Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydası
Azərbaycan Respublikası Audiovizual Şurasının
17.02.2023-cü il tarixli 01/23-01 nömrəli qərarı
ilə təsdiq edilmişdir
- Ümumi müddəalar
1.1. Bu Qayda "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 4.1.5-ci maddəsinə və "Media haqqında" Azərbaycan Respublikası Qanununun 47.1.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir.
1.2. Şuranın normativ xarakterli aktları Şura tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.
1.3. Şuranın normativ xarakterli aktları qərar formasında qəbul edilir.
1.4. Şuranın normativ xarakterli aktları Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktları icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
- Şuranın normativ xarakterli aktlarının hazırlanması
2.1. Şuranın normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun hazırlanır.
2.2. Şura normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Şuranın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
2.4. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Şuranın normativ xarakterli aktlarının layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət qurumları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət qurumları ilə razılaşdırılmalıdır.
- Şuranın normativ xarakterli aktlarının qəbul edilməsi
3.1. Şuranın normativ xarakterli aktları Şura tərəfindən qəbul edilir və Şuranın sədri tərəfindən imzalanır.
3.2. Şuranın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 (üç) gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.
3.3. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar Şura qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. Normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Şura Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.
3.4. Şuranın normativ xarakterli aktlarının Dövlət Reyestrinə daxil edilməsi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq həyata keçirilir.
3.5. Şuranın normativ xarakterli aktı həmin aktda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
3.6. Şuranın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.