Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə HESABATI

 

Ümumi məlumat

"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununa və "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən audiovizual media sahəsində tənzimləməni və qanunvericiliyə əməl olunmasına nəzarəti Azərbaycan Respublikası Audiovizual Şurası (qısa olaraq – Audiovizual Şura) həyata keçirir.

2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Aslan Xəlilov və İsa Məmmədov Audiovizual Şuranın üzvləri təyin olunmuşlar. Hazırda Audiovizual Şura 6 üzvdən (İsmət Səttarov – sədr, Bəxtiyar Balakişiyev, Telli Əliyeva, Mübariz Əsgərov, Aslan Xəlilov və İsa Məmmədov) ibarət 6 nəfərlik tərkibdə fəaliyyət göstərir. "Media haqqında" Azərbaycan Respublikası Qanununa görə Audiovizual Şuranın üzvlərinin sayı 7 nəfərdir. Hazırda 1 üzv yeri vakantdır.

Audiovizual Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya, İnsan resursları, sənədlərlə iş və məxfi məlumat, Maliyyə və təminat şöbələri il ərzində fəaliyyət istiqamətlərinə uyğun işlər həyata keçirmişlər.  

İl ərzində Şuranın 22 iclası (həm canlı, həm də onlayn formatda) keçirilmiş, ümumilikdə 23 məsələyə baxılmış və 51 qərar qəbul edilmişdir.

Audiovizual Şura rəsmiləri audiovizual media sahəsində həyata keçirilən fəaliyyət,  Audiovizual Şuranın təşkil etdiyi tədbirlər və digər yeniliklər barədə mediada 13 müsahibə və ya açıqlama vermişlər. 2023-cü il ərzində Audiovizual Şuranın rəsmi veb-saytında Şuranın fəaliyyəti, apardığı təhlillər və ümumən media sahəsi üzrə 62 məlumat təqdim olunmuşdur. Sosial şəbəkə hesablarında (Facebook, X, Instagram) məlumat və paylaşımların ümumi sayı 422 olmuşdur.

 

Lisenziyalaşdırma sahəsində fəaliyyət

"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə (8 fevral 2022-ci il) əlaqədar olaraq həmin Qanunun 78.1-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə minənədək teleradio yayımı sahəsində fəaliyyət göstərən lisenziya sahiblərinə yeni növ lisenziyaların verilməsi sahəsində müvafiq işlər həyata keçirilmişdir. Kabel yayımçılarına istifadə etdikləri yayım üsullarından (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları) asılı olaraq – sadə platforma operatoru lisenziyası və universal platforma operatoru lisenziyası verilməsi prosesi demək olar yekunlaşmış, il ərzində 10 audiovizual media subyektinin lisenziyalarının yeniləri ilə əvəz olunması prosesi həyata keçirilmişdir. Köhnə lisenziyaların yeni lisenziyalarla əvəz olunması ilə yanaşı, yeni audiovizual media subyektlərinə də müvafiq lisenziyaların verilməsi işi həyata keçirilmişdir.

Audiovizual Şura il ərzində lisenziya verilməsi üçün 1 müsabiqə təşkil etmişdir. 19 iyun 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) verilməsi üçün müsabiqə keçirilmişdir. Audiovizual Şuranın 25 avqust 2023-cü il tarixli müvafiq qərarı ilə "ATV Plus" MMC (operator xidmət adı: "ATV Plus") müsabiqənin qalibi elan olunmuş və Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları retranslyasiya xidməti göstərmək üçün onun istifadəsinə ayrılmışdır.

İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Kaspian Telekom" MMC-yə (provayderin xidmət adı: "Ailə Cinema") və "Konnekt" QSC-yə (provayderin xidmət adı: "NNTV Kinoteatr") ümumi olaraq 2 sifarişli yayım xidməti provayderi lisenziyası verilmişdir.

Audiovizual Şuraya daxil olan müraciətlər əsasında "Kaspian Telekom" MMC-yə (televiziya kanalının adı: "Ailə Kinozal"), "Konnekt" QSC-yə (televiziya kanalının adları: "CTV Movie", "CTV Sport", "CTV Kids"), "Neftchi Media" MMC-yə (televiziya kanalının adı: "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya kanalının adları: "TVNET Kino", "TVNET Sport"), "Show Plus Media" MMC-yə (televiziya kanalının adı: "Show Plus TV") ümumi olaraq 8 peyk yayımı həyata keçirməyən platfroma yayımçısı lisenziyası verilmişdir.

Bundan başqa, "Boss Group" MMC-yə (operator xidmət adı: "Boss Group"), "Gamma Sky Net" MMC-yə (operator xidmət adı: "Gamma TV"), "TVNET Telecom" MMC-yə (operator xidmət adı: "TVNET"), fiziki şəxs Bayramov Orxan Arif oğluna (operator xidmət adı: "Xan TV"), "A2Z Technologies" QSC-yə (operator xidmət adı: "Aznet"), "Azlink" MMC-yə (operator xidmət adı: "Azlink"), "Streamhub.AZ" MMC-yə (operator xidmət adı: "TV24"), "Gammanet" MMC-yə (operator xidmət adı: "Gammanet TV"), "Sveet TV Group AZ" MMC-yə (operator xidmət adı: "Sweet TV"), "Konnekt" QSC-yə (operator xidmət adı: "NNTV") ümumi olaraq 10 universal platforma operatoru lisenziyası verilmişdir.

Bundan əlavə, 03 oktyabr 2023-cü il tarixində keçirilmiş iclasında Audiovizual Şura Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı "Baku TV") peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") isə ümumölkə yerüstü radio yayımıçısı lisenziyasının verilməsi haqqında müvafiq qərarlar qəbul etmişdir.

