İkitərəfli əməkdaşlıq
Beynəlxalq və regional səviyyədə mövcud olan forum və platformalarda iştirak ilə yanaşı ikitərəfli əməkdaşlıq da audiovizual media sahəsini tənzimləyən qurumlara fikir və qabaqcıl təcrübə mübadiləsi həyata keçirməyə və davamlı dialoq aparmağa imkan yaradır.
Azərbaycan Respublikası Audiovizual Şurası bir sıra dövlətlərin media tənzimləyici orqanları ilə qarşılıqlı əlaqələr qurur. Prioritet istiqamət kimi Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) ilə əməkdaşlıq inkişaf etdirilir. Hazırda bu əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir.
Bundan əlavə, Audiovizual Şura Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası (ComCom), Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası (NTRBC), Moldovanın Audiovizual Şurası (CA), Albaniyanın Audiovizual Media Tənzimləyici Qurumu (AMA) və digər qurumlarla mütəmadi və işgüzar əməkdaşlığı davam etdirir. Mərkəzi Asiya ölkələrinin tənzimləyici qurumları - Özbəkistan Respublikasının Kütləvi Kommunikasiyalar üzrə Dövlət Agentliyi və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsi ilə də sıx əlaqələr formalaşdırılmışdır.
Son illərdə Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Orqanı (HACA), Serbiya Respublikasının Elektron Media üzrə Tənzimləyici Orqanı (REM) və Çin Xalq Respublikasının Radio və Televiziya üzrə Baş Dövlət İdarəsi ilə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. İkitərəfli formatlar tənzimləyici yanaşmaların uzlaşdırılmasına, qabaqcıl təcrübələrin operativ mübadiləsinə və davamlı peşəkar dialoqun qurulmasına şərait yaradır. Praktik əməkdaşlığın dərinləşdirilməsi və qabaqcıl təcrübə mübadiləsi məqsədilə mütəmadi olaraq qarşılıqlı işgüzar səfərlər, işçi görüşlər və ekspert məsləhətləşmələri həyata keçirilir.
Aparılan mütəmadi kommunikasiya, habelə digər sahələrdə də əlaqələrin genişlənməsinin nəticəsi olaraq bir sıra tənzimləyici orqanlarla mövcud əməkdaşlıq daha yüksək mərhələyə yüksəlmişdir. Belə ki, 17 dekabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Audiovizual Şurası və Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Orqanı arasında Əməkdaşlıq haqqında Memorandum, 24 iyun 2025-ci il tarixdə Pekin şəhərində Çin Xalq Respublikasının Radio və Televiziya üzrə Baş Dövlət İdarəsi ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında Əməkdaşlıq haqqında Memorandum sənədləri imzalanmışdır. Həmin sənədlər müvafiq ölkələrin audiovizual media sahəsi üzrə tənzimləyici qurumları arasında münasibətləri daha yüksək səviyyəyə daşıyır, həmin ölkənin audiovizual media təşkilatları arasında əlaqələrin yaradılmasının və əməkdaşlığın genişləndirilməsinin təşviq olunması, audiovizual media sahəsində tənzimləmə istiqamətində təcrübə, bilik və fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Audiovizual Şurası və Serbiya Respublikasının Elektron Media üzrə Tənzimləyici Orqanı arasında Əməkdaşlıq haqqında Memorandum sənədi hər iki tərəfdən razılaşdırılmış və yaxın zamanlarda imzalanması nəzərdə tutulur.