Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurası haqqında ümumi məlumat

"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" 08 fevral 2022-ci il tarixli 1589 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə yaradılmış Milli Televiziya və Radio Şurasının hüquqi varisidir.

Şuranın fəaliyyəti "Media haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Media haqqında" Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur. Şura dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Şura təşkilati və funksional müstəqilliyə malikdir və onun fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

Şura sədr də daxil olmaqla 7 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.

Şuranın fəaliyyət istiqamətləri audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, audiovizual media sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; bu Qanunla müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərməkdir.

Şuranın vəzifələri:

  • audiovizual media sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, audiovizual media sahəsində normativ xarakterli aktlar qəbul edir;
  • audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəricilərini müəyyən edir, audiovizual media subyektləri üçün lisenziyalar verir, audiovizual media sahəsində "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yoxlamalar həyata keçirir;
  • audiovizual media subyektləri üçün icrası məcburi olan qərarlar qəbul edir, yerüstü yayımın radiotezlik planlaşdırılmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) birgə həyata keçirir;
  • xarici audiovizual yayımçının proqramlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq verir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Şuranın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
  • audiovizual media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə "Media haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür; 
  • "Media haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər vəzifələri yerinə yetirir.