olan bir sıra media subyektlərinin insan resursları üzrə məsul nümayəndələrinin iştirakı ilə müvafiq Memorandumun icra mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə ilkin əlaqələndirmə görüşü keçirilmişdir. Görüşdə media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri, il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, müvafiq sahədə əmək yarmarkalarının təşkili kimi məsələlər müzakirə olunmuş, onların icra mexanizmi və mərhələləri müəyyənləşdirilmiş, media subyektlərində insan resursları ilə bağlı əsas ehtiyaclar və kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
28 mart 2024-cü il tarixində Audiovizual Şurada AQUPDK yanında İctimai Şuranın sədri Fariz Əkbərov, İctimai Şuranın sədr müavini Nailə İsmayılova və İctimai Şuranın üzvü Vəfa Abbasova ilə görüş keçirilmişdir. Görüşdə televiziya kanallarının efirində nümayiş olunan sosial proqramların yayımı zamanı qadın və uşaq hüquqlarının, ailə institutunun nüfuzunun qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, bu yöndə qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
05 aprel 2024-cü il tarixində Audiovizual Şurada İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə iki tənzimləyici qurum arasında gələcək əməkdaşlıq perspektivləri, telekommunikasiya sahəsində qanunvericilyin təkmilləşdirilməsi üzrə fəaliyyət, telekommunikasiya və audiovizual media subyektlərinin fəaliyyətinin tənzimlənməsi sahəsində, habelə audiovizual yayım üçün ayrılan radiotezliklərin istifadəyə ayrılması istiqamətində iki qurum arasında zəruri kommunikasiyanın qurulması kimi məsələlər müzakirə olunmuşdur.
09 aprel 2024-cü il tarixində AİBNDX və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin və audiovizual mediada reklam xidmətləri göstərən şirkətlərin nümayəndələri üçün yeni qəbul olunmuş Rəqabət Məcəlləsinə dair maarifləndirmə görüşü keçirilmişdir. Görüşdə Rəqabət Məcəlləsi, onun qəbul olunması məqsədi, məcəllədə yer alan yeni anlayışlar, biznes subyektlərinin fəaliyyətinin dünya standartlarına uyğun həyata keçirilməsi üçün yeni məcəllənin faydaları, habelə bütün sahələrdə, o cümlədən audiovizual media sahəsində fəaliyyət edən şəxslərin rəqabət və reklam qanunvericiliyinə riayət etmələrinin vacibliyi və bu istiqamətdə Məcəllənin onların da maraqlarını qoruması barədə məlumatlar verilmiş, müzakirələr aparılmışdır.
25 aprel 2024-cü il tarixində Audiovizual Şurada platforma yayımçılarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı görüş keçirilmişdir. Görüşdə platforma yayımçılarının fəaliyyəti, hüquq və vəzifələri, həmçinin bu istiqamətdə Audiovizual Şuranın həyata keçirdiyi monitorinq və nəzarət tədbirlərinin cari vəziyyətini diqqətə çatdırmışdır. "Media haqqında" və "Reklam haqqında" qanunlarda platforma yayımçılarının fəaliyyətinə aid ola biləcək müddəalar, habelə "Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)" haqqında məlumat verilmişdir. Görüş platforma yayımçılarını maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir.
3 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilmişdir. Açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış etmişlər. Forum "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında təşkil olunmuş panel sessiyalar ilə davam etmişdir. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə keçən "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" sessiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizədə həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bəşəriyyətin ən böyük bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə önəmli məsuliyyət düşdüyü qeyd edilmiş, aidiyyatı dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. Panel sessiya media nümayəndələrinin sualları və mövzu üzrə müzakirələrlə davam etmişdir.
07 may 2024-cü il tarixində Milli Müdafiə Universitetində bir sıra dövlət qurumlarının nümayəndələri üçün “Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilmişdir. Seminarda Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşı Ayxan Sadıqlı audiovizual media, onun tənzimlənməsi və yayım üsulları, eyni zamanda "Media haqqında" Qanununda öz əksini tapmış sahəvi yeni terminlər və anlayışlar haqqında məlumat vermişdir.
04 iyun 2024-cü il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın məqsədi onlayn media subyektləri ilə kommunikasiyanın genişləndirilməsi, həmçinin audiovizual media, onun tənzimlənməsi və Şuranın fəaliyyəti ilə bağlı media nümayəndələrinə daha geniş məlumatın çatdırılması olmuşdur. Azərbaycanda audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimat olunmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təcrübə, media sahəsində dövlətin vəzifələri, media azadlığı, təkzib, düzəliş və cavab vermək hüququ, audiovizual media subyektləri və digər mövzular barədə media nümayəndələrinə ətraflı məlumat verilmişdir.
19 iyul 2024-сü il tarixində Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə milli mətbuatımızın yaranmasına həsr olunmuş "Azərbaycan Milli Mətbuatı - 149" adlı tədbir keçirilmişdir. Tədbirdə Medianın İnkişafı Agentliyi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda təşkil edilmiş müsabiqənin və "MEDİAlab" layihəsi çərçivəsində keçirilmiş Kreativ Media Bakı məzmun müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi ilə bağlı aparılan işlərə dair brifinq keçirilmişdir. Brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Audiovizual Şura, RİNN-in tabeliyində olan "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İB və Dövlət Radiotezliklər İdarəsinin, həmçinin media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak etmişlər. Brifinq "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyətinə həsr olunmuşdur.
08 avqust 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyası, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilmişdir. MSK-nın üzvləri Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər, təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan təşviqat prosesində media subyektlərinin rol və vəzifələrini əhatə edən təqdimatlarla çıxış etmişlər. Aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən tədbirdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, habelə seçki prosesinin müxtəlif mərhələlərində peşəkar media fəaliyyətinin təşkili barədə dolğun məlumat verilmiş, mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır.
19 sentyabr 2024-cü il tarixində Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" adlı seminar keçirilmişdir. Seminarda Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, AQUPDK-nın səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak etmişlər.
26 sentyabr 2024-cü il tarixində DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumların məsul şəxsləri ilə görüş keçirilmişdir. Tədbirdə əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişdir. Audiovizual Şuranı görüşdə Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı təmsil etmişdir. Tədbirdə "İnformasiya müyəssərliyi" mövzusunda müzakirələr keçirilmiş, televiziya proqramlarında işarət dilinin təmin edilməsi, əlilliyi olan şəxslərin informasiyaya əlçatanlığının artırılması və s. istiqamətlərdə fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirmişlər.
08 oktyabr 2024-cü il tarixində Audiovizual Şuranın sədri "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür. Görüşdə audiovizual mediada reklam bazarının hazırki vəziyyəti, onun inkişaf yolları və reklam subyektlərinin maraqlarının təmin olunması məqsədilə sağlam rəqabət mühitinin yaradılmasına dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, reklam sahəsində mövcud problemlər, o cümlədən haqsız, qeyri-dəqiq və gizli reklamdan istifadə hallarının aradan qaldırılmasının vacibliyi qeyd edilmişdir. Görüş zamanı həmçinin, Audiovizual Şura və İctimai Birlik arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin ölkənin reklam bazarının inkişafına müsbət töhfə verə biləcəyi qeyd edilmişdir.