Verilmiş lisenziyalarla yanaşı Audiovizual Şura tərəfindən fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirilmişdir. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə "Caspium Group" MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, "Metronet" MMC-yə, "Albax TV" MMC-yə, "Şam" MMC-yə, "Real Telecom" MMC-yə, "RA Technologies" MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə "İzone" MMC-yə və "Startelekom" MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilmişdir. Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilmişdir.

Bununla da, hazırda, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:

  • 11 ümumölkə yerüstü televiziya redaksiyası;
  • 10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
  • 16 ümumölkə yerüstü radio radio redaksiyası;
  • 4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);
  • 10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);
  • 16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;
  • 2 sifarişli yayım xidməti provayderi;
  • 42 universal platforma operatoru;
  • 8 sadə platforma operatoru;
  • 2 multipleks operatoru.

 

Normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində fəaliyyət

Audiovizual Şura 2023-cü il ərzində "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq uyğunlaşdırma çərçivəsində aidiyyəti orqanlar (qurumlar) tərəfindən təqdim olunan çoxlu sayda layihələrlə bağlı rəy və təkliflərini bildirmiş, zəruri hüquqi sənədlər hazırlamışdır.

"Media haqqında" Qanun layihəsi ilə bağlı digər qanunvericilik aktlarında zəruri hesab olunan dəyişikliklərlə əlaqədar təkliflər aidiyyatı qurumlara təqdim olunmuş, zəruri hallarda hüquqi arayışlar və izahatlar verilmişdir.

Audiovizual Şuranın 17 fevral 2023-cü il tarixli 01/23-01 saylı qərarı ilə qəbul olunmuş "Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydası" Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilmiş və Dövlət Reyestrinə daxil edilmişdir.

Audiovizual mediada reklam sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə və effektiv fəaliyyətin təmin edilməsi, audiovizual media subyektlərinin maarifləndirilməsi məqsədilə 4 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ilə Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətini nəzərdə tutan Tədbirlər Planı sənədinə əsasən il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. İki qurum tərəfindən yaradılan birgə İşçi Qrupu vasitəsilə qəbul olunacaq "Rəqabət Məcəllə"sinə dair, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa təklif edilmiş dəyişikliklərə dair maarifləndirmə tədbirləri, audiovizual media sahəsində antiinhisar qanunvericiliyinin pozulması hallarına yol vermiş bazar subyektləri barəsində nəzərdə tutulmuş pozuntu halları ilə bağlı qarşılıqlı birgə fəaliyyət, rəqabət və reklam qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş müraciətlərin birgə araşdırılması həyata keçirilmişdir.

"Media haqqında" Qanunun 1.1.33-cü maddəsinin tələbinə uyğun olaraq "Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtının (praym-taym) müəyyən edilməsi Qaydası" hazırlanmış və ilkin razılaşdırılması üçün Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.

 

Qanunvericiliyin, məqsədli dövlət proqramlarının və Milli Fəaliyyət Planlarının icrası sahəsində fəaliyyət

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq audiovizual yayımçılar il ərzində 4 dəfə, ümumilikdə hər ay üçün Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim edirlər. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində təqdim edilən  hesabatlara əsasən Qanunun tələbi əsasən icra edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn tələblərlə bağlı 2023-cü il ərzində Audiovizual Şuranın tövsiyələrinə əsasən maarifləndirici çarxlar, proqramlar, layihələr hazırlanmış, uşaqlar üçün cizgi filmləri, uşaq mahnıları, uşaq tamaşaları və maarifləndirici sosial çarxlar nümayiş olunmuşdur. Audiovizual yayımçılar il ərzində 2 dəfə, yarımillik və illik olmaqla Audiovizual Şuraya bu sahədə hazırladıqları müvafiq hesabatları təqdim etmişlər. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 3000-dək proqram efirdə yayımlanmışdır.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Bu sahədə fəaliyyət göstərən daimi İşçi Qrupun hazırladığı yeni sosial çarxlar bütün ümumölkə televiziya yayımçılarının efirlərində yayımlanması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçılarından bu mövzuda yayımladıqları proqramlar haqqında toplanan aylıq hesabatlar əsasında müvafiq ümumiləşdirilmiş rüblük hesabatlar hazırlanmış və İşçi Qrupa təqdim olunmuşdur. 2023-cü il ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2 iclası keçirilmiş və Audiovizual Şuranın sədri müvafiq hesabatlarla həmin iclaslarda çıxış etmişdir. 14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkil etdiyi "Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim" keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq audiovizual yayımçılara zəruri məlumat və tövsiyələr verilmiş, onlar tərəfindən hazırlanmış proqramlar haqqında müvafiq hesabatlar ilin sonunda Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 500-dən artıq proqram efirdə yayımlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Audiovizual Şuranın tövsiyələrinə əsasən audiovizual yayımçılar tərəfindən 2023-cü il ərzində məişət zorakılığı ilə mübarizəyə dair normativ hüquqi aktlar, eləcə də mövcud hüquqi müdafiə vasitələri ekspertlərin iştirakı ilə televiziya və radio kanallarında işıqlandırılmış, müsahibələr təşkil edilmişdir. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 150-200 arası proqram efirdə yayımlanmışdır. il ərzində 2 dəfə audiovizual yayımçılar tərəfindən müvafiq hesabatlar Audiovizual Şuraya təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə uyğun olaraq audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, bu mövzuda yayımlanmış proqramlar haqqında hesabatlar hazırlanmışdır. Audiovizual Şuranın tövsiyələrinə uyğun olaraq 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 50-dən artıq proqram efirdə yayımlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəcamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı" ilə bağlı Audiovizual Şuranın tövsiyələrinə əsasən yayımçılar tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 100-dən artıq proqram efirdə yayımlanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası" ilə bağlı audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, yayımçılar tərəfdən proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Audiovizual Şuraya təqdim olunması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçıları tərəfindən 2023-cü il ərzində nəzərdə tutulan mövzuda 200-250 proqram efirdə yayımlanmışdır.

