Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə HESABATI
Ümumi məlumat
2021-ci ilin əvvəlindən Milli Televiziya və Radio Şurası İsmət Səttarov, Aslan Xəlilov, Mübariz Elyazov, Məmməd Cəfərov, Bəxtiyar Balakişiyev və Telli Əliyevadan ibarət tərkibdə fəaliyyət göstərməyə başlamışdır. Lakin 2 yanvar 2021-ci il tarixdə Şura üzvü Mübariz Elyazov koronavirus xəstəliyindən, 12 aprel 2021-c il tarixdə isə Şura üzvü Məmməd Cəfərov ürək tutmasından vəfat etmişlər. 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin olunmuşdur. Hazırda Şura 5 üzv ilə fəaliyyətini davam etdirir.
Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, Maliyyə və texniki nəzarət şöbəsi, Təsərrüfat şöbəsi, Ümumi sektoru Milli Televiziya və Radio Şurasının funksiyalarının yerinə yetirilməsində öz vəzifələrini icra etmişdir.
İl ərzində Şuranın 12 iclası keçirilmiş, ümumilikdə 40-dan çox məsələyə baxılmış, 32 məsələ barədə qərar qəbul olunmuşdur.
Hazırda Azərbaycan Respublikası ərazisində televiziya və radio yayımı sahəsində ümumilikdə 94 yayımçı və operator fəaliyyət göstərir: 11 ümumrespublika televiziya yayımçısı; 11 regional televiziya yayımçısı; 16 radio yayımçısı; 2 peyk televiziya yayımçısı; 17 kabel şəbəkəsi operatoru; 35 İPTV operatoru; 2 xarici televiziya kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operator.
Milli Televiziya və Radio Şurasının rəsmiləri televiziya və radio yayımı sahəsində həyata keçirilən fəaliyyət, təqdim olunan yeniliklər barədə mediada 10-ya yaxın müsahibə vermişdir.
2021-ci il ərzində Milli Televiziya və Radio Şurasının rəsmi internet səhifəsində Şuranın fəaliyyəti və ümumən media sahəsi üzrə 47 məlumat təqdim olunmuşdur. Sosial şəbəkə hesablarında (Facebook, Twitter, Instagram) məlumat və paylaşımların sayı 80-dən çox olmuşdur.
Lisenziyalaşdırma sahəsində fəaliyyət
Milli Televiziya və Radio Şurasının 05 mart 2021-ci il tarixli 03/1 saylı Qərarına əsasən “Ultra TV” MMC-yə abonentlərin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 07 aprel 2021-ci il tarixli 05/1 nömrəli Qərarına əsasən “Caspian İnternational Broadcasting Company” MMC Milli Televiziya və Radio Şurasının 08 fevral 2021-ci il tarixli qərarı ilə regional radio kanalının (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisi üzrə) açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqənin qalibi hesab edilmiş və ona regional radio ayımı üçün müddətsiz lisenziya verilmişdir.
Bundan başqa, Şuranın 12 noyabr 2021-ci il tarixli 11/3 saylı qərarına əsasən “AzəriGlobalServis” QSC-yə abonetlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayım üsulu – kabel), 11/4 və 11/5 saylı qərarlarına əsasən isə “Sevenline” MMC-yə və “İTTNET” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar verilmişdir.
Milli Televiziya və Radio Şurasının 27 dekabr 2021-ci il tarixli 12/1, 12/2, 12/5 nömrəli qərarlarına əsasən “ArtKom.Net” MMC-yə, “Real Telecom” MMC-yə və “Fast Net Technology” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayım üsulu – internet) üçün müddətsiz lisenziyalar, 12/3 və 12/4 nömrələri qərarlarına əsasən isə “Beeonline” ASC və “StarTelekom” MMC-yə abonetlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı (yayım üsulu – kabel və internet) üçün müddətsiz lisenziyalar verilmişdir.
Şuranın 24 may 2021-ci il tarixli 07/1, 07/2, 07/3 və 07/4 saylı qərarlarına əsasən müvafiq şəkildə “Lider TV və Radio-Azərbaycan” MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli 169 qeydiyyat nömrəli lisenziyanın, “Kaspi Global” MMC-yə peyk yayımı üçün verilmiş 14 noyabr 2017-ci il tarixli 155 qeydiyyat nömrəli lisenziyanın, “Mingəçevir” Televiziya və Radio Şirkətinə regional televiziya yayımı üçün verilmiş 15 sentyabr 2011-ci il tarixli 075 qeydiyyat nömrəli lisenziyanın və “Alternativ Tele-Radio” MMC-yə regional televiziya yayımı üçün verilmiş 01 mart 2012-ci il tarixli 087 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilmişdir.