30 noyabr 2024-cü il tarixdə Audiovizual Şura və Medianın İnkişafı Agentliyi COP29 tədbirlərində Azərbaycan mediasının fəaliyyəti ilə bağlı birgə məlumat yaymışdır. COP29-un keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etmiş, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil etmişdir. 2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60000-ə yaxın link yaradılmış, bunlardan 42000-ə yaxını azərbaycandilli, 10600-dən çoxu rusdilli, 7300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilmişdir. İnformasiya agentliklərinin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunmuş, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanmışdır. Sammitin ilk günündən etibarən media subyektlərinin sosial şəbəkə hesablarında ölkənin informasiya məkanında əsas mövzuya çevrilmiş COP29-la bağlı aktiv paylaşımlar edilmiş, həmin materiallar da daxil olmaqla, iki həftə ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində COP29-la bağlı paylaşımlara 10 milyondan artıq istifadəçi reaksiyası müşahidə olunmuşdur. Televiziya kanalları COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırmışlar. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olmuşdur. Ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlamışlar. Ümumilikdə, "AZTV"-də 1234, "Real TV"-də 900, "AnewZ"-da 840, "ARB24"-də 759, "Baku TV"-də 757, "CBC TV"-də 429, "ATV"-də 326, "İTV"-də 321, "Xəzər TV"-də 295, "Space TV"-də 149, "ARB"-də 91 material yayımlanmışdır. Ölkə kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanmışdır. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan "MARSA LTD" şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olmuş, ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil etmişdir.
11 dekabr 2024-cü il tarixdə RİNN və Audiovizual Şuranın təşkilatçılığı ilə "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" mövzusunda seminar keçirilmişdir. Seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, audiovizual yayımçılara göstərilən dövlət dəstəyi sayəsində əldə olunnuş nailiyyətlərə nəzər salınmış və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, RİNN-in, Audiovizual Şuranın, RİNN-in tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak etmişdir.
24 dekabr 2024-cü il tarixində Audiovizual Şura və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizə mövzusunda televiziya proqramlarının hazırlanması işinin təşkilinə dair seminar keçirilmişdir. Tədbirə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Mərkəzinin təmsilçiləri və 15-dən çox audiovizual media subyektinin nümayəndələri iştirak etmişlər.
Bundan başqa, Audiovizual Şura 2024-cü il ərzində 5 dəfə (29 fevral, 18 aprel, 15 may, 24 oktyabr və 4 dekabr) BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil etmişdir. Seminarlarda Azərbaycanda media, o cümlədən audiovizual medianın tənzimlənməsi, hüquqi çərçivələr, media azadlığı və jurnalist etikası, süni zəka və media savadlılığı kimi mövzular üzrə təqdimatlar edilmiş, tələbələri maraqlandıran suallara cavab verilmişdir.
Beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət, xarici qonaqlarla görüşlər və ölkəxarici tədbirlərdə iştirak
İl ərzində xarici ölkələr, beynəlxalq təşkilatlar və tənzimləyici qurumlardan Audiovizual Şuraya ünvanlanmış məktub və sənədlər tərcümə olunmuş, sorğular cavablandırılmış, xarici təşkilatlarla rəsmi yazışmalar aparılmışdır. Bundan əlavə olaraq, xarici əməkdaşlıq istiqamətində bir sıra tədbirlərdə, toplantılarda, görüşlərdə fəaliyyət aparılmışdır.
18 yanvar 2024-cü il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndəsi, media üzrə analitiki Yeqor Tilpunov ilə görüşmüşdür. Audiovizual Şuranın sədri "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, yeni media subyektlərinin lisenziyalaşdırılması, internet televiziya və radio fəaliyyətinin sərbəst olması, yalnız müraciət əsasında həmin fəaliyyətin lisenziyalaşdırılması haqqında məlumat vermişdir. Görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilmişdir.
6 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə "Media haqqında" Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verilmiş, Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə yeniliklər qonaqların diqqətinə çatdırılmışdır. Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.
26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iyirminci iclasının Protkolunun razılaşdırılması məqsədilə video-formatda ekspertlərin görüşü keçirilmişdir. Görüşdə Audiovizual Şuranı Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova təmsil etmişdir.
05-08 mart 2024-cü il tarixlərdə Serbiya Respublikasının audiovizual və elektronik media üzrə tənzimləyici qurumu olan REM-in nümayəndə heyəti Audiovizual Şuranın dəvəti ilə Bakıya səfər etmişdir. Nümayəndə heyətinin tərkibində REM-in prezidenti xanım Olivera Zekiç, REM-in ümumi məsələlər və İT üzrə rəhbəri cənab Vladimir Tomiç, REM-in monitoriq və təhlil şöbəsinin rəhbəri cənab Stevika Smederevak, REM-in beynəlxalq məsələlər üzrə koordinatoru xanım Yelena Kolo Yovanoviç təmsil olunmuşlar. 5 mart tarixində qonaqlara Audiovizual Şurada görüş keçirilmişdir. Qonaqlara Azərbaycanda media sahəsində son illər aparılan islahatlar, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual media sahəsində yeniliklər barədə ümumi məlumat verilmişdir. "Azərbaycanda audiovizual medianın tənzimlənməsi" adlı təqdimat qonaqlara nümayiş etdirilmişdir. Görüşdə Audiovizual Şura və REM arasında əməkdaşlıq memorandumunun imzalanmasının mümkünlüyü və qarşılıqlı əlaqələrin inkişafında onun rolu barədə fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində serbiyalı qonaqlar Medianın İnkişafı Agentliyində, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndə, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında da maraqlı görüşlər keçirmişlər.
12-13 mart tarixlərində Cenevrədə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının icrasına dair Azərbaycan Hökumətinin məruzəsi təqdim edilmişdir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov da iştirak etmişdir. Sessiyada Anar Kərimov BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının icrasına dair Azərbaycan Hökumətinin dövri məruzəsini təqdim etmişdir. Daha sonra Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsinin üzvləri tərəfindən verilən suallar da cavablandırılmışdır. Audiovizual mediada əlilliyi olan şəxslərə aid məsələlərin işıqlandırılması ilə bağlı suallara Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov cavab vermişdir. O, Azərbaycanda televiziya yayımında son illər bu sahə ilə bağlı yenilikləri diqqətə çatdırmış, iki ümümölkə televiziya kanalında yayımlanan bəzi xəbər buraxılışlarının işarət dili tərcüməsinin müşayiəti ilə təqdim olunduğunu, bir çox televiziya kanallarının əsas xəbər buraxılışlarının qaçan sətir xəbərləri ilə müşayiət olunmasını, son 1 ildə Azərbaycan televiziya kanallarında əlilliyi olan şəxslərin problemlərinə həsr olunmuş 100-dən çox süjet, reportaj və ya proqramın yayımlandığını, bəzi televiziya kanallarında bu mövzuya həsr olunan və mütəmadi efirdə olan proqramların mövcudluğunu qeyd etmişdir.
29 aprel 2024-cü il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov və aparat rəhbəri Fazil Novruzov Türkiyə Respublikasının media tənzimləyici qurumu olan Radio Televiziya Ali Şurasının (RTÜK) yaranmasının 30 illik yubiley tədbirində iştirak etmişlər. RTÜK-ün inzibati binasında təşkil olunan yubiley tədbirində RTÜK-ün üzvləri və əməkdaşları ilə yanaşı, Azərbaycan, Albaniya, Şimali Kipr tənzimləyici qurumlarından rəsmi nümayəndələr də iştirak etmişlər.
16-19 may 2024-cü il tarixlərində Audiovizual Şuranın sədri İsmət Səttarovdan, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovdan və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevdən ibarət nümayəndə heyəti Mərakeş Krallığında işgüzar səfərdə olmuşdur. Mərakeş Krallığının audiovizual media üzrə tənzimləyici qurumu olan HACA-nın dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin HACA prezidenti xanım Lətifə Axarbaş ilə görüşü baş tutmuşdur. Görüşdə iki ölkənin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı faydalı fikir və təcrübə mübadiləsi, media qurumları arasında birbaşa əlaqalərin təşviq olunması və əməkdaşlığın digər istiqamətləri müzakirə olunmuşdur. Səfər çərçivəsində nümayəndə heyətinin həmçinin Mərakeş Krallığının dövlət informasiya agentliyində (MAP), habelə böyük media qurumlarında işgüzar görüşlər keçirmişlər.
