Azərbaycan Respublikası Audiovizual Şurası

SADƏ PLATFORMA OPERATORU

Sadə platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Sadə platforma operatoru yalnız bir üsulla retranslyasiya həyata keçirə bilər.

Sadə platforma operatoru müqavilə əsasında istifadəçiyə xarici audiovizual yayımçıların proqramlarının satışını həyata keçirir. Sadə platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.

Sadə platforma operatoru ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarını ölkə üzrə, regional yerüstü televiziya yayımçılarının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir.

Sadə platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.

Sadə platforma operatoru "Media haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən sadə platforma operatoru lisenziyası əsasında fəaliyyət göstərir.

Sadə platforma operatoru lisenziyasının alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edilir:

 

Fiziki şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış, fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Fiziki şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • Fiziki şəxsin tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  • Fiziki şəxsin xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, fiziki şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) vəzifəyə təyin olunması haqqında sənədin (qərar, əmr, sərəncam və s.) surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Operator xidmətinin (brendinin) logotipi və ya emblemi (elektron versiyada – JPEG şəkil formatında);
  • Operator barədə (operatorun ünvanı, əlaqə vasitələri, fəaliyyət ərazisi, yayım üsulu və s.) fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məlumat;
  • Retranslyasiya olunacaq xarici və yerli audiovizual yayımçıların proqramlarının (kanalların) fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş siyahısı;
  • Xarici audiovizual yayımçıların proqramlarının (kanalların) retranslyasiyasına icazə verən rəsmi sənəd (müqavilə, lisenziya və s.) və ya lisenziya aldıqdan sonra 2 ay müddətində həmin sənədlərin Şuraya təqdim olunacağı öhdəliyini göstərən fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məktub;
  • Operatorun fəaliyyətinə Şura tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə lisenziya aldıqdan sonra 1 ay müddətində həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin olunacağı ilə bağlı fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş öhdəlik məktubu və ya bunun həyata keçirilməsinin texniki olaraq qeyri-mümkünlüyünü (səbəblər ətraflı göstərilməklə) bildirən fiziki şəxsin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş açıqlama məktubu.

 

Hüquqi şəxs olarsa:

  • Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş müşayiət məktubu;
  • Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin adı, hüquqi ünvanı və əlaqə vasitələri;
  • Hüquqi şəxsin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin (şəxslərin) nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
  • Hüquqi şəxsin təsisçisi və ya payçısı olan hüquqi şəxsin təsisçisi və ya payçısı olan fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin surəti; tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri; məhkumluğunun olub-olmaması barədə arayış;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) vəzifəyə təyin olunması haqqında sənədin (qərar, əmr, sərəncam və s.) surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) şəxsiyyət vəsiqəsinin surəti;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) tərcümeyi-halı, yaşadığı və qeydiyyatda olduğu ünvanı, əlaqə vasitələri;
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) xüsusi kateqoriyalı fərdi məlumatlarının (ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkumluq, habelə ödənilməmiş və götürülməmiş məhkumluq) əldə olunmasına razılığını ehtiva edən, şəxsin özü tərəfindən imzalanmış ərizə (ərizə forması təqdim olunur);
  • İdarəetmə orqanının rəhbərinin (direktor, icraçı direktor, baş direktor) ali təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Operator xidmətinin (brendinin) logotipi və ya emblemi (elektron versiyada – JPEG şəkil formatında);
  • Operator barədə (operatorun ünvanı, əlaqə vasitələri, fəaliyyət ərazisi, yayım üsulu və s.) hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məlumat;
  • Retranslyasiya olunacaq xarici və yerli audiovizual yayımçıların proqramlarının (kanalların) hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş siyahısı;
  • Xarici audiovizual yayımçıların proqramlarının (kanalların) retranslyasiyasına icazə verən rəsmi sənəd (müqavilə, lisenziya və s.) və ya lisenziya aldıqdan sonra 2 ay müddətində həmin sənədlərin Şuraya təqdim olunacağı öhdəliyini göstərən hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş məktub;
  • Operatorun fəaliyyətinə Şura tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə lisenziya aldıqdan sonra 1 ay müddətində həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin olunacağı ilə bağlı hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş öhdəlik məktubu və ya bunun həyata keçirilməsinin texniki olaraq qeyri-mümkünlüyünü (səbəblər ətraflı göstərilməklə) bildirən hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş açıqlama məktubu.

 

Təqdim edilmiş sənədlərə qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində Şura tərəfindən baxılır və lisenziyanın verilməsi və ya verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunur.