TDT-na üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları Şuşaya səfər etmişlər.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları 28 oktyabr 2022-ci il tarixində Şuşa şəhərinə səfər etmişlər.
Səfərin birinci hissəsində Toplantının 27 oktyabr tarixində Bakı iclas günündə razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasimi keçirilmişdir.
İmzalanan Niyyət Bəyannaməsinə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsininn həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-na üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması təklifi ilə çıxış edilir və bununla bağlı TDT-na üzv və müşahidəçi ölkələrin Media və İnformasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunur.
Səfərin ikinci hissəsində ölkəmizin qonaqları Şuşa şəhərini gəzmiş, işğaldan azad olunandan sonra şəhərdə aparılan yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olmuş, şəhərin tarixi yerlərində xatirə fotoları çəkdirmişlər.