Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etmişdir
23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Audivizual mediada uşaq hüquqları" mövzusunda seminar-təlim təşkil etmişdir.
Əvvəlcə BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxış etmiş, Audiovizual Şura ilə üç ildir davam edən qarşılıqlı əməkdaşlığın önəmini vurğulamışdır. O, bildirmişdir ki, təlim-seminarların təşkili tələbələrin praktiki biliklərinin inkişaf etdirilməsi, seçdikləri peşənin sirrlərinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev mediada uşaqların qorunması istiqamətində Şuranın son illər gördüyü işlər, keçirdiyi tədbirlər, o cümlədən, bu yaxınlarda Bakıda təşkil edilmiş "Media xidmətlərində uşaqların qorunması" mövzusuna həsr edilmiş Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı barədə ətraflı məlumat vermişdir. Taleh Quliyev, Şura tərəfindən Azərbaycan və ingilis dillərində nəşr etdirilən “Audiovizual mediada uşaq hüquqlarının qorunması” adlı kitabçalar, həmçinin televiziya və radio yayımçıları üçün Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında danışmışdır.
Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada uşaq hüquqlarının qorunması" mövzusunda geniş təqdimat etmişdir. Ayxan Sadıqlı tələbələrə audiovizual media subyektləri və onlarının fəaliyyətində uşaq hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin tələbləri və icra mexanizmləri ilə bağlı ətraflı məlumat vermişdir. O, həmçinin dövlətin uşaq siyasəti, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması haqqında danışmışdır.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı ilə davam etmişdir. "Audiovizual mediada uşaq hüquqlarının qorunması" adlı kitabçalar jurnalistika fakultəsinin kitabxanasına hədiyyə edilmişdir.
Qeyd edək ki, BDU-da mütəmadi olaraq təşkil edilən seminarlar Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq keçirilir.