27-30 may 2024-cü il tarixlərində Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, həmçinin bir sıra dövlət qurumlarının məsul şəxslərindən ibarət nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan "İnformasiya xidmətləri 2024: milli və beynəlxalq təcrübə" adlı seminarda iştirak etmişlər. Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi tərəfindən təşkil olunan tədbirdə Türk Dövlətləri Təşkilatı ölkələrinin müvafiq qurumları arasında səmərəli kommunikasiyanın qurulması, qarşılıqlı informasiya mübadiləsi və dialoqun aparılması əsas mövzulardan olmuşdur. Seminarda Medianın İnkişafı Agentliyinin departament müdiri Rasim Bağırov Azərbaycanda KİV-lər, medianın inkişafı tendensiyaları, dövlət qurumları ilə media arasında əlaqələr barədə təqdimatla çıxış etmişdir. Bundan başqa, Türkiyə, Qazaxıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələrinin məruzələri dinlənilmişdir.
5-8 iyun 2024-cü il tarixlərində Niderland Krallığının Rotterdam şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 59-cu Toplantısı keçirilmişdir. Audiovizual Şuranı toplantıda aparat rəhbəri Fazil Novruzov təmsil etmişdir. Tədbir çərçivəsində keçirilən plenar sessiyalarda "Media savadlılığı və seçkilər" və "Süni zəka və media tənzimləyicisi" mövzularının müzakirəsi aparılmışdır. Son illər süni zəkanın tətbiqi ilə bağlı yaranan imkanlar və çağırışlar, habelə tənzimləyici qurumların bu yeniliklərə hazır olmaları üçün zəruri alətlər və mexanizmlər EPRA çərçivəsində geniş diskussiyaların predmetidir.
11 iyun 2024-cü il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir ilə görüşmüşdür. Yeni təyinatı münasibətilə qonağı təbrik edən və uğurlar arzulayan İsmət Səttarov Şuranın fəaliyyəti, eyni zamanda audiovizual media sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Şura sədri, iki ölkənin media sektorunda fəaliyyət göstərən rəsmi qurumları arasında, xüsusilə RTÜK ilə Audiovizual Şura arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki qardaş ölkənin münasibətlərinin hazırki vəziyyətinin bütün istiqamətlər üzrə olduğu kimi media sahəsində də məmnunluq doğurduğunu qeyd etmişdir. Cihangir İşbilir audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün Səfirliyin hər cür dəstək verməyə hazır olduğunu bildrimişdir.
14 avqust 2024-cü il tarixində Audiovizual Şurada ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilmişdir. Aparat rəhbəri Fazil Novruzov qonağa Audiovizual Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat vermişdir. Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilmiş və digər məsələlərə dair müzakirələr aparılmışdır.
12 sentyabr 2024-cü il tarixində Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova EPRA tərəfindən video formatda təşkil edilən "Video Paylaşım Platformaları və tənzimləmə" mövzusunda seminarda iştirak etmişdir.
24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində "Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə" mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilmişdir. Forumda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Azərbaycan Prezidenti Administrasiyasının Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, "Azərtac"ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, həmçinin televiziya kanallarının və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər. Audiovizual Şuranın sədri İsmət Səttarov "Media və kommunikasiya sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunmuş panel sessiyada çıxış etmişdir. Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşü baş tutmuşdur. Görüşdə iki ölkə arasında media və kommunikasiya sahələrində effektiv və genişmiqyaslı əlaqələrin qurulması, həmçinin informasiya-kommunikasiya sferasında qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparılmış, spesifik layihələrin icrasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
08 oktyabr 2024-cü il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov Belarus Respublikasının "Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik ilə görüşmüşdür. Görüşdə Audiovizual Şuranın vəzifə və funksiyaları, audiovizual media sahəsinin tənzimlənməsi, eyni zamanda bu sahədə aparılan fəaliyyət barədə ətraflı məlumat verilmişdir. "Belarus 24" beynəlxalq kanalının rəhbəri Pavel Lazovik səmimi qəbula görə təşəkkürünü bildirmiş və audiovizual media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etmişdir.
