"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2021-ci il
№ 257-VIQ
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası və Türkiyə Respublikası (bundan sonra “Tərəflər” adlandırılacaq) medianın iki ölkənin xalqları arasındakı dostluq əlaqələrini və qarşılıqlı anlayışı inkişaf etdirməkdə oynadığı mühüm rolunu nəzərə alaraq, mövcud dostluq münasibətlərini gücləndirmək və iki ölkə arasında media sahəsində əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə “Birgə Media Platforması”nın yaradılması çərçivəsində aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Platformanın məqsədi
- Bu Anlaşma Memorandumu iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində Tərəflər arasında aparılacaq əməkdaşlıq üzrə ümumi müddəaları müəyyənləşdirir.
- Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.
Maddə 2
Platformanın əhatə dairəsi
Tərəflər, yaradılacaq Birgə Media Platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçirəcəkdir:
- media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması,
- iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması,
- beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması,
- televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi,
- müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması,
- peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi,
- iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Maddə 3
Platformanın tətbiqi
- Bu Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Tərəflər arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü əhatəli planın hazırlanması üçün birgə İşçi Komissiya yaradılır.
- Birgə İşçi Komissiya aşağıdakı məsələlər çərçivəsində fəaliyyətini davam etdirəcəkdir:
- Tərəflər, bu Anlaşma Memorandumu çərçivəsində Birgə İşçi Komissiyanın hər iclasından əvvəl iclasın gündəliyini və bu gündəliyə əsasən Birgə İşçi Komissiyanın üzvlərini diplomatik kanallarla müəyyən edəcəkdir.
- Birgə İşçi Komissiya diplomatik kanallar vasitəsilə razılaşdırılan tarixlərdə iki ölkədə növbə ilə müntəzəm iclaslar keçirəcəkdir.
- Birgə İşçi Komissiya Platformanın maliyyələşdirilməsi və təqvimi də daxil olmaqla yuxarıda bəhs edilən planı hazırlayacaqdır.
- Birgə İşçi Komissiya yaranmasından sonrakı 3 ay ərzində ətraflı planı Tərəflərə təqdim edəcəkdir.
Maddə 4
Tərəflərin məsuliyyəti
Platforma çərçivəsində Tərəflərin icra baxımından bərabər məsuliyyətləri mövcuddur. Bu çərçivədə bütün Tərəflər Platformaya faydalı olacaq zəruri addımların atılmasından məsuldurlar.
Maddə 5
Dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan və 6-cı maddənin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.
Maddə 6
Digər məsələlər
- Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanmasına dair Tərəflərin bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırdıqları sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
- Bu Anlaşma Memorandumu 1 (bir) il müddətinə qüvvədə qalacaqdır və Tərəflərdən biri 3 (üç) ay əvvəldən yazılı olaraq bu Anlaşma Memorandumunu ləğv etdiyini digər Tərəfə bildirmədiyi təqdirdə, avtomatik olaraq növbəti birillik müddətlərə uzadılacaqdır.
- Lakin bu Anlaşma Memorandumu ləğv edildikdə, ləğv tarixində davam edən işlər baxımından bu müddəaların həyata keçirilməsi davam etdiriləcəkdir.
- Tərəflər arasında bu Anlaşma Memorandumunun maddələrinin təfsiri və tətbiqi zamanı yarana biləcək anlaşmazlıq, fikir ayrılıqları və ya tələblər xoş niyyət çərçivəsində müzakirələr yolu ilə həll ediləcəkdir.
Bu Anlaşma Memorandumu hər biri autentik olmaqla, Azərbaycan və türk dillərində iki əsl nüsxədə 2020-ci il 10 dekabr tarixində Bakı şəhərində imzalanmışdır.