Bundan başqa, Şuranın 12 noyabr 2021-ci il tarixli 11/6, 11/7, 11/8, 11/9, 11/10, 11/11 saylı qərarlarına əsasən “Digicom” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 02 sentyabr 2011-ci il tarixli, 072 qeydiyyat nömrəli lisenziyanın, “Mobil Yayım Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 30 iyul 2010-cu il tarixli, 062 qeydiyyat nömrəli lisenziyanın, “MNS Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 19 may 2016-cı il tarixli, 139 qeydiyyat nömrəli lisenziyanın, “Pluton Satellite” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 18 mart 2016-cı il tarixli, 135 qeydiyyat nömrəli lisenziyanın, “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 18 mart 2016-cı il tarixli, 132 qeydiyyat nömrəli lisenziyanın, “Avir TV” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün verilmiş 18 mart 2016-cı il tarixli, 131 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilmişdir.
Şuranın 31 may 2021-ci il tarixli 08/1 saylı Qərarına əsasən İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cüTV kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək müsabiqə elan edilmiş, Şuranın 04 avqust 2021-ci il tarixli 10/1 saylı Qərarı ilə müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunmuşdur.
Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyət
Milli Televiziya və Radio Şurası 2021-ci il ərzində televiziya və radio yayımı ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələr hazırlamış və aidiyyatı qurumlar qarşısında təkliflərlə çıxış etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli 1249 nömrəli fərmanına əsasən yeni “Media haqqında” qanun layihəsinin işlənib hazırlanması tapşırılmışdır. Bu məqsədlə yaradılan işçi qrupun işində Milli Televiziya və Radio Şurasının mütəxəssisləri də fəal iştirak etmişlər. Bu məqsədlə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi qabaqcıl Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yeniliklərini öyrənmiş, Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla bu yeniliklər işçi qrupun işində müzakirə olunmuş və qanun layihəsinə əlavə edilmişdir. Qısa müddət ərzində qanun layihəsinin ilkin versiyası işlənib hazırlanmış və bir sıra media mütəxəssisləri ilə müzakirə olunmuşdur. Bu məqsədlə Şuranın inisiativi ilə ümumölkə televiziya və radio yayımçılarının rəhbərləri ilə, habelə yeni qanun layihəsinin əhatəsinə düşə biləcək bir sıra internet televiziya kanallarının nümayəndələri ilə bir neçə görüş keçirilmişdir.
02 iyul 2021-ci il tarixdə MTRŞ və Medianın İnkişafı Agentliyi (MEDİA) ümumölkə televiziya kanallarının rəhbərləri üçün qanun layihəsinin ilkin video təqdimatını təşkil etmiş, layihə barədə onların fikir və mülahizələrini, irad və təkliflərini öyrənmişdir.
10 dekabr 2021-ci il tarixdən başlayaraq “Media haqqında” Qanun layihəsinin Milli Məclisdə ictimai müzakirələri və 1-ci və 2-ci oxunuşda qəbulu həyata keçirilmişdir. Bu müzakirələrdə Şura sədri İsmət Səttarov iştirak etmiş, qanun layihəsi barədə millət vəkillərini maraqlandıran suallara ətraflı cavab vermiş, onların rəy və təkliflərini dinləmişdir.
Bundan başqa, 2021-ci il ərzində Şura aparatının hüquqşünasları qəbul olunması gözlənilən “Media haqqında” qanun layihəsi ilə bağlı digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər üzərində fəaliyyət göstərmiş, bir sıra qanun layihələri ilə bağlı təkliflər vermişlər.
Qanunvericiliyin və Dövlət proqramlarının icrası sahəsində fəaliyyət
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarxli Fərmanına əsasən Uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması istiqamətində kanallara müvafiq tövsiyələr verilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi ilə bağlı, bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Bu sahədə fəaliyyət göstərən daimi İşçi Qrupun hazırladığı sosial çarxlar bütün ümumölkə yayımçılarına göndərilmişdir. 2021-ci ilin avqust və noyabr aylarında İşçi Qrupun 2 iclası keçirilmiş və Şura sədri müvafiq hesabatlarla həmin iclaslarda çıxış etmişdir. Birinci iclasın yekunu olaraq, Şuraya ümumölkə televiziya kanalları ilə sıx əməkdaşlıq saxlamaq və zəruri aylıq hesabatların alınması tapşırılmışdır. Bununla bağlı ümumölkə televiziya kanallarının proqram direktorları ilə bir neçə görüş keçirilmiş, hesabatın hazırlanması qaydaları onlara izah olunmuş və nəticədə alınmış hesabatlar ümumiləşdirilərək əhatəli geniş hesabat Şura sədri tərəfindən işçi qrupun noyabr iclasında təqdim olunmuşdur. Ümumölkə televiziya və radio yayımçılarına bu məsələnin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyə məktubu göndərilmişdir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə Şura əməkdaşlarının iştirakı ilə regional televiziya yayımçılarında (ARB Şimal, ARB Günəş (Xaçmaz şəhəri), ARB Cənub (Lənkəran şəhəri), El TV (Yevlax şəhəri)) dəyirmi masalar keçirilmiş və yayımçıların struktur rəhbərlərinə və yaradıcı heyətinə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verilmişdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarxli Fərmanına uyğun olaraq Dövlət Dili Komissiyasının Monitorinq Mərkəzi ilə əməkdaşlıq qurulmuşdur. Mərkəz tərəfindən il ərzində televiziya və radio kanallarının efirinin monitorinqi aparılmışdır. Monitorinqin aparılması ilə bağlı Şura Mərkəzi zəruri yayım materialları ilə təmin etmişdir. Monitorinqin nəticələri dərc ediləndən sonra bu sahədə Şura Mərkəz ilə əməkdaşlığını davam etdirəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması vəzifəsi nəzərdə tutulmuş, buna uyğun olaraq teleradio yayımçılarına bu cür layihələrin hazırlanması barədə tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına zəruri məlumat və tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli,1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq Şura tərəfindən bir sıra zəruri işlər həyata keçirilmişdir. Şuranın veb-saytının yeni versiyasının hazırlanması, işə salınması, orada olan zəruri məlumatların ingilis və rus dilində tərcümə olunması işi tamamlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71s nömrəli Sərəcamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı” ilə bağlı teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir və teleradio yayımçıları tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatlar Şuraya təqdim olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” ilə bağlı teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir və teleradio yayımçıları tərəfindən bir sıra proqramlar hazırlanaraq efirə verilmiş və bu barədə məlumatlar Şuraya təqdim olunmuşdur.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 87-VQ nömrəli Qanununun 12-ci maddəsinin tələbinə əsasən kanalların 2021-ci il üzrə hesabatlarının hazırlanması həyata keçirilmişdir.
İl ərzində yayımçılardan dövri hesabatların alınıb ümumiləşdirilməsi şöbə tərəfindən həyata keçirilmişdir. Buna uyğun olaraq bəzi yayımçılar tərəfindən hesabatların tam, dolğun və vaxtında verilmədiyi müəyyən edilmişdir. Qeyd olunan məsələlər, kanallar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması daim nəzarət altında saxlanılır, mütəmadi olaraq kanallara qanun pozuntularının aradan qaldırılması ilə bağlı göstərişlər verilir.
Monitorinqlərin təşkili və qanunvericiliyin icrasına nəzarət
Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən ümumrespublika teleradio yayımçılarının mütəmadi monitorinqi aparılmışdır. Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların aşkarlanmasına şərait yaratmışdır. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilmişdir.
Ümumölkə telekanalların illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən AZTV, MƏDƏNİYYƏT TV, İDMAN TV, İTV-nin proqram səbətində xüsusilə maarifləndirici proqramlar, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan proqramlar geniş tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır.
Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmamazlıqlar da aşkarlanmışdır. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir. İstisna hal olaraq İTV kanalında QİÇS-ə qarşı mübarizə günü (1 dekabr) ərəfəsində və həmin gün yayımlanmış proqramlar təşkil edir.
ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir.
11 ümumölkə televiziya kanalından 7-nin (AZTV, İTV, ARB 24, REAL TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil etmişdir. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılmışdır.
Qeyd olunmalıdır ki, il ərzində baş vermiş ictimai əhəmiyyətli hadisələri nəzərə alaraq bütün yayımçılar öz proqram səbətlərini operativ olaraq dəyişmiş və bir sıra yeniliklər həyata keçirmişlər. Buna misal olaraq televiziya və radio yayımçıları tərəfindən COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində maarifləndirici-informativ yayımların həyata keçirilməsini göstərmək olar. Yayımçılar bu virusla mübarizə istiqamətində müzakirə və maarifləndirici proqramlar, sosial çarxlar nümayiş etdirmiş, qaçan sətirlə məlumatlandırma metodundan istifadə etmişlər. İlin əvvəlində MƏDƏNİYYƏT TV və ARB GÜNƏŞ kanalının efirində Təhsil Nazirliyinin dəstəyi ilə teledərslərin yayımlanması xüsusi vurğulanmalıdır. Pandemiya zamanı ölkə məktəblilərinin distant (və ya onlayn) təhsilinin davam etdirməsi şəraitində belə teledərslərin onlar üçün müstəsna əhəmiyyəti olmuşdur.
İl ərzində, həmçinin, ölkə ərazisində fəaliyyət göstərən ümumölkə radio kanallarının daimi monitorinqləri aparılmışdır.
Ümumilikdə, aparılmış monitorinqlər göstərmişdir ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci il ilə müqayisədə 2021-ci il ərzində televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilmişdir.
Şuranın il ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olmuşdur. Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmamışdır. Seriallar tam olaraq dublyaj olunmuş vəziyyətdə, yayımçılara icazə verilmiş kvota və müddətlərə yayımlanır.
27 sentyabr 2021-ci il tarixdə Anım Gününün keçirilməsi, ondan sonra Vətən müharibəsinin bir ili, habelə 8 noyabr 2021-ci il tarixdində Zəfər Bayramının qeyd olunması ilə bağlı ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilmiş, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilmişdir.
Ümumölkə televiziya kanallarında verilmiş tapşırıqlara əsasən 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura tərəfindən şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılır. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə artıq 1800-ə yaxın şəhid barədə reportaj televiziya kanallarında yayımlanmışdır.
COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimi regional yayımçıların efirinin monitorinqlərini ardıcıl şəkildə həyata keçirməyə imkan verməmişdir.
Hesabat dövründə monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radio kanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilmişdir.
Yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
2020-ci ildə də Milli Televiziya və Radio Şurası tərəfindən teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində müvafiq sanksiya tədbirləri tətbiq edilmişdir.
Belə ki, 19 aprel 2021-ci il tarixində “ATV” televiziyasının efirində yayımlanan “Bizimləsən” proqramında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın yayımlanmasına görə Şuranın 20 aprel 2021-ci il tarixli 6/1 saylı Qərarına əsasən “ATV” televiziya kanalının yayımı 21 aprel 2020-ci il tarixdə 3 saatlıq dayandırılmışdır. Eyni zamanda ATV kanalı barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına 3000 (üç min) manat cərimə cəzası tətbiq edilmişdir.
Şuranın 12 iyul 2021-ci il tarixli 9/1 saylı qərarı ilə SPACE FM, 9/2 saylı qərarı ilə ARAZ FM radio kanalları “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci maddəsini pozduqlarına görə efirləri 3 (üç) saatlıq müddətə dayandırlılmışdır.
Piratçılıqla mübarizə
Piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılar ilə intensiv kommunikasiya qurlmuş və Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirilmişdir. İl ərzində ümumölkə televiziya kanallarında yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunmuşdur.
Yayım operatorlarının (kabel və İPTV) paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsinə operatorların rəhbərləri və səalhiyyətli nümayəndələri ilə çoxsaylı görüşlər təşkil olunmuş, tədbirlərdə müəllif hüquqları sahəsində mövcud vəziyyət təhlil olunmuş, zəruri tövsiyələr verilmiş və xəbərdarlıqlar edilmişdir.
Noyabr ayından etibarən bu sahədə sanksiyaların tətbiq olunmasına başlanılmışdır. Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunmuşdur.
Reytinq ölçmələrin tətbiqi sahəsində fəaliyyət
Azərbaycan mövcud olan reytinq ölçmələrinin müasir dünya standartlarına cavab vermədiyini, ölçmə nəticələrinin real bazar vəziyyətini əks etdiymədiyini, bunun da nəticəsində reytinq ölçmələrinə yayımçıların və reklamverənlərin tam etmiadının olmamasını, həmçinin, müasir tələblərə cavab verən, innovativ texnologiyalar əsaslanan reytinq ölçmə sisteminin Azərbaycan teleradio reklam bazarının əsas aparıcı qüvvəsi olacağını nəzərə alaraq Milli Televiziya və Radio Şurası il ərzində bu sahədə dünya təcrübəsinin öyrənilməsini həyata keçirmişdir. Bu məqsədlə məşhur reytinq ölçmə şirkətləri ilə əməkdaşlıq yaradılmış, zəruri təcrübənin və tələblərin öyrənilməsi təmin olunmuşdur.
Bu fəaliyyət çərçivəsində 13 iyul 2021-ci il tarixdə MTRŞ təşkilatçılığı ilə “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Türkiyədə reytinq ölçmə üzrə tənzimləyici və nəzarətçi qurum olan TİAK rəsmiləri təqdimatlar etmiş, seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişlər.
MTRŞ Azərbaycanda qurulacaq müasir reytinq ölçmə sisteminin operator şirkəti, texnoloji dünya şirkəti və zəruri konsultant şirkətinin seçilməsində müvafiq fəaliyyət həyata keçirmişdir. Bu fəaliyyətin nəticəsi olaraq 30 sentyabr 2021-ci il tarixdə Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunmuş təqdimat tədbiri keçirilmişdir. Tədbirdə rəsmi şəxslər, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak etmişlər. Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunmuş video təqdimat göstərilmiş, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilmiş, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunmuşdur. Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılmışdır.
Beynəlxalq əməkdaşlıq
2021-ci il ərzində teleradio yayımı sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq qurum və təşkilatlar ilə əlaqələr davam etdirilmişdir. Hesabat dövrü ərzində xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və tənzimləyici qurumlardan Milli Televiziya və Radio Şurasına ünvanlanmış məktub və sənədlər, anket sorğular cavablandırılmış və beynəlxalq təşkilatlarla rəsmi yazışmalar aparılmışdır.
22 yanvar tarixində Tənzimləyici Qurumların Avropa Platformasının (EPRA) 2021-ci il üçün iş proqramı haqqında məlumat mübadiləsi aparmaq və müvafiq yenilikləri bölüşmək məqsədilə video formatda plenar toplantısı keçirilmişdir. Beynəlxalq əlaqələr üzrə Şura aparatının məsul şəxsləri onlayn toplantıda iştirak etmişlər.
EPRA-nın Media və İnformasiya Savadlığı üzrə İşçi Qrupunun (“EMİS”) yaradılması ilə bağlı yazışmalar aparılmışdır, Media və İnformasiya Savadlığı üzrə İşçi Qrupunun Mandatı tərcümə olunmuşdur. Həmçinin, ERGA-nın (Avropa Komissiyasının Tənzimləyicu Qurumlar üzrə Qrupu) "Media Savadlılığı: Tənzimləyicinin Rolu" mövzusunda sorğusu cavablandırılmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Media və İnformasiya üzrə İşçi Qrupun 8-ci Toplantısı və Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü Toplantısı Bakıda keçirilmişdir. Bu tədbirlərlə bağlı bir sıra arayış sənədləri hazırlanmış və İşçi Qrupda təqdim olunmuşdur.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, EPRA-nın 53-cü toplantısı 20-21 may 2021-ci il tarixlərində video formatda təşkil olunmuşdur. Toplantı çərçivəsində “EPRA-nın mövcudluğu və fəaliyyəti” və “Nifrət nitqi“ mövzuları müzakirə olunmuşdur. Beynəlxalq əlaqələr üzrə Şura aparatının məsul şəxsləri onlayn toplantıda iştirak etmişlər.
21 may 2021-ci il tarixində EPRA-nın Media və İnformasiya Savadlığı üzrə İşçi Qrupunun (“EMİS”) iclası keçirilmişdir. Bu iclasda "Nifrət nitqi" ilə bağlı məsələlər müzakirə olunmuşdur.