28 oktyabr 2024-cü il tarixində "İvi" xidmətinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi məqsədilə "İvi.ru" şirkətinin baş direktoru Mixail Platonov və hüquq şöbəsinin müdiri Anna Fetisova ilə video formatda görüş keçirilmişdir. Görüşdə Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov və müdir müavini Cəmilə Qəhrəmanova iştirak etmişlər.
29 oktyabr 2024-cü il tarixində "Yandex Plus" xidmətinin Azərbaycan ərazisində fəaliyyəti ilə bağlı video formatda görüş keçirilmişdir. Onlayn görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, aparat rəhbəri Fazil Novruzov, Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova iştirak etmişlər. Görüş zamanı "Yandex Plus"un baş direktoru Vladimir Qorbunov və "Yandex Plus"un dövlət orqanları ilə əlaqələr üzrə direktoru Elina Şeyqas ilə Azərbaycan Respublikasında "KinoPoisk" və "Yandex Music" media xidmətlərinin lisenziyalaşdırılması üzrə atılacaq addımlar haqqında danışıqlar aparılmışdır.
5 noyabr 2024-cü il tarixində "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"a uyğun olaraq Qazaxıstan televiziya kanallarının Azərbaycanda, Azərbaycan televiziya kanallarının isə Qazaxıstanda yayımlanması imkanlarının müzakirəsi məqsədilə Qazaxıstan və Azərbaycan məsul qurumlarının nümayəndələri arasında onlayn formatda toplantı keçirilmişdir. Onlayn toplantıda Audiovizual Şuranın sədri İsmət Səttarov, "CBC" televiziya kanalının baş direktoru Vüqar Xəlilov, Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) nümayəndəsi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin sədri Meyrlan Rəxanov və sədrin müavini Mukajan Əlişer iştirak etmişlər.
16-19 dekabr 2024-cü il tarixlərdə Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) sədri Lətifə Axarbaşun rəhbərlil etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. 17 dekabr tarixində Audiovizual Şurada Mərakeşli qonaqlarla görüş keçirilmişdir. İki tərəfli görüş zamanı iki tənzimləyici qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Qonaqlara Azərbaycanda audiovizual media sahəsi ilə bağlı geniş təqdimat verilmişdir. Görüşün yekununda Audiovizual Şura ilə HACA arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Sənədi Audiovizual Şuranın sədri İsmət Səttarov və HACA sədri Lətifə Axarbaş imzalamışlar. Mərakeşli qonaqların Bakıya səfəri çərçivəsində onlar Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Media Savadlılığı" konfransında, habelə konfrans çərçivəsində keçirilən "Süni İntellekt və Media Savadlılığı" mövzusunda dəyirmi masada iştirak etmişlər. Bundan başqqa, HACA nümayəndə heyəti 18 dekabr 2024-cü il tarixində "AnewZ" televiziya kanalını və "Marsa Ltd" şirkətini ziyarət etmişdir.
18-19 dekabr 2024-cü il tarixlərdə Azərbaycan nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak etmişdir. Toplantıda Audiovizual Şuranı sədrin müşaviri Haşim Əliməmmədzadə təmsil etmişdir.
