Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etmişdir
23 may 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Mediada insan hüquqlarının qorunması prinsipləri” mövzusunda seminar-təlim təşkil etmişdir.
Tədbirdə çıxış edən Universitetin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında üç ildir uğurla davam edən əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin, görülən işlər barədə tələbələrə ətraflı məlumat vermişdir. Taleh Quliyev Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında danışmışdır.
Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada insan hüquqlarının qorunması prinsipləri" mövzusunda geniş təqdimat etmişdir. Ayxan Sadıqlı tələbələrə audiovizual media subyektləri və onlarının fəaliyyətində insan hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin tələbləri və icra mexanizmləri ilə bağlı ətraflı məlumat vermişdir.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı ilə davam etmişdir.
Qeyd edək ki, BDU-də mütəmadi olaraq təşkil edilən seminarlar Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq keçirilir.