AZƏRBAYCAN RESPUBLİKASI AUDİOVİZUAL ŞURASININ 2022-ci il üzrə HESABATI
Ümumi məlumat
"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununa və "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ləğv olunmuş Milli Televiziya və Radio Şurasının səlahiyyətlərini hazırda Azərbaycan Respublikası Audiovizual Şurası həyata keçirir.
2022-ci ilin əvvəlindən Azərbaycan Respublikası Audiovizual Şurası İsmət Səttarov, Aslan Xəlilov, Bəxtiyar Balakişiyev, Telli Əliyeva və Mübariz Əsgərovdan ibarət 5 nəfərlik tərkibdə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Audiovizual Şurasının aparatının yeni strukturu təsdiq edilmişdir. Yeni struktura əsasən Aparatın nəzərdə tutulan Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual proqramların monitorinqi və təhlili, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya, İnsan resursları, sənədlərlə iş və məxfi məlumat, Maliyyə və təminat şöbələrinin bəziləri tam, bəziləri isə qismən formalaşmış və il ərzində fəaliyyət göstərmişdir.
İl ərzində Şuranın 20 iclası (həm canlı, həm də onlayn formatda) keçirilmiş, ümumilikdə 22 məsələyə baxılmış və 34 qərar qəbul edilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiləri audiovizual media sahəsində həyata keçirilən fəaliyyət, təqdim olunan yeniliklər barədə mediada 10-a yaxın müsahibə və ya açıqlama vermiş, ilin sonunda Şura sədrinin ilin yekunlarına həsr olunmuş mətbuat konfransı təşkil edilmişdir.
2022-ci il ərzində Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytında Şuranın fəaliyyəti və ümumən media sahəsi üzrə 72 məlumat təqdim olunmuşdur. Sosial şəbəkə hesablarında (Facebook, Twitter, Instagram) məlumat və paylaşımların sayı 95 olmuşdur.
Lisenziyalaşdırma sahəsində fəaliyyət
"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə (8 fevral 2022-ci il) əlaqədar olaraq həmin Qanunun 78.1-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə minənədək teleradio yayımı sahəsində fəaliyyət göstərən lisenziya sahiblərinə yeni növ lisenziyaların verilməsi sahəsində müvafiq işlər həyata keçirilmişdir. Ümumrespublika televiziya və radio yayımçılarına – ümumölkə yerüstü televiziya yayımçısı və ümumölkə yerüstü radio yayımçısı lisenziyası, regional televiziya və radio yayımçılarına – regional yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı lisenziyası, peyk yayımçılarına – peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası, kabel yayımçılarına istifadə etdikləri yayım üsullarından (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları) asılı olaraq – sadə platforma operatoru lisenziyası və universal platforma operatoru lisenziyası verilmişdir.
İlin sonunadək 62 audiovizual media subyektinin lisenziyalarının yeniləri ilə əvəz olunması prosesi həyata keçirilmişdir və bu proses davam edir. Köhnə lisenziyaların yeni lisenziyalarla əvəz olunması ilə yanaşı, yeni audiovizual media subyektlərinə də müvafiq lisenziyaların verilməsi işi həyata keçirilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurası il ərzində lisenziya verilməsi üçün 4 müsabiqə təşkil edib keçirmişdir. Bu müsabiqələrin hamısı ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün olmuşdur.
17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan edilmiş müsabiqənin nəticələrinə uyğun olaraq Şuranın 11 mart 2022-ci tarixli 2/1 nömrəli Qərarına əsasən "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (radio redaksiyasının adı: "Real FM") ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilmişdir.
13 iyul 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək elan edilmiş 3 müsabiqənin nəticələrinə uyğun olaraq Şuranın 23 sentyabr 2022-ci il tarixli 12/1, 12/2 və 12/3 saylı Qərarları ilə müvafiq olaraq "NHR" MMC-yə (radio redaksiyanın adı: "Yurd FM"), "Bakı FM" MMC-yə (radio redaksiyanın adı: "Baku Hit FM") və "Retro FM" MMC-yə (radio redaksiyanın adı: "Baku Retro FM") ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilmişdir.
Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarları ilə 6 regional yerüstü televiziya yayımçısına "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-yə (televiziya redaksiyasının adı: "Kəpəz TV"), "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkətinə (televiziya redaksiyasının adı: "Qafqaz TV"), "Yevlax TV" MMC-yə (televiziya redaksiyasının adı: "El TV"), "RTV" MMC-yə (televiziya redaksiyasının adı: "ARB Şimal"), "CTV" MMC-yə (televiziya redaksiyasının adı: "ARB Cənub"), "Kanal S" MMC-yə (televiziya redaksiyasının adı: "Kanal S") peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilmişdir.
Şuranın 16 noyabr 2022-ci il tarixli 17/2 və 17/3 saylı qərarlarına əsasən müvafiq olaraq "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir.
Şuranın 30 noyabr 2022-ci il tarixli 19/1, 19/2, 19/3, 19/4, 19/5 saylı qərarlarına əsasən müvafiq olaraq "APAMARK" MMC-yə (televiziya redaksiyasının adı: "APA TV"), "Səhiyyə TV" MMC-yə (televiziya redaksiyasının adı: "Səhiyyə TV"), "Aqro Televiziya və Radio" MMC-yə (televiziya redaksiyasının adı: "Agro TV"), "ATV Plus" MMC-yə (televiziya redaksiyalarının adı: "Vivace" və "ATV+Cinema") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir.
Şuranın 20 dekabr 2022-ci il tarixli 20/1 nömrəli qərarı ilə "Təhsil TV" MMC-yə (televiziya redaksiyasının adı: "Təhsil TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir.
Bununla da, hazırda, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının) tərkibi belədir:
- 11 ümumölkə yerüstü televiziya redaksiyası;
- 11 regional yerüstü televiziya redaksiyası (bundan 2-i Naxçıvan MR-da);
- 15 ümumölkə yerüstü radio radio redaksiyası;
- 5 regional yerüstü radio redaksiyası (bundan 2-i Naxçıvan MR-da);
- 10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 9-u həm də regional yerüstü televiziya redaksiyasıdır);
- 8 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;
- 51 platforma operatoru;
- 2 multipleks operatoru.
Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyət
Azərbaycan Respublikası Audiovizual Şurası 2022-ci il ərzində "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə (8 fevral 2022-ci il) əlaqədar olaraq uyğunlaşdırma çərçivəsində aidiyyəti orqanlar (qurumlar) qarşısında təkliflərlə çıxış etmiş, eyni zamanda orqan və qurumlardan gələn təkliflərlə bağlı arayışlar hazırlamış və rəylər bildirilmişdir.
"Azərbaycan Respublikası Audiovizual Şurasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 aprel tarixli 3216 nömrəli Sərəncamı ilə işçilərinin say həddi 51 ştat vahidi müəyyən edilmiş Azərbaycan Respublikası Audiovizual Şurasının strukturu təsdiq olunmuşdur.
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 aprel 2022-ci il tarixli 507-VIQD nömrəli Qanununa əsasən "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 5-ci maddəsi yeni redaksiyada verilmişdir. Bu dəyişiklik "Media haqqında" Qanunda nəzərdə tutulmuş audiovizual media subyektlərinə verilən yeni növ lisenziyalarla bağlı həyata keçirilmişdir.
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 aprel 2022-ci il tarixli 508-VIQD nömrəli Qanununa əsasən "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.39-cu maddəsi (Audiovizual media fəaliyyəti) yeni redaksiyada verilmişdir.
İl ərzində audiovizual media fəaliyyəti ilə bağlı hüquqpozmalara aid olan "İnzibati Xətalar Məcəlləsi"nə əlavə və dəyişikliklərlə bağlı Qanun layihəsi hazırlanaraq aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırılmışdır.
"Media haqqında" Qanun layihəsi iə bağlı digər qanunvericilik aktlarında zəruri hesab olunan dəyişikliklərlə əlaqədar təkliflər aidiyyatı qurumlara təqdim olunmuş, zəruri hallarda hüquqi arayışlar və izahatlar verilmişdir.
"Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nın layihəsi hazırlanaraq aidiyyəti orqanlara göndərilmiş və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı" təsdiq edilmişdir.
"Reklam haqqında" Qanuna dəyişikliklər edilməsi ilə bağlı 21 bənddən ibarət Qanun layihəsi aidiyyəti orqanlara (qurumlara) razılaşdırılması üçün göndərilmiş, hazırda həmin qurumlardan alınmış rəy və təkliflər əsasında Layihənin təkmilləşdirilməsi prosesi həyata keçirilir.
