Audiovizual media subyektləri və reklam agentliklərinin nümayəndələri üçün yeni qəbul olunmuş Rəqabət Məcəlləsinə dair maarifləndirmə görüşü keçirilmişdir
09 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin və audiovizual mediada reklam xidmətləri göstərən şirkətlərin nümayəndələri üçün yeni qəbul olunmuş Rəqabət Məcəlləsinə dair maarifləndirmə görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev cari ilin iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin əhəmiyyətindən, onun qəbul edilməsi zərurətindən söz açmış, məcəllənin əhatə istiqamətlərindən, habelə məcəllə qüvvəyə minənədək müxtəlif sahələrdə fəaliyyət edən təsərrüfat subyektləri üçün qanunvericiliyin izah olunması istiqamətində maarifləndirici görüşlərin təşkilindən danışmışdır.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında mövcud sıx əməkdaşlıqdan, audiovizual media subyektləri tərəfindən reklam və rəqabət qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə iki qurum tərəfindən həyata keçirilən birgə monitorinqlərdən, onların müsbət nəticələrindən danışmış, həmçinin, birgə təşkil olunan maarifləndirmə seminarlarının əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul əməkdaşları Rəqabət Məcəlləsi, onun qəbul olunması məqsədi, məcəllədə yer alan yeni anlayışlar, biznes subyektlərinin fəaliyyətinin dünya standartlarına uyğun həyata keçirilməsi üçün yeni məcəllənin faydaları, habelə bütün sahələrdə, o cümlədən audiovizual media sahəsində fəaliyyət edən şəxslərin rəqabət və reklam qanunvericiliyinə riayət etmələrinin vacibliyi və bu istiqamətdə Məcəllənin onların da maraqlarını qoruması barədə geniş təqdimatla çıxış etmişlər. Təqdimat çərçivəsində Rəqabət Məcəlləsində yer alan yeniliklər və onların bütün sahələrdə olan təsərrüfat fəaliyyətinə müsbət təsirlərinin olacağı iştirakçıların diqqətinə çatdırılmışdır.