 

Audiovizual proqramların monitorinqi və yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılmış, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanmışdır. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilmişdir.

Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınmışdır. Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur.

Qeyd olunmalıdır ki, Audiovizual Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər və zəruri maarifləndirmə fəaliyyəti nəticəsində əvvəlki illərlə müqayisədə 2023-cü il ərzində qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilmişdir.

Audiovizual Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olmuşdur. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmamışdır. Seriallar tam olaraq lisenziyalı olaraq və dublyaj olunmuş vəziyyətdə yayımlanır.

 

Audiovizual yayıma texniki nəzarət sahəsində fəaliyyət

Audiovizual Şura aparatının audiovizual yayıma texniki nəzarət üzrə əməkdaşları ölkəmizdə televiziya və radio yayımına texniki nəzarət işlərini həyata keçirmişdir. İl ərzində görülmüş işlər aşağıdakı məlumatlarda əksini tapmışdır.

"Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləğinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərar layihəsi öyrənilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin eyni xidməti həyata keçirmək üçün 2023-cü ildə təqdim olunmuş qərar layihəsi ilə müqayisə olunaraq, fərqlər və oxşarlıqlar aşkar olunmuşdur. Təqdim olunan yeni xidmət haqları üzrə son nəticələr Audiovizual Şurada müzakirə olunmuş, müzakirələrin nəticələri ilə bağlı rəylər verilmişdir. Qiymətlərin bu cür artımı nəticəsində infrastruktur operatorunun xidmətlərindən istifadənin həcminin azalacağı rəydə öz əksini tapmışdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının 224 və 760 saylı Qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasında radio və televiziya yayımı üçün istifadə olunan 694-790 MHs radiotezlik zolağının mobil telekommunikasiya xidmətləri üçün ayrılması məsələsi öz həllini tapmışdır. Audiovizual Şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq qurumları və qeyd olunan radiotezlik zolağında televiziya yayım və retranslyasiya xidməti göstərən infrastruktur operatorunun ("Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB) və multipleks operatorlarının ("ATV Plus" MMC və "AGS TV" QSC) rəsmi nümayənədləri bir sıra görüşlər keçirmiş, zəruri dəyişikliklərin prosedur qaydaları və vaxtları müyyən edilmişdir. 24 noyabr 2023-cü il tarixdə keçirilən iclasda infrastruktur operatorunun ("Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB) və multipleks operatorlarının ("ATV Plus" MMC və "AGS TV" QSC) istifadəsinə ayrılmış 694-790 MHs diapazonunda olan radiotezliklərin (48-ci TV yayım kanalından yuxarılar) 01 yanvar 2024-cü il tarixdən daha aşağı zolaqda olan radiotezliklərə (48-ci TV yayım kanalından aşağıdakılara) dəyişdirilməsi ilə bağlı müvafiq qərarlar verilmişdir.

Bakı Teleqüllə Kompleksində istismar olunan FM radiovericilərinin sayının 16-ya çatmasından sonra FM radiovericilərinin qonşu kanallarda yaratdığı maneələrin aradan qaldırılması istiqamətində işləri zərurətə çevirmişdir. Araşdırmalar göstərmişdir ki, Bakı Teleqüllə Kompleksində FM radioyayımı üçün istifadə olunan antennaların bir hissəsi köhnə standarta aid olan antennalardır və onların bir qismi bir-birinə çox yaxın yerləşdiyindən qarşılıqlı interferensiyalar nəticəsində “güzgü kanalı” maneələri aviasiyaya xidmət edən radiovericilər üçün çətinliklər yaratmışdır. "Azad Azərbaycan Radiosu"nun yayımı üçün istifadə olunan radiovericinin fiderinin əvəz olunması ilə qaçan dalğa rejimi təmin olunmuş və beləliklə də, “güzgü kanalı” maneəsi aradan qaldırılmışdır.

Ölkəmizin ərazisində istismar olunan FM radiovericilərinin çıxış süzgəcləri olmayanlarının siyahısı tərtib olunmuş, yayımçılara göndərilmiş və yayımçılarla çıxış süzgəci olmadan radiovericinin istismarı zamanı yaranan interferensiyaların baş verməsi müzakirə olunmuşdur.

Azərbaycan Respublikasında DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının tətbiqi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib olunmuş tədbirlər planı həmin nazirliyin və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin əməkdaşları ilə müzakirə olunmuşdur. Slovakiyanın DAB+ standartlı rəqəmsal yerüstü radioyayım şəbəkəsi öyrənilmiş, Çexiya Respublikasının mütəxəssisləri ilə DAB+ standartlı  rəqəmsal yerüstü radioyayım şəbəkəsinin qurulması zamanı qarşıya çıxan problemlər, parametrlərin necə seçilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 nömrəli Sərəncamının icrası məqsədilə yaradılmış müxtəlif qurumların, o cümlədən Audiovizual Şuranın məsul şəxslərinin təmsil olunduğu İşçi Komissiya FM radioyayımı şəbəkəsinin genişləndirilməsi çərçivəsində müxtəlif yayım imkanları genişləndirilməli olan RTYS-lərin müəyyən olunması, onlarda istifadə olunan kombaynerlərin seçilməsi, hər RTYS üzrə FM diapazonunda istifadəyə yararlı boş olan radiotezliklərin müəyyən olunması, yeni radiotezliklərin yayımçılar arasında bölüşdürülməsi və onların kombaynerdə yerinin seçilməsi, FM radiovericilərinin güclərinin hesablanması və seçilməsi, RDS-in ölkəmizin avtomagistralları boyunca normal işləməsinin təmini üçün FM radioyayım şəbəkəsinin optimallaşdırılması kimi məsələləri müzakirə etmiş, bu istiqamətdə olan problemlər öz həllini əsasən tapmışdır. Layinənin icrası hazırda tam sürəti ilə davam etdirilir.

Audiovizual Şuranın icazəsi ilə Bakı şəhəri ərazisindəki "Alternativ" RTYS-dən seçilmiş TV yayım kanalları və FM işçi radiotezliklərində yerinə yetirilmiş sınaq yayımlarının nəticələri təhlil olunmuş və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin əməkdaşları ilə müzakirə olunmuşdur.

Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılmış, abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilmiş, tərəfimizdən müvafiq arayış hazırlanmış və nəticə olaraq "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınmışdır.

Yerüstü televiziya yayımında səsin ucalığınının qiymətləndirilməsi üçün müntəzəm olaraq monitorinqlər aparılmışdır. Müxtəlif vaxtlarda bu ucalığı əks etdirən texniki sənədlər yayımçılara təqdim olunmuş, səsin ucalığının bəzi televiziya kanallarında normadan yuxarı və və ya aşağı olması yayımçıların nəzərinə çatdırılmışdır. Ölkəmizin ərazisində yerüstü televiziya yayımı və retranslayasiya zamanı səsin ucalığının EBU (European Broadcasting Union –  Avropa Yayım Birliyi) tərəfindən təklif olunmuş tövsiyələrə (Loudness Standard R-128 – R-128 Ucalıq Standartı) və TV vericisinin interfeysində audio-video siqnalların SD formatı üçün SMPTE-nin 259M standartına və HD formatı üçün SMPTE-nin 292M standartına uyğun olması sınaqdan çıxarılmışdır. D və K standartlarında audio-video siqnalların bütün parametrləri yoxlanılmış, o cümlədən səsin ucalığının tənzimlənməsi məqsədilə müntəzəm monitorinqlər aparılmış, səsin ucalığınının nisbi qiymətləndirilməsi üçün elektron "Lüfsmetr" proqramından istifadə edilmiş, osilloqrammalar çıxarılmış, onlar yayımçılara təqdim olunmuş, alınmış nəticələr ümumölkə TV yayımçılarının nümayəndələri ilə müzakirə olunmuşdur. Bəzi yayımçıların yayımında səsin ucalığının normadan artıq olması aşkar olunmuş və tənzimləmədən sonra bütün ümumölkə televiziya yayım proqramlarında səsin ucalığının eyni olması təmin olunmuşdur. 

"Azərbaycan Beynəlxalq Radiosu"nun yayımı üçün "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş yeni ümumölkə radio yayımçısı lisenziyasına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadası ərazisində, habelə ayrı-ayrı RTYS-lərdə istifadəyə yararlı boş olan radiotezliklər müəyyən olunmuşdur. 20 dekabr 2023-cü il tarixdə keçirilmiş Audiovizual Şuranın iclasında həmin radiotezliklərin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istifadəsinə ayrılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda, həmin iclasda "CBC FM"in regional yayımın genişləndirilməsi məqsədilə Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan "Caspian İnternational Broadcasting Company" MMC-yə yeni radiotezlik ayrılması barədə qərar qəbul olunmuşdur.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılmış, əhatə zonaları çıxarılmışdır. "Yuxarı Sus" (Laçın rayonu), "Balasoltanlı" (Qubadlı rayonu) RTYS-lərdə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanmış və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılmışdır. Bundan başqa, adı çəkilən RTYS-lərdə "Azərbaycan Radiosu"nun və "İctimai Radio"nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan radiotezliklər müəyyən olunmuşdur.

İl ərzində Bakı–Ağsu, Bakı–Lerik və Bakı–Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilmiş, maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilmiş, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülmüşdür. Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılmış, “ölü”  zonalar aşkar edilmiş, onların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunmuşdur.

 

Audiovizual Şuranın təşkilatçılığı və iştirakı ilə keçirilmiş ölkədaxili tədbirlər

15 fevral 2023-cü il tarixində Audiovizual Şuranın inzibati binasında ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının reklam rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə 2022-ci il ərzində və 2023-cü ilin yanvar ayında Şura tərəfindən həyata keçirilən televiziya yayımçılarının monitorinqinin nəticələri, yayımçılar tərəfdən qanunvericiliyə riayət olunması, bu sahədə mövcud olan çatışmazlıqlar ilə bağlı məsələlər müzakirə olunmuş, "Media haqqında" və "Reklam haqqında" qanunların tələblərinə tam əməl olunması istiqamətində yayımçılara zəruri tövsiyələr verilmişdir.

21 fevral 2023-cü il tarixində Audiovizual Şuranın inzibati binasında ümumölkə yerüstü televiziya yayımçılarının proqram rəhbərləri ilə məqsədli dövlət proqramlarına uyğun olaraq ümumölkə televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların yerinə yetirilməsi üzrə hesabatlara dair görüş keçirilmişdir. Görüş zamanı qanunvericilik və məqsədli dövlət proqramlarına uyğun olaraq yayımçılara zəruri tövsiyələr verilmiş, yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan və 2023-cü il ərzində təqdim olunacaq hesabatlara dair yayımçıları maraqlandıran məsələlər müzakirə olunmuşdur.

24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Audiovizual Şuranın və Dövlət Xidməti arasında imzalanmış Birgə Tədbirlər Planına uyğun olaraq hər iki qurumun mütəxəssisləri üçün seminar təşkil olunmuşdur. Seminarda hər iki dövlət orqanından olan mütəxəssislərin audiovizual media subyektləri, audiovizual mediada reklam və sponsorluğun xüsusiyyətləri, 2022-ci ildən qüvvəyə minmiş "Media haqqında" Qanunun tələbləri, "Reklam haqqında" Qanuna Audiovizual Şura tərəfindən təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri kimi mövzularda çıxışları dinlənilmiş, təqdimatlar edilmişdir.

29 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müvafiq bəndlərinin və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası məqsədilə media nümayəndələri üçün "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlim keçirilmişdir. Tədbirdə Audiovizual Şuranı Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı və Kommunikasiya sektorunun böyük məsləhətçisi Günay Xəlilzadə təmsil etmişdir.

26 aprel 2023-cü il tarixində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş "Qadınlar və Əqli Mülkiyyət. İnnovasiya və yaradıcılıq" mövzusunda konfransda iştirak etmişdir.

8 may 2023-cü il tarixində Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası" mövzusunda konfrans keçirilmişdir.

12 may 2023-ci il tarixində "ARB Şimal" televiziya redaksiyasının Xaçmaz şəhərində yerləşən inzibati binasında “Audiovizual mediada saxta və təhrif olunmuş məlumatların yayılmasına qarşı mübarizə” və “İnsan alveri ilə mübarizədə audiovizual medianın rolu” mövzularında dəyirmi masa keçirilmişdir. Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən görüşdə "ARB Şimal", "ARB Günəş", "Qafqaz TV" regional televiziya kanallarının ümumi proqram rəhbərləri və xəbər redaksiyalarının məsul əməkdaşları iştirakı etmişlər.

23 may 2023-cü il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə Gəncə şəhərində "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Audiovizual Şuranın, Gəncə Şəhər İcra Hakimiyyətinin,  Medianın  İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin regional idarəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak etmişlər.

30 may 2023-cü il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə Bakıda "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda növbəti dəyirmi masa keçirilmişdir. Tədbirdə Audiovizual Şuranın, Medianın  İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə ümumölkə statuslu audiovizual media subyektlərinin məsul şəxsləri iştirak etmişlər.

20 iyul 2023-cü il tarixində Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfrans keçirilmişdir. 

20-22 sentyabr 2023-cü il tarixlərində Audiovizual Şuranın inzibati binasında Azərbaycan Respublikasında fəaliyyət göstərən multipleks və platforma operatorlarının rəhbər şəxsləri ilə görüşlər təşkil olunmuşdur. Görüşlərin əsas mövzusu Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən operatorların işinə ciddi maneə yaradan, müvafiq qeydiyyat keçmədən və lisenziya almadan, Azərbaycan Respublikası qanunvericiliyinə zidd olaraq xarici televiziya kanallarının retranslyasiya xidməti göstərən, domen ünvanları digər ölkələrə məxsus veb-saytların fəaliyyəti, bu cür qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması üçün zəruri addımların atılması, həmçinin, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasınan sonra həyata keçirilən lisenziyaların yenilənməsi, yeni operatorlara lisenziyaların verilməsi, operatorlar tərəfindən zəruri məlumatların Audiovizual Şuraya təqdim olunması prosedurları, bir sıra operatorların fəaliyyətində mövcud çatışmazlıqlar müzakirə olunmuşdur.

06 oktyabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Regional Medianın İnkişafı" layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Lənkəran şəhərində cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilmişdir. Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmaq, həmçinin media subyektlərinin dayanıqlı fəaliyyət mexanizmini formalaşdırmaq, kadr potensialının gücləndirilməsinə töhfə vermək və media nümayəndələrinin fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə cari ehtiyaclara əsaslanan inkişaf proqramlarının hazırlanmasını təmin etmək olmuşdur.

06 oktyabr 2023-cü il tarixində CRC Komitəsi tərəfindən verilən tövsiyələrdən irəli gələn məsələlərə baxılması və həyata keçirilən tədbirlərin monitorinqi, eləcə də qiymətləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupun ilk iclası keçirilmişdir. Audiovizual Şuranın nümayəndəsi Ayxan Sadıqlının da iştirak etdiyi iclasda tövsiyələrdə qeyd olunan məsələlərin müzakirəsi və icrası istiqamətində əlaqələndirmə mexanizminin yaradılması ilə bağlı diskussiya aparılmışdır.

31 oktyabr 2023-cü il tarixində Audiovizual Şuranın sədrinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olmuşdur. "Televiziya: tarixi və auditoriya aspektindən baxış" mövsusuna həsr olunan görüşdə Audiovizual Şuranın sədri televiziya yayımı ilə bağlı maraqlı detallara toxunmuş, televiziyanın yaranması, ilk reklamın yayımlanması, televiziya auditoriya ölçülməsi sistemi və onun televiziya yayımının inkişafındakı rolundan ətraflı məlumat vermişdir. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, mövzu üzrə fikir mübadiləsi aparılmışdır.

07 noyabr 2023-cü il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə televiziyada reklam qanunvericiliyinə riayət olunması sahəsindəki vəziyyətə həsr olunmuş görüş keçirilmişdir. Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Medianın İnkişafı Agentliyinin rəhbər və məsul nümayəndələri, ümumölkə yerüstü və peyk yayımlı televiziya kanallarının reklam üzrə rəhbərləri, mediada reklam üzrə ixtisaslaşan reklam agentliklərinin məsul şəxsləri iştirak etmişlər.

07 noyabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin "Regional Medianın İnkişafı" layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilmişdir. Audiovizual Şura və Mətbuat Şurasının da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun  dayanıqlı inkişaf mexanizminin formalaşdırılması, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanması, habelə həssas istifadəçi qrupu hesab edilən region gəncləri üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönələn "Media savadlılığı" təliminin keçirilməsi olmuşdur.

23 noyabr 2023-cü il tarixində Audiovizual Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olmuşdur. "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda keçən görüşdə mövzu və audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran məsələlərlə bağlı suallara cavab verilmişdir.

1 dekabr 2023-cü il tarixində Audiovizual Şuranın təşkilatçılığı ilə Mingəçevir şəhərində "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə Audiovizual Şuranın, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak etmişlər. Görüşün təşkil olunmasında məqsəd audiovizual yayımda qanunvericiliyin tələblərinə riayət olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində regional yayımçıları maarifləndirmək, bununla da audiovizual mediada ictimai maraqların qorunması işinə töhfə vermək olmuşdur.

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkil etdiyi "Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim" keçirilmişdir.

19 dekabr 2023-cü il tarixində Audiovizual Şura əməkdaşlarının BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü olmuşdur. "Azərbaycanda audiovizual medianın tənzimlənməsi" mövzusunda təqdimatdan sonra mövzu və audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılmışdır.

 

Beynəlxalq əməkdaşlıq məsələləri və ölkəxarici tədbirlərdə iştirak

İl ərzində xarici ölkələr, beynəlxalq təşkilatlar və tənzimləyici qurumlardan Audiovizual Şuraya ünvanlanmış məktub və sənədlər tərcümə olunmuş, sorğular cavablandırılmış, xarici təşkilatlarla rəsmi yazışmalar aparılmışdır.

31 mart–3 aprel tarixlərində 2023-cü il tarixlərində Audiovizual Şura sədri İsmət Səttarovun da daxil olduğu Azərbaycan nümayəndə heyəti Qazaxıstanda və Özbəkistanda səfərdə olmuşdur. Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Media və informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımların atılması, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyin təmin olunması müzakirə olunmuşdur. Nümayəndə heyəti, həmçinin Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Naşirali və Qazaxıstan Respublikasının Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarov ilə görüşmüşdür. Tərəflər müvafiq sahələr üzrə qarşılıqlı məlumat mübadiləsi etmiş, əməkdaşlığı genişləndirməyin yolları barədə müzakirələr aparmışlar. Nümayəndə heyəti aprelin 3-də Daşkənd şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuş, media sahəsində əlaqələrin inkişafı məqsədilə konkret layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılmışdır. Özbəkistan tərəfi media və informasiya sahəsində, həmçinin feyk xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirmişdir. Danışıqlar əsnasında iki ölkənin aparıcı informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi önə çəkilmişdir.

31 may-02 iyun 2023-cü il tarixlərində Norveç Krallığının Oslo şəhərində Audiovizual media üzrə Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 57-ci Toplantısı keçirilmişdir. Audiovizual Şuranı toplantıda Aparat rəhbəri Fazil Novruzov və Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova təmsil etmişlər. Toplantı zamanı EPRA-nın prezidenti və 4 vitse prezidenti vəzifələrinə seçkilər keçirilmişdir. Toplantının birinci günündə "Media məzmununun istehlakçılara çatdırılmasınnın gələcək perspektivləri", ikinci günündə isə "İctimai rifah üçün media və informasiya - İctimai Xidmət Mediası" mövzularında plenar sessiyalar təşkil olunmuşdur. Bundan əlavə, Avropa məkanında media istehlakının yeni formaları və bundan irəli gələn təhdidlər, dezinformasiya və təhrif olunmuş informasiya ilə mübarizəyə dair müzakirələr keçirilmişdir.

18-20 sentyabr 2023-cü il tarixlərində Audiovizual Şuranın sədri İsmət Səttarov və sədrin müşaviri Haşim Əliməmmədzadə Türkiyənin Antalya şəhərində Türkiyə Respublikası Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən təşkil edilən Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 10-cu Toplantısında və "Dezinformasiya və rəqəmsal media savadlılığı" mövzusunda seminarda iştirak etmişlər. Əsas mövzusu “Rəqəmsal dövrdə lisenziyalaşma sahəsində çağırışlar” olan Toplantının işində Azərbaycan və Türkiyədən başqa, Albaniya, Gürcüstan, Moldova, Serbiya və Yunanıstanın yayım tənzimləyici orqanlarının məsul şəxsləri, habelə müşahidəçi qurumların nümayəndələri iştirak etmişlər. Audiovizual Şuranın nümayəndə heyəti tərəfindən Azərbaycanda audiovizual media sahəsində lisenziyalaşdırma ilə bağlı ətraflı təqdimat iştirakçıların diqqətinə çatdırılmışdır. Müasir rəqəmsal dövrdə dezinformasiyanın yayılması ilə bağlı aktual problemləri həll etmək məqsədi ilə keçirilən "Dezinformasiya və rəqəmsal media savadlılığı" mövzusunda seminarda  bir sıra media ekspertləri çıxış etmiş, bu artan problemin aradan qaldırılması üçün təcrübə və innovativ strategiyalarla bağlı fikir mübadiləsi aparmışlar. Toplantının sonunda 2024-cü il üçün BRAF-a sədrlik məsələsi müzakirə olunmuş və Azərbaycanın sədrliyi ilə bağlı ümumi razılıq əldə olunmuşdur.

10-15 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin dəvəti ilə 30 dövlət qurumunun ictimayyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayyəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilmişdir. Audiovizual Şuranı həmin tədbirdə Kommunikasiya sektorunun böyük məsləhətçisi Günay Xəlilzadə təmsil etmişdir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilmiş, görüşlər zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

19–20 oktyabr 2023-cü il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 58-ci Toplantısı təşkil olunmuşdur. Toplantının ilk günündə Rumıniya audiovizual media sektorunun hazırkı vəziyyəti, EPRA şəbəkəsi daxilində mövcud olan ümumi məsələlər, üzv dövlətlərdə baş vermiş yeniliklər və bununla bağlı məruzələr dinlənilmiş, EPRA platformasının tərəfdaşları ilə müxtəlif layihələr və onların icra vəziyyətləri, Aralıq dənizi ölkələrinin Tənzimləyici Qurumları Şəbəkəsinin (MNRA)  mövcud vəziyyəti, habelə EPRA-nın 2024-2026-ci illəri əhatə edən 3-illik Strategiyası müzakirə olunmuşdur. Eyni zamanda 2023-cü ilin yenilənmiş büdcəsi və 2024-cü ilin büdcə layihəsi müzakirə olunmuş və təsdiqlənmişdir. "İctimai maraq mediası və informasiya" və "Media məzmununun istehlakçılara çatdırılmasının gələcək perspektivləri, tənzimləmənın məzmunun yeni çatdırılma metodlarına uyğunlaşdırılması" mövzularında plenar sessiyalar təşkil olunan Toplantıda Audiovizual Şuranı aparat rəhbəri Fazil Novruzov təmsil etmişdir.

30 noyabr 2023-cü il tarixində EPRA-nın "Media və informasiya savadlılığı" üzrə işçi qrupunun (EMİL) onlayn iclası keçirilmiş, Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova iclasda iştirak etmişdir.

02 və 09 dekabr 2023-cü il tarixlərində Audiovizual Şuranın dəstəyi və Medianın İnkişafı Agentliyinin təşkilatçığı ilə Qazaxıstan Respublikasının "Balapan" televiziya kanalının animasiya üzrə mütəxəssislərinin ümumölkə və peyk televiziya kanallarının animasiya üzrə əməkdaşları üçün 2 onlayn təlim təşkil olunmuş və keçirilmişdir.

6-7 dekabr 2023-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamenti tərəfindən "Hekayənin formalaşdırılması: müharibə zamanı ifadə azadlığı" mövzusunda regional forum təşkil olunmuşdur. Forumun məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan media nümayəndələri, media tənzimləyiciləri, media inkişaf agentlikləri və media təşkilatlarını bir araya gətirərərək medianın tənzimlənməsinə dair islahatlar, mediada dezinformasiyaya qarşı mübarizə və regional jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr işçi qrupunun rəhbəri Rasim Bağırov forumda iştirak etmişlər. "Dezinformasiyaya qarşı mübarizə: dövlətlər dezinformasiyanı necə həll edir və tənzimləyir?" adlı panel sessiyada Audiovizual Şuranın aparat rəhbəri çıxış etmiş, Azərbaycanın son illər, xüsusən 2-ci Qarabağ müharibəsi dövründə, ondan sonrakı post-müharibə mərhələsi zamanı, həyata keçirilən antiterror tədbirlərinin gedişində ölkəmizin qarşılaşdığı dezinformasiya və saxta xəbər hücumlarından, onlara qarşı həyata keçirilmiş tədbirlərdən, bu sahədə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın fəaliyyətindən bəhs etmişdir. Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaşların, o cümlədən, media subyektlərinin (redaksiyalarının) nümayənədlərinin, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin media savadlılığının inkişaf etdirilmısinin zəruriliyi, bu istiqamətdə son illər aparılan fəaliyyətin əhəmiyyəti vurğulanmışdır. Həmin Forum çərçivəsində Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr işçi qrupunun rəhbəri Rasim Bağırov Moldova Respublikasının Audiovizual Şurasında sədr xanım Liliana Vitu ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq, fikir və təcrübəsi mübadiləsi ətrafında müzakirələr keçirmişlər.

18-20 dekabr 2023-cü il tarixlərində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin birgə təşkilatçılığı ilə audiovizual media subyektlərinin texniki heyəti üçün iki moduldan ibarət təlimlər keçirilmişdir. TRT televiziya mütəxəssislərinin "Televiziyada işıq və kameranın istifadəsi" modulu çərçivəsində keçirdikləri təlimin əsas məqsədi müxtəlif modullar üzrə televiziyada çalışan texniki komandaların yeni sistemlər və iş axınları, texnologiyalar və onların istifadə təlimatları, eyni zamanda dinamik mühitdə uğurlu komanda işinin qurulması ilə bağlı həm nəzəri, həm də təcrübi bilik qazanmalarını təmin etmək olmuşdur.

18 dekabr 2023-cü il tarixində Audiovizual Şuranın sədri İsmət Səttarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacları Qiymətləndirmə Missiyasının nümayəndələri, seçki mütəxəssisləri Goran Petrov və Martina Barker-Ciganikova  ilə görüşmüşdür. İsmət Səttarov "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, yeni media subyektlərinin lisenziyalaşdırılması, internet televiziya və radio fəaliyyətinin sərbəst olması, yalnız müraciət əsasında həmin fəaliyyətin lisenziyalaşdırılması haqqında qonaqlara məlumat vermişdir. Görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlər müzakirə olunmuşdur. Audiovizual Şuranın sədri bu sahədə qonaqları maraqlandıran suallara cavab vermişdir.

19 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoy ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında mədəni-humanitar sahədə mövcud olan əlaqələr, iki ölkədə fəaliyyət göstərən audiovizual media subyektlərinin, o cümlədən, televiziya və radio kanallarının bir-biri ilə qarşılıqlı əməkdaşlığı, belə əməkdaşlığın genişləndirilməsi perspektivləri və digər sahəvi məsələlər müzakirə olunmuşdur.

Bundan əlavə, il ərzində bir sıra beynəlxalq  və ikitərəfli sənədlərə rəy və təkliflər verilmiş, onların tərtibatı ilə bağlı işçi görüşlərdə iştirak təmin olunmuşdur.

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Səfirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilmiş "Səudiyyə Ərəbistanı Krallığının Audiovizual Media üzrə Baş Komissiyası ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında audiovizual və çap media domenləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihəsinə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən bir sıra dəyişikliklər edilərək yenidən qarşı tərəflə razılaşdırılması üçün 25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Əməkdaşlıq Sazişinin müzakirəsi çərçivəsində "Xidmətlərlə ticarət" fəsli üzrə yaradılmış işçi qrupun video formatda təşkil edilən 4 iclasında iştirak təmin olunmuşdur.

Azərbaycan Respublikasınin Mədəniyyət Nazirliyinə "Azərbaycan Respublikası Höküməti, Türkiyə Respublikası Höküməti, Özbəkistan Respublikası Höküməti və Qazaxıstan Respublikası Höküməti arasında Audiovizual Müştərək İstehsal üzrə Saziş"in layihəsinə dair rəy və təkliflər təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə "MDB iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq sahəsində 2025-2026-cı illər üçün prioritet tədbirlər planı"nın layihəsinə dair rəy və təkliflər təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə İslam Əməkdaşlıq Təşkilatının Media Forumunun Nizamnaməsinin layihəsi haqqında rəy verilmişdir.

"Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"a uyğun olaraq "Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksi" Səhmdar Cəmiyyətinə məxsus "Jibek Joly / Silk Way" televiziya kanalının Azərbaycanda fəaliyyət göstərən platforma operatorlarının paketlərində retranslyasiya olunması ilə bağlı zəruri yazışmalar həyata keçirilmiş və həmin kanalın 15-dən çox platforma operatorunun paketində retranslyasiyasına nail olunmuşdur.

Azərbaycan Respublikası ilə Yaponiya arasında "Sərmayələrin təşviqi və qorunması haqqında Saziş" layihəsinin bəndləri ilə bağlı rəy və təkliflər verilmiş, suallar cavablandırılmışdır.

 

Müraciətlərlə iş, insan resursları və elektron xidmətlər

Audiovizual Şura aparatının İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair" Təlimatı və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq 2023-cü il ərzində müvafiq sənədləşmə işlərini aparmışdır.

İl ərzində Audiovizual Şuraya 1198 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 129-u vətəndaş müraciətləri, 87-i normativ hüquqi sənədlər, 56-ı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikası Nazirlər Kabinetindən məlumat, tapşırıq və tövsiyyə xarakterli sənədlər, 25-i audiovizual yayımçılarından və digər qurumlardan daxil olan yayım tezliyinin ayrılması və yaxud dəyişdirilməsi ilə bağlı, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterli sənədlər olmuşdur.  

Audiovizual Şura tərəfindən il ərzində ölkənin ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə 768 sənəd göndərilmişdir. Bunlardan 190-ı audiovizual media subyektlərinə tövsiyə, tapşırıq və məlumat xarakterli, 119-u vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli sənədlərdir.

2023-cü  ildə şöbə 1 dövlət qulluqçusunun əmək müqaviləsinə  xitam vermiş, 10 əməkdaşla yeni əmək müqaviləsi bağlanmış, 3 işçinin vəzifəsində irəliləyişlə bağlı onlarla yenidən əmək müqaviləsi bağlanmışdır. Audiovizual Şura Aparatında  inzibati vəzifələrin tutulması ilə bağlı 1 ümumi və 3 daxili olmaqla cəmi 8 müsahibənin keçirilməsi təşkil edilmişdir. Audiovizual Şura Aparatının 6 əməkdaşına növbəti (daha yüksək) və 3 əməkdaşına  ilk dəfə daimi dövlət qulluğuna daxil olmaları ilə əlaqədar yeni ixtisas dərəcələrinin verilməsi təmin edilmişdir. 2023-cü ildə Audiovizual Şuranın 12 əməkdaşı müxtəlif mövzularda təlimlərə cəlb olunmuşdur.

İnsan resurslarının planlaşdırılması sistemində (www.erp.gov.az), əmək müqavilələri bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi sistemində (www.emas.sosial.gov.az), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaların yeni müqavilələrinin məzmununa  və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində (www.isb.az), Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluqçularının reyestri sistemində (www.reyerstr.dim.gov.az) və dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində (www.exidmet.dim.gov.az/VIS) müvafiq işlər aparilmışdır.

 

Maddi-texniki təminat və maliyyə məsələləri

Audiovizual Şuranın inzibati binası icarə əsasında A.M.Şərifzadə küçəsi 315 ünvanında yerləşən 4 mərtəbəli ofis binasında yerləşir. İl ərzində şöbələrin sifarişlərinə uyğun olaraq lazım olan ehtiyatlar, dəftərxana ləvazimatları və təsərrüfat malları ilə təminat məsələləri həll edilmişdir. Alınan mallar təyinatı üzrə paylanmış və iş otaqlarında yerləşdirilmişdir. Audiovizual Şuranın fəaliyyəti ilə əlaqədar həyata keçirdiyi bütün maliyyə addımları ilə bağlı maliyyə hesabatının yanvar ayının sonunda rəsmi veb-saytda yerləşdirilməsi planlaşdırılır.