Ümumiyyətlə, audiovizual mediada reklam sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə və effektiv fəaliyyətin təmin edilməsi, audiovizual media subyektlərinin maarifləndirilməsi məqsədilə 4 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ilə Azərbaycan Respublikası Audiovizual Şurasının birgə maarifləndirmə seminarı keçirilmişdir. Seminar zamanı hər iki dövlət qurumunun əməkdaşları tərəfindən auidiovizual yayımda reklama, bir sıra reklamlarda mövcud qanunvericiliyin pozulması halları ilə bağlı məlumatlara həsr olunmuş təqdimatlar edilmiş, yayımçıların və reklam agentliklərinin də iştirak etdiyi müzakirələr təşkil olunmuşdur. Tədbirin sonunda 2023-cü ilin üçün iki qurumun bu sahədə birgə fəaliyyətini nəzərdə tutan Tədbirlər Planı sənədi AİBNDX rəisi Məmməd Abbasbəyli və Şura sədri İsmət Səttarov tərəfindən imzalanmışdır. İmzalanmış sənədə əsasən növbəti ildə iki qurum tərəfindən birgə İşçi Qrupun yaradılması, qəbul olunacaq "Rəqabət Məcəlləsi"nə dair seminarın təşkili, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa təklif edilmiş dəyişikliklərə dair maarifləndirmə tədbirinin təşkili, audiovizual media sahəsində antiinhisar qanunvericiliyinin pozulması hallarına yol vermiş bazar subyektləri barəsində nəzərdə tutulmuş pozuntu halları ilə bağlı aparılan araşdırmalar zamanı zərurət yarandığı təqdirdə qarşılıqlı birgə fəaliyyət, rəqabət və reklam qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulmuşdur.
Qanunvericiliyin, məqsədli Dövlət proqramlarının və Milli Fəaliyyət Planlarının icrası sahəsində fəaliyyət
22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında ümumölkə yerüstü televiziya yayımçılarının proqram rəhbərləri ilə məqsədli dövlət proqramlarına uyğun olaraq Şura və ümumölkə televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların yerinə yetirilməsi üzrə hesabatlara dair görüş keçirilmişdir. Görüş zamanı qanunvericilik və məqsədli dövlət proqramlarına uyğun olaraq yayımçılara zəruri tövsiyələr verilmiş, yayımçılar tərəfindən Şuraya təqdim olunan və 2022-ci il ərzində təqdim olunacaq hesabatlara dair yayımçıları maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn tələblərlə bağlı Şura əməkdaşlarının iştirakı ilə 06 iyul 2022-ci il tarixdə Lənkəranda, 13 iyul 2022-ci il tarixdə Xaçmazda, 18 iyul 2022-ci il tarixdə Şəkidə regional yerüstü televiziya redaksiyalarının nümayəndələri ilə dəyirmi masalar keçirilmiş və redaksiyaların yaradıcı heyətlərinə bu sahədə görülmüş işlər, qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verilmişdir.
Bu istiqamətdə Şura əməkdaşları 27.04.2022-ci il tarixdə "Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu" adlı dəyirmi masada, 20.09.2022-ci il tarixdə "Uşaq hüquqları haqqında Konvensiyaya dair Azərbaycan hökümətinin V, VI dövri məruzəsinin təqdimatı ilə əlaqədar təkliflərin verilməsi" üzrə görüşdə, 07.12.2022-ci il tarixdə "Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger müsabiqəsi" adlı tədbirdə iştirak etmişlər. Bundan başqa, 09.12.2022-ci il tarixdə BMT-nin Uşaq hüquqları Komitəsinin Cenevrə şəhərində keşiriləcək 92-ci sessiyasında Uşaq hüquqlarına dair Konvensiya üzrə Azərbaycan Respublikası Hökümətinin V və VI dövri məruzəsinin təqdimatının keçirilməsinə dair müzakirələrdə də iştirak təmin olunmuşdur.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi ilə bağlı, bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir.
Bu sahədə fəaliyyət göstərən daimi İşçi Qrupun hazırladığı sosial çarxlar bütün ümumölkə televiziya yayımçılarının efirlərində yayımlanması təmin olunmuşdur. Ümumölkə yerüstü televiziya yayımçılarından bu mövzuda yayımladıqları proqramlar haqqında toplanan aylıq hesabatlar əsasında müvafiq ümumiləşdirilmiş rüblük hesabatlar hazırlanmış və İşçi Qrupa təqdim olunmuşdur. 2022-ci il ərzində İşçi Qrupun 4 iclası keçirilmiş və Şura sədri müvafiq hesabatlarla həmin iclaslarda çıxış etmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Mübariz Əsgərovun şəxsi təşəbbüsü, Şuranın ümumi dəstəyi, Gənclər Fondunun maliyyə dəstəyi, Daxili İşlər Nazriliyinin informasiya təminatı ilə narkomaniyaya və onun fəsadlarına həsr olunmuş "Qara talelər" sənədli filmi istehsal olunmuş, Dövlət Komissiyasına təqdim olunmuş və müvafiq rəy alındıqdan sonra televiziya redaksiyalarına efirlərində nümayiş edilməsi üçün tövsiyə olunmuşdur. Dekabr ayı ərzində həmin film bütün ümumölkə televiziya kanallarında yayımlanmışdır.
Audiovizual proqramlarda "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanunun tələblərinə əməl edilməsinə nail olunması məqsədilə Dövlət Dili Komissiyasının yanında fəaliyyət göstərən Monitorinq Mərkəzi ilə əməkdaşlıq qurulmuşdur. 2021-ci ilin mart, aprel və may ayları ərzində Mərkəz tərəfindən aparılmış televiziya və radio kanallarının efirinin monitorinqinin nəticələri açıqlanmış, dərc olunmuş və Şuraya təqdim olunmuşdur. Monitorinq nəticəsində aşkarlanmış qanun pozuntuları yayımçıların diqqətinə çatdırılmış, müvafiq tövsiyələr verilmişdir. Şura Monitorinq Mərkəzinə və Medianın İnkişafı Agentliyinə televiziya və radio redaksiyalarında işləyən aparıcı və müxbirlər tərəfdən yayım zamanı dövlət dilindən istifadənin təkmilləşdirilməsinə nail olunması üçün onlar üçün müvafiq təlimlərin təşkil etməyi təklif etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq audiovizual yayımçılara zəruri məlumat və tövsiyələr verilmiş, onlar tərəfindən hazırlanmış proqramlar haqqında müvafiq hesabatlar ilin sonunda Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli,1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə uyğun olaraq Şura tərəfindən bir sıra zəruri işlər həyata keçirilmişdir. Şuranın veb-saytında müvafiq dəyişikliklərin edilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın tələblərinə uyğun olaraq audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, yayımçılar tərəfindən bu mövzuda yayımlanmış proqramlar haqqında hesabatlar hazırlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəcamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı" ilə bağlı Şuranın tövsiyələrinə əsasən yayımçılar tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Şuraya təqdim olunması təmin olunmuşdur.
Həmçinin, 11.10.2022-ci il tarixdə "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün tədbirlər planı"nda 2.4.1, 2.4.2, 2.4.3 yarımbəndlərin icrası istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin və (KOİCA) Azərbaycanlı Məzunlar Assosiasiyasının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət qurumları və QHT-lərin iştirakı ilə "Cins nisbətinin pozulmasını qarşısının alınması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi" mövzusunda tədbirdə iştirak təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası" ilə bağlı audiovizual yayımçılara müvafiq tövsiyələr verilmiş, yayımçılar tərəfdən proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatların Şuraya təqdim olunması təmin olunmuşdur.
Bu istiqamətdə 25.11.2022-ci il tarixdə "Qadınlar və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə fəallıq kompaniyasına həsr olunmuş 16 günlük Fəallıq Kompaniyası Media müstəvisində" mövzusunda tədbirdə Şuranın əməkdaşları iştirak etmişlər.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 87-VQ nömrəli Qanununun 12-ci maddəsinin tələbinə əsasən kanalların 2022-ci il üzrə hesabatlarının hazırlanması həyata keçirilmişdir.
Regional yayımçıların dövlət proqramları və milli fəaliyyət planları üzrə fəaliyyətə daha aktiv cəlb olunmasının təmin olunması və zəruri maarifləndirmə-məlumatlandırma işlərinin həyata keçirilməsi üçün 20 dekabr 2022-ci il tarixdə Şuranın inzibati binasında regional yayımçıların (həm televiziya, həm radio) rəhbərləri və proqram direktorları ilə geniş dəyirmi masa təşkil olunmuşdur. Görüş zamanı regional redaksiyalar tərəfindən müxtəlif məqsədli dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası ilə bağlı mövcud durum müzakirə olunmuşdur.
Audiovizual proqramların monitorinqi və yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
Şura Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların mütəmadi monitorinqi aparılmış, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar hazırlanmışdır.
Ümumölkə yerüstü televiziya yayımçılarının redaksiyalarının 7-nin ("AZTV", "İTV", "ARB 24", "Real TV", "Mədəniyyət TV", "İdman TV", "CBC Sport TV") və 1 peyk yayımı həyata keçirən platforma yayımçısının redaksiyasının ("CBC") efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil etmişdir. Ümumölkə yerüstü televiziya yayımçılarının redaksiyalarının 4-nün ("ATV", "Xəzər TV", "ARB" və "Space TV") və 1 peyk yayımı həyata keçirən platforma yayımçısının redaksiyasının ("MTV") efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılmışdır.
Qeyd olunmalıdır ki, il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq bütün yayımçılar öz proqram səbətlərini operativ olaraq dəyişmiş və bir sıra yeniliklər həyata keçirmişlər. Buna misal olaraq 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hərbi toqquşmalar və ondan sonrakı müddətdə televiziya kanallarının proqramlarının mövzusunun dəyişilməsini göstərmək olar.
İl ərzində, həmçinin, ölkə ərazisində fəaliyyət göstərən ümumölkə radio yayımçılarının proqramlarının monitorinqləri aparılmışdır.
Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olmuşdur. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmamışdır. Seriallar tam olaraq lisenziyalı olaraq və dublyaj olunmuş vəziyyətdə yayımlanır.
Ümumölkə televiziya kanallarında verilmiş tapşırıqlara əsasən 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura tərəfindən şəhidlər haqqında çəkilən reportajların ümumi reyestri aparılır. Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və bu ilin sonuna olan məlumata görə artıq 2000-ə yaxın şəhid barədə reportaj televiziya kanallarında yayımlanmışdır.
İl ərzində müəyyən vaxtlarda regional yerüstü televiziya və radio yayımçılarının proqramlarının da monitorinqi aparılmışdır.
Ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 401 pozuntu faktı qeydə alınmışdır. Həmin pozuntuların çox bir hissəsi (389 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunmuşdur. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 8 dəfə xəbərdarlıq elan olunmuş və mediada dərc olunmuşdur. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur.
Qeyd olunmalıdır ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər və zəruri maarifləndirmə fəaliyyəti nəticəsində 2020-ci və 2021-ci illərlə müqayisədə 2022-ci il ərzində qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilmişdir.
Piratçılıqla mübarizə
Piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılar ilə intensiv kommunikasiya qurulmuşdur. Ümumölkə yerüstü televiziya və peyk yayımı həyata keçirən platforma yayımçılarının redaksiyalarının (kanallarının) efirində yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunmuşdur. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən televiziya redaksiyalarının ("AZTV" və "İTV") efirlərində yayımlanan bədii filmlərin lisenziyalı yayımı təmin olunmuşdur. 2023-cü ilin sonuna digər televiziya redaksiyalarının (kanallarının) efirlərində yayımlanan bədii filmlərin lisenziyalı yayımına nail olunması planlaşdırılır.
Platforma operatorlarının paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsinə operatorların rəhbərləri və səalhiyyətli nümayəndələri ilə yeni görüşlər təşkil olunmuş, zəruri tövsiyələr verilmiş və xəbərdarlıqlar edilmişdir. Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90-100 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunmuşdur.
Reytinq ölçmələrin tətbiqi sahəsində fəaliyyət
2021-ci ilin oktyabr ayından başlamış Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi üzrə müasir sistemin quraşdırılması işləri plan üzrə davam etmişdir. 17 noyabr 2022-ci il tarixdə xarici mütəxəssislərin iştirakı ilə reytinq ölçülməsi sisteminin işə salınmasını simvolizə edən açılış mərasimi baş tutmuşdur. Oktyabr ayından etibarən yeni sistemlə reytinqlərin ölçülməsi test rejimində aparılmağa başlamış və bazar iştirakçılarına təqdim olunmuşdur.
2023-cü ilin əvvəlindən yeni sistem tam olaraq işə düşəcək və bazar iştirakçılarına təqdim olunacaqdır.
Audiovizual yayıma texniki nəzarət sahəsində fəaliyyət
Azərbaycan Respublikası Audiovizual Şurasının aparatının audiovizual yayıma texniki nəzarət üzrə əməkdaşları televiziya və radio yayımı sahəsində müxtəlif texniki işləri həyata keçirməklə ölkəmizdə yayımın hər üç formasına – yerüstü, kabel və peyk yayımına texniki nəzarət işlərini həyata keçirmişdir.
"Azerspace" peykindən birbaşa televiziya və radio yayımının HD formatına keçilməsi üçün yayımçıların, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə əlverişli olan parametrlər seçilmiş, razılaşdırılmış və müvafiq cədvəllər tərtib olunmuşdur. Əhalinin, o cümlədən, yayımçıların zəruri maarifləndirmə işinin təşkilindən sonra 28 yanvar 2022-ci il tarixdədən peyk yayımında bütün yayımçıların proqramlarının yayımı HD formata keçmişdir.
"Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləği”nin təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərar layihəsi təhlil olunmuş, televiziya və radio yerüstü yayımı, yayım siqnallarının peykə ötürülməsi və peykdən qəbulu üçün xidmət haqlarının təklif olunmuş yeni qiymətləri əvvəlki qiymətlərlə müqayisə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ilə müzakirə olunmuş, müvafiq düzəlişlər aparılmış və rəy verilmişdir.
Yeni ümumölkə yerüstü radio redaksiyalarının ("Real FM", "Yurd FM", "Baku Hir FM", "Baku Retro FM"), habelə "Radio TMB" redaksiyasının proqramlarının bölgələr üzrə yayımının genişləndirilməsi məqsədilə ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin apardığı monitorinqlərdən sonra RTYS-lər üzrə boş olan istifadəyə yararlı radiotezliklər Şuranın müvafiq qərarları ilə yayımçıların istifadəsinə ayrılmışdır.
Müasir tələblərə uyğun olaraq 700 MHs-dən yuxarı tezliklərin LTE texnologiyası üçün istifadə olunması məqsədilə Azərbaycan Respublikası ərazisində 48-ci TV yayım kanalından yuxarı olan kanalların aşağı TV yayım kanallarına keçirilməsi məsələsi yenidən araşdırılmışdır. Bakı şəhəri və Abşeron yarımadası ərazisində, habelə bölgələrdə həmin kanalların yeni siyahısı çıxarılmış, onların əvəz olunması üçün 48-ci TV yayım kanalından aşağı olan boş kanalların siyahısı tərtib olunmuş və alınmış nəticələr və keçidin həyata keçirilməsi imkanları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış ölkəmizin ərazisində "DAB+" rəqəmsal yerüstü audio yayımına mərhələli keçid planının layihəsi təhlil olunmuş və rəy verilmişdir.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü açıq TV paket yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi və "Yerüstü Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə müvafiq işlər aparılmışdır.
"Formula 1 Azərbaycan Qran Pri" yarışlarının təşkili və beynəlxalq yayımı üçün zəruri radiotezliklərin ayrılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində 39-cu TV yayım kanalı üzrə kodlanmış yerüstü televiziya yayımının müvəqqəti olaraq dayandırılması məsələsi həmin TV kanalın istifadəçisi olan operatorla ("ATV Plus" MMC) müzakirə olunaraq həll olunmuşdur.
Yerüstü televiziya yayımında səsin ucalığınının qiymətləndirilməsi üçün müntəzəm olaraq monitorinqlər aparılmışdır. Müxtəlif vaxtlarda bu ucalığı əks etdirən texniki sənədlər yayımçılara təqdim olunmuş, səsin ucalığının bəzi televiziya kanallarında normadan yuxarı və və ya aşağı olması yayımçıların nəzərinə çatdırılmışdır.
Ümumölkə yerüstü televiziya yayımının texniki təhlükəsizliyinə nəzarət məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri ilə birlikdə ümumölkə yerüstü televiziya yayımçılarının balansında olan yayım avadanlıqlarına baxış keçirilmiş, televiziya proqramlarının yaradılması və ilkin siqnalın ötürülməsi mərhələləri təhlil edilmiş, bu proseslərə kənar müdaxilələrin mümkünlüyünü analiz etmək üçün zəruri məlumatlar toplanmışdır. Bütün məlumatlar emal olunduqdan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssislərinin müvafiq tövsiyələri yayımçılara təqdim olunacaqdır.
16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Audiovizual Şurasının və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin rəhbərliyinin iştirakı ilə iclas keçirilmiş, iclasın yekununda beynəlxalq məsləhətçi şirkət cəlb olunmaqla Azərbaycan Respublikasında 2023-2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyasının hazırlanması qərara alınmış və bununla bağlı işçi qrup yaradılmışdır. Sonrakı mərhələdə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi tərəfdən müvafiq satınalma proseduru keçirilmiş və Türkiyənin "Arthur D.Little Danışmanlık Kizmetleri AnoimŞirketi" qalib müəyyən edilmişdir. Şuranın mütəxəsssiləri işçi qryp çərşivəsində konsepsiyanın hazırlanması ilə məşğul olan həmin şirkətin nümayənədləri ilə bir neçə dəfə görüş keçirmiş və müzakirələr aparmışdır. Müvafiq dövlət qurumlarından alınan rəylər əsasında şirkət tərəfindən Konsepsiyanın ingilis dilində layihəsi hazırlanmış, daha sonra Azərbaycan dilinə tərcümə olunmuş və digər qurumlar kimi Şuraya da təqdim olunmuşdur.
Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıların proqramlarının ölkə üzrə tam yayımına nail olunması, habelə sərhəd bölgələrində radio yayım infrastrukturunun gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurasının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, habelə radio yayımçıların adından çıxış edən "Rəqəmsal və audiovizual yayım sənayesi" ("RAYS") İctimai Birliyinin radio komitəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup ölkədə radio yayımın optimal həddinə çatmaq üçün RTYS-lərin və həmin stansiyalarda quraşdırıla biləcək zəruri avadanlıqlıqların siyahısını hazırlamışdır. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həmin təkliflər daha dəqiq işlənərək müvafiq orqanlara təqdim olunmuşdur.
Beynəlxalq əməkdaşlıq
2022-ci il ərzində audiovizual yayım sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq qurum və təşkilatlar ilə əlaqələr davam etdirilmişdir.
