Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilmişdir.

20 may 2025-ci il tarixində Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunmuşdur.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilmiş, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirmişlər.

Müzakirələrin sonunda həyata keçirilən işlərlə bağlı daimi kommunikasiyanın saxlanılması, bu istiqamətdə mövcud çətinliklər və onların qarşılıqlı əməkdaşlıq formatında aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdur.