Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndə heyəti RTÜK-ə səfər etmişdir
21-23 dekabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndə heyəti Ankara şəhərinə Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) işgüzar səfər etmişdir. Audiovizual Şuranın nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin müşaviri Haşim Əliməmmədzadə, Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov, Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdirinin müavini Cəmilə Qəhrəmanova, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin baş məsləhətçisi Hüseyn Tanrıverdi daxil olmuşdur.
Türkiyə Radio və Televiziya Ali Şurasınnın (RTÜK) vitse-prezidenti cənab İbrahim Uslu Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndə heyətini qəbul etmişdir. İki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri, beynəlxalq forumlarda iki qurumun qarşılıqlı dialoqa və razılığa əsaslanan birgə fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur. Səfər çərçivəsində keçirilən görüşlərdə Audiovizual Şuranın maraq dairəsində olan bir çox məsələlər, o cümlədən, audiovizual medianın tənzimlənməsi sahəsində Türkiyə təcrübəsi, bununla bağlı Türkiyədə mövcud qanunvericilik bazası və RTÜK-ün səlahiyyətləri, yeni media növlərinin tənzimləmə mexanizmlərinə daxil edilməsi və sairə məsələlər barədə fikir mübadiləsi təşkil olunmuşdur.
Görüşlər çərçivəsində, həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) Audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (TBRAF) yaradılması üçün TDT-nın Media və İnformasiya nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunacağı və sənədlərin 2023-cü ilin payız aylarında imzalanmasının gözlənildiyi mövzusunda da fikir mübadiləsi aparılmışdır.
Daha sonra Audiovizual Şuranın nümayəndə heyəti RTÜK-ün "Monitorinq və qiymətləndirmə", "Lisenziya və icazələr", "Beynəlxalq münasibətlər", "İctimai rəy, tədqiqat və yayım ölçmələri" və "İnformasiya texnologiyaları" şöbələrinin fəaliyyəti, habelə 10 ildən çox bir müddətdə RTÜK tərəfindən uğurla istifadə olunan "Universal Rəqəmsal Yazıların Arxivləşdirilməsi və Təhlili Sistemi"nin (SKAAS) işi ilə yaxından tanış olmuşlar.