Azərbaycan Respublikası Audiovizual Şurası

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, ictimai televiziya və radio yayımı Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı əsasında həyata keçirilir.

2. Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə ictimai televiziya və radio yayımının Yayım şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilsin.

3.  Müəyyən edilsin ki:

3.1. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.5-17.2.9-cu maddələrində nəzərdə tutulmuş təşkilatlar qruplarında Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi işinin təşkilini Milli Televiziya və Radio Şurası həyata keçirir;

3.2.  həmin Qanunun 22.1-ci, 22.2-ci, 22.3-cü və 22.4-cü maddələrində nəzərdə tutulmuş "televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı"nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir.

3.3. həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.[1]

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan qanunvericilik aktlarının "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. "İctimai  televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş məqsədlə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə məxsus əmlakın və avadanlığın bölüşdürülməsi üçün komissiya yaratsın və əmlak bölgüsünü təşkil etsin;

4.5. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin statusu və gələcək fəaliyyəti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.6. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.7. öz səlahiyyətləri daxilində "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Azərbaycan Milli Elmlər Akademiyasına, Mətbuat Şurasına, Sahibkarlar Şurasına, gənclər təşkilatlarına, qadın cəmiyyətlərinə, idman federasiyalarına, dini konfessiyalara və yaradıcılıq təşkilatlarına tövsiyə edilsin ki, bir ay müddətində Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2004-cü il

                       №  141

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 3.3-cü bənd əlavə edilmişdir.