Digər fəaliyyət
Audiovizual Şura 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Audiovizual mediada uşaq hüquqlarının qorunması" adlı məlumat kitabçası nəşr etdirmişdir. Nəşrin məqsədi uşaqların hüquq və maraqlarının müdafiəsinə, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasına töhfə vermək olmuşdur. Uşaq mövzusu, xüsusilə uşaqların zərərli informasiyalardan qorunması məsələsi Audiovizual Şuranın fəaliyyətində prioritet təşkil edir, audiovizual media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər, o cümlədən seminar, dəyirmi masa və təlimlər həyata keçirilir. Eyni zamanda, audiovizual media subyektləri tərəfindən hazırlanan proqramlarda uşaq hüquqlarının qorunması mövzusunu daim diqqətdə saxlanılır. Kitabçada əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Həmçinin, BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası, dünyadakı uşaqların hüquqlarının inkişaf etdirilməsində medianın rolunun gücləndirilməsinə həsr edilmiş "Oslo çağırışı", Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları, "Uşaq hüquqları haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Media haqqında" Azərbaycan Respublikasının qanunlarından çıxarışlar yer almışdır.
28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, Audiovizual Şuraya 2,5 milyon (iki milyon beş yüz min) manat maliyyə vəsaiti ayrılmışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə 29 dekabr 2024-cü il tarixdə Audiovizual Şuranın iclası keçirilmiş və qəbul olunmuş müvafiq qərar ilə ayrılmış 2,5 milyon manat maliyyə vəsaiti 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər bölünmüş və icra edilmişdir.
Müraciətlərlə iş, insan resursları və elektron xidmətlər
Audiovizual Şura aparatının İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsi "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ı və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq 2024-cü il ərzində müvafiq sənədləşmə işlərini aparmışdır.
İl ərzində Audiovizual Şuraya 893 məktub və sənəd daxil olmuşdur. Daxil olan məktublardan 175-i vətəndaş müraciətləri, 26-ı normativ hüquqi sənədlər, 75-i Prezident Administrasiyasından və Nazirlər Kabinetindən məlumat və tövsiyə xarakterli sənədlər, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan, audiovizual media subyektlərindən daxil olan müxtəlif xarakterli məktublar olmuşdur.
Audiovizual Şura tərəfindən il ərzində ölkənin ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə 812 məktub göndərilmişdir. Bunlardan 345-i audiovizual media subyektlərinə tövsiyə, tapşırıq və məlumat xarakterli, 160-ı vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli məktublardır.
21 iyun 2024-cü ildən Audiovizual Şuranın Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması tam təmin olunmuşdur.
2024-cü ildə 4 dövlət qulluqçusunun əmək müqaviləsinə xitam vermiş, 3 əməkdaşla yeni əmək müqaviləsi bağlanmış, 3 işçinin vəzifəsində irəliləyişlə bağlı onlarla yenidən əmək müqaviləsi bağlanmışdır. Audiovizual Şura aparatında inzibati vəzifələrin tutulması ilə bağlı 7 müsahibənin keçirilməsi təşkil edilmişdir.
İnsan resurslarının planlaşdırılması sistemində (www.erp.gov.az), əmək müqavilələri bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi sistemində (www.emas.sosial.gov.az), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaların yeni müqavilələrinin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində (www.isb.az), Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluqçularının reyestri sistemində (www.reyerstr.dim.gov.az) və dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində (www.exidmet.dim.gov.az/VIS) müvafiq işlər aparilmışdır.
Maddi-texniki təminat və maliyyə məsələləri
Audiovizual Şuranın inzibati binası icarə əsasında A.M.Şərifzadə küçəsi 315 ünvanında yerləşən 4-mərtəbəli ofis binasında yerləşir. İl ərzində şöbələrin sifarişlərinə uyğun olaraq lazım olan ehtiyatlar, dəftərxana ləvazimatları və təsərrüfat malları ilə təminat məsələləri həll edilmişdir. Alınan mallar təyinatı üzrə paylanmış və iş otaqlarında yerləşdirilmişdir. Audiovizual Şuranın 2024-cü il üzrə maliyyə hesabatının yanvar ayında sonunda rəsmi veb-saytda yerləşdirilməsi planlaşdırılır.