Yanvar ayında Tənzimləyici Qurumların Avropa Platformasının (EPRA) 2022-ci il üçün iş proqramı haqqında məlumat mübadiləsi aparmaq və müvafiq yenilikləri bölüşmək məqsədilə video formatda iclaslar keçirilmiş, Şura aparatının məsul şəxsləri onlayn toplantılarda iştirak etmişlər. İl ərzində EPRA çərçivəsində aşağıdakı onlayn tədbirlərdə iştirak təmin olunmuşdur:
- 16 fevral 2022-ci il tarixində "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun 6-ci iclası;
- 14 mart 2022-ci il tarixində "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupu çərçivəsində media savadlılığı haqqında qısa vebinar;
- 16 mart 2022-ci il tarixində yaş məhdudiyyətlərinə həsr olunmuş "Video paylaşım platformaları və tənzimləmə" adlı onlayn seminar;
- 22 aprel 2022-ci il tarixində "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun 7-ci iclası;
- 16 sentyabr 2022-ci il tarixində "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun 8-ci iclası;
- 04 noyabr 2022-ci il tarixində "Etimad və xəbərlər: xəbər və məlumat savadlılığı necə işləyir?" birgə onlayn toplantı;
- 18 noyabr 2022-ci il tarixində "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun 9-cu iclası.
Bundan başqa, 11-13 may 2022-ci il tarixlərdə Belçikanın Antverpen şəhərində EPRA-nın 55-ci Toplantısı və 12-14 oktyabr 2022-ci il tarixlərdə Türkiyənin Antalya şəhərində EPRA-nın 56-cı Toplantısı təşkil olunmuşdur. Şura aparatının rəhbəri hər iki toplantıda iştirak etmiş Azərbaycanda bu sahədə baş verən yeniliklərdən qısa təqdimat çıxışı etmişdir. Toplantılar çərçivəsində "Uşaqlar və reklam", "Milli tənzimləyici qurumlar rəqəmsal mühitdə", "Dezinformasiya, plüralizm və etimad", "Video paylaşım platformaları" mövzularında plenar sessiyalar keçirilmiş, bu sahədə mütəxəssislərin təqdimatları dinlənilmiş, mövzular üzrə dəyirmi masa və müzakirələr təşkil olunmuşdur.
Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə İşçi Qrupun 9-cu Toplantısı və TDT media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü Toplantısı 13-14 may 2022-ci il tarixlərdə İstanbulda keçirilmişdir. Şura sədri İsmət Səttarov bu toplnatıda iştirak etmişdir. Toplantıda Azərbaycan tərəfinin təklifi və qəbul olunan yekun protokola əsasən, 2022-ci ilin payız ayılarında Bakıda TDT ölkələrinin audiovizual media üzrə tənzimləyici qurumlarının ilk toplantısının keçirilməsi qərara alınmışdır.
18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov ilə Bakıda səfərdə olan Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) rəhbəri Əbubəkr Şahin arasında görüş keçirilmişdir. Görüşdə Audiovizual Şura ilə RTÜK arasında mövcud əməkdaşlıq əlaqələri, Azərbaycan - Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət, yeni qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn bir sıra yeniliklər müzakirə olunmuş, gələcək əməkdaşlıq və birgə fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin media üzrə müşaviri Hüseyn Altınalan da iştirak etmişdir.
22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasında ölkəmizdə işgüzar səfərdə olan Fransanın İstanbuldakı konsulluğunun audiovizual əməkdaşlıq üzrə attaşesi Gislen Vidal-Jiru ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Fransanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının əməkdaşlıq perspektivlərindən söz açılmış, audiovizual yayım zamanı müəllif hüquqlarının qorunması, yeni audiovizual media və yayım xidmətləri ilə bağlı son vəziyyət barədə müzakirələr aparılmışdır.
İyul ayında Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişafı Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Şura sədri İsmət Səttarov ilə görüş keçirilmiş, audiovizual media sahəsində iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul 2022-ci il tarixdə - Milli Mətbuat Günündə - Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilmişdir. Forumda Şura sədri İsmət Səttarov da iştirak etmiş və tədbirdə çıxış etmişdir.
27-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici qurumlarının 1-ci Toplantısı Bakı və Şuşa şəhərlərində uğurla keçirilmişdir. Toplantı çərçivəsində Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin Audiovizual Media Tənzimləyici qurumları arasında Forumun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması ilə bağlı Konsepsiya sənədi "RTÜK" tərəfindən təqdim olunmuş və müzakirələr təşkil edilmişdir. Toplantının ikinci günündə Şuşa şəhərinə səfər təşkil olunmuşdur. Şuşa şəhərində təşkil olunmuş toplantının sonunda Forumun yaradılması və bununla bağlı TDT-na üzv və müşahidəçi ölkələrin Media və informasiya üzrə nazirlərin və yüksək səviyyəli rəsmilərinin 5-ci Toplantısına məlumat verilməsi ilə bağlı Niyyət Bəyannaməsi imzalanmışdır.
10 dekabr 2022-ci il tarixdə Türkmənistanın bitərəfliliyinin 27-ci ildönümü münasibətilə Aşqabad şəhərində Beynəlxalq Media Toplantı keçirilmişdir. Şura aparatının rəhbəri Fazil Novruzov video formatda toplantıda cıxış etmişdir.
21-23 dekabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Audiovizual Şurasının hüquq, beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Ankara şəhərinə Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) işgüzar səfər etmişdir. Türkiyə Radio və Televiziya Ali Şurasınnın (RTÜK) vitse-prezidenti cənab İbrahim Uslu Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndə heyətini qəbul etmişdir. İki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri, beynəlxalq forumlarda iki qurumun qarşılıqlı dialoqa və razılığa əsaslanan birgə fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur. Səfər çərçivəsində keçirilən görüşlərdə Audiovizual Şuranın maraq dairəsində olan bir çox məsələlər, o cümlədən, audiovizual medianın tənzimlənməsi sahəsində Türkiyə təcrübəsi, bununla bağlı Türkiyədə mövcud qanunvericilik bazası və RTÜK-ün səlahiyyətləri, yeni media növlərinin tənzimləmə mexanizmlərinə daxil edilməsi və sairə məsələlər barədə fikir mübadiləsi təşkil olunmuşdur.
Müraciətlərlə iş, insan resursları və elektron xidmətlər
Şurası Aparatının İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair" Təlimatı və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq 2021-ci il ərzində müvafiq sənədləşmə işlərini aparmışdır.
2022-ci il ərzində Azərbaycan Respublikası Audiovizual Şurasına 684 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 122-i vətəndaş müraciətləri, 83-ü normativ hüquqi sənədlər, 50-i Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikası Nazirlər Kabinetindən məlumat, tapşırıq və tövsiyyə xarakterli sənədlər, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterli sənədlərdir.
2022-ci il ərzində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən ölkənin ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə 529 sənəd göndərilmişdir. Bunlardan 89-u audiovizual media subyektlərinə tövsiyə, tapşırıq və məlumat xarakterli, 99–u vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli sənədlərdir.
Azərbaycan Respublikası Prezidentinin "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” 08 fevral 2022-ci il tarixli 1589 saylı Fərmanına əsasən Şuranın yeni strukturunun təsdiqlənməsi ilə əlaqədar Şura Aparatının əməkdaşlarının analoji vəzifəyə təyin olunması ilə bağlı müvafiq sənədləşmə işlərini həyata keçirmişdir. Yuxarıda qeyd olunan işlər və Şura əməkdaşları ilə bağlı digər dəyişikliklər Azərbaycan Respublikası Audiovizual Şurası resurslarının planlaşdırılması sistemində www.erp.gov.az, əmək müqavilələri bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi sistemində www.emas.sosial.gov.az, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaların yeni müqavilələrinin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində www.isb.az, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluqçularının reyestri sistemində www.reyerstr.dim.gov.az və dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində www.exidmet.dim.gov.az/VIS yenidən işlənib hazırlanmışdır.
Həmçinin kadrların işə qəbulu üzrə www.e-gov.az internet resursu üzrə elektron sənədləşmə işləri həyata keçirilmiş və idarələrarası elektron sənəd dövryyəsi vasitəsilə daxil olan sənədlər qəbul olunmuş və göndərilmişdir.
Maddi-texniki təminat və maliyyə məsələləri
Azərbaycan Respublikası Audiovizual Şurasının balansında olan Bakı şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən inzibati binası məhdud işlək vəziyyətə düşdüyündən Şura Bakı şəhəri, A.M.Şərifzadə küçəsi 315 ünvanında yerləşən 4 mərtəbəli ofis binasını icarəyə götürmüş, və 1 noyabr 2021-ci il tarixdən Şura fəaliyyətini müvəqqəti icarəyə götürülmüş inzibati binada davam etdirməyə başlamışdır.
2022-ci il ərzində Şurasının balansında olan Bakı şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən inzibati binanın balansdan çıxarılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasının icarəyə götürdüyü inzibati binasının mühafizəsi Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsi və "Qartal SS" mühafizə şirkəti ilə bağlanmış müqavilələrə əsasən fasiləsiz olaraq növbəli iş rejimi ilə təmin edilmişdir.
Şuranın adının dəyişməsi ilə bağlı Azərbaycan Respublikası Audiovizual Şurasına məxsus yeni möhür, ştamp, loqo və blankların hazırlanması işləri yerinə yetirilmişdir.
2022-ci il ərzində təchizat məsələləri ilə əlaqədar şöbələrin sifarişlərinə uyğun olaraq lazım olan ehtiyatlar, dəftərxana ləvazimatları və təsərrüfat malları ilə təminat məsələləri həll edilmişdir. Alınan mallar təyinatı üzrə paylanmış və iş otaqlarında yerləşdirilmişdir.
Şuranın fəaliyyəti ilə əlaqədar həyata keçirdiyi bütün maliyyə addımları ilə bağlı maliyyə hesabatının yaxın müddətdə Şuranın veb-saytında yerləşdirilməsi planlaşdırılır.