Azərbaycan Respublikası Audiovizual Şurası

Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilmişdir

 

15 aprel 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilmişdir.

BRAF - region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin bir araya gəldiyi toplantının əsas mövzusu "Media xidmətlərində uşaqların müdafiəsi" olmuşdur.

Toplantının açılış mərasimində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov iştirakçıları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu bildirmiş, media xidmətlərində uşaqların müdafiəsi mövzusunun aktuallığını vurğulamış və bu sahəyə dövlət tərəfindən göstərilən xüsusi diqqət və dəstək haqqında məlumat vermiş, həmçinin bu məsələdə təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə etmişdir.

Daha sonra BRAF-ın Baş katibi xanım Dəniz Güçer və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin birinci müavini xanım Merve Səfa Kavakçı açılış nitqləri ilə çıxış etmişlər. Açılış mərasimindən sonra Audiovizual Şura tərəfindən hazırlanmış məlumatlandırıcı videoçarx nümayiş etdirilmişdir.

BRAF-ın Daimi Katibliyinin nümayəndəsi 2023-cü ildə Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının Radio Televiziya Ali Şurasının (RTÜK) ev sahibliyi ilə keçirilmiş BRAF-ın 10-cu toplantısına həsr olunmuş hesabatı qonaqlara təqdim etmişdir. Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev "Azərbaycanda media mühiti və yayım tənzimlənməsi sahəsində son yeniliklər" mövzusunda geniş təqdimatla çıxış etmiş, qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Tədbir zamanı, eyni zamanda üzv ölkələrin tənzimləyici qurumlarının nümayəndələri tərəfindən ölkələrində audiovizual media sahəsində baş vermiş son yeniliklər barədə ölkə hesabatları təqdim olunmuşdur.

Təqdim olunan hesabatlardan  sonra BRAF-ın dövri sədrliyinə namizədlik məsələsi müzakirə olunmuş və Forumun 2025-2026-cı illər üçün dövri sədrliyi Albaniyanın Audiovizual Media Qurumuna (AMA) keçmişdir.

Toplantının 2-ci hissəsində Audiovizual Şuranın sədrinin müşaviri Haşim Əliməmmədzadə Azərbaycanda uşaq mediası, uşaqların zərərli informasiyadan qorunması, bu sahədə mövcud qanunvericiliyin tətbiqi və Audiovizual Şuranın bu istiqamətdə gördüyü işlərdən bəhs edən "Media xidmətlərində uşaqların müdafiəsi və Audiovizual Şura" adlı geniş təqdimatla çıxış etmişdir. Daha sonra toplantı öz işini panel sessiyaları ilə davam etdirmişdir.

Birinci panel "Uşaqların müdafiəsi üçün hüquqi baza və bunun səmərəli tətbiqi" mövzusuna həsr olunmuşdur. Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə Tənzimləyici Qurumunun (REM) beynəlxalq məsələlər üzrə koordinatoru xanım Yelena Kolo Yovanoviçin moderatorluğu ilə baş tutan paneldə RTÜK-ün vitse-prezidenti Dəniz Gülər, Albaniya Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi, Yunanıstanın Radio və Televiziya üzrə Milli Şurasının (NCRT) hüquqi məsələlər üzrə eksperti xanım Teodora Papadaki, Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə Tənzimləyici Qurumunun (REM) hüquqi məsələlər üzrə direktor müavini Saşa Simoviç və Moldova Respublikasının Audiovizual Şurasının (CA) sədr müavini xanım Aneta Gonta tərəfindən uşaqların müdafiəsi üçün hüquqi baza ilə bağlı müzakirələr aparılmışdır.

Daha sonra Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə "Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu" mövzusunda ikinci panel sessiya təşkil edilmişdir. Panel sessiyada Audiovizual Şura Aparatının rəhbəri Fazil Novruzov, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin  (CEDAW) üzvü Elgün Səfərov, Bolqarıstanın Elektron Media Şurasının (CEM) baş eksperti İliya Lyutskanov, Gürcüstanın Kommunikasiyalar Komissiyasının (ComCom) baş mütəxəssisi Tinatin Tçatçukaşvili və Rumıniyanın Milli Audiovizual Şurasının (NAC) üzvü Luçian Dindirika tərəfindən sözügedən mövzu ilə bağlı üzv ölkələrdə olan vəziyyət haqqında məlumat verilmiş və bu istiqamətdə müzakirələr keçirilmişdir.