29-30 iyul 2021-ci il tarixlərində İstanbulda Türkiyə Respublikasının Prezidenti yanında Kommunikasiya İdarəsi və Türk Şurasının Katibliyinin təşkilatçılığı ilə "Sosial media üzrə təlim proqramı" keçirilmişdir. Təlim proqramının əsas məqsədi sosial mediadan istifadə, sosial media platformaları ilə əlaqələr, sosial medianın hüquqi tənzimlənməsi, dezinformasiya ilə mübarizə və əlaqəli sahələrin böhran vəziyyətində idarə edilməsi barədə bilik səviyyəsinin artırılmasına yönəlmişdir. Bundan başqa, proqram məqsədlərindən biri eyni sahədə fəaliyyət göstərən üzv ölkələrin təşkilatları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin və kommunikasiya şəbəkəsinin yaradılmasıdır. Şura bu tədbirdə aparatın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri səviyyəsində təmsil olunmuşdur.
9-10 sentyabr 2021-ci il tarixlərində Türkiyə Cümhuriyyətində televiziya və radio sahəsində tənzimləyici qurum olan RTÜK-ün böyük nümayəndə heyətinin Bakıya işgüzar səfəri çərçivəsində Medianın İnkişafı Agentliyində RTÜK, MTRŞ və MEDİA arasında geniş toplantı keçirilmiş, qurumları arasında mövcud olan əməkdaşlığın hazırki vəziyyəti, gələcək perspektivləri və planlar müzakirə olunmuşdur.
10 Sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində VI Xəzər Media Forumu keçirilmışdır. Forumunun əsas mövzusu turizm və etno-mədəni kommunikasiya olmuşdur. Forum çərçivəsində federal və regional icra hakimiyyəti orqanlarının, media nümayəndələrinin, alimlərin və politoloqların, Xəzər regionu ölkələrinin ictimai və gənclər təşkilatlarının rəhbərlərinin və nümayəndələrinin iştirak etdiyi plenar iclaslar keçirilmiş və əsas mövzuya aid geniş müzakirələr olunmuşdur. Forumda Şuranı Sədrin köməkçisi təmsil etmişdir.
EPRA-nın 54-cü Toplantısı 14-15 oktyabr 2021-ci il tarixlərində video formatda təşkil olunmuşdur. Toplantı çərçivəsində "EPRA-nın və onun şəbəkəsinin həyatı" və "Tənzimləyici orqanlar arasında sektorlararası əməkdaşlıq" mövzuları müzakirə olunmuşdur. Həmçinin, toplantının işi çərçivəsində “Milli Tənzimləyici Qurumlar və Video Paylaşım Platformalarının tənzimlənməsi” mövzusunda xüsusi sessiya 21 oktyabr 2021-ci il tarixlərində onlayn formatda təşkil olunmuşdur. Beynəlxalq əlaqələr üzrə Şura aparatının məsul şəxsləri onlayn toplantılarda iştirak etmişlər.
16 oktyabr 2021-ci il tarixində EPRA çərçivəsində fəaliyyət göstərən və MTRŞ-ın da üzvü olduğu "EPRA Media və İnformasiya Savadlılığı" (“EMİS”) işçi qrupunun onlayn formatda 4-cü iclası keçirilmişdir. Bu iclasda "EduMediaTest" layihəsi müzakirə olunmuşdur.
22-24 oktyabr 2021-ci il tarixləri arasında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media forumu keçirilmişdir. Şura sədri forumun işində iştirak etmişdir.
RTÜK-ün dəstəyi ilə MTRŞ-nın Aralıq dənizi Tənzimləyici Qurumları Şəbəkəsinə (MNRA) üzvlüyü məsələsi müzakirə olunmuşdur. Bundan sonra MNRA katibliyi üçün MTRŞ və Azərbaycanın audiovizual bazarı haqqında məlumat, habelə 2021-ci il üçün teleradio sahəsi barədə son məlumat arayışı hazırlanmış və müşayiət məktubu ilə şəbəkənin hazlrki prezidenti, Xorvatiya tənzimləyici qurumundan olan Cosif Popovaka ünvanlanmışdır.
Texniki nəzarət sahəsində fəaliyyət
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının texniki nəzarət üzrə əməkdaşları televiziya və radio yayımı üzrə yayım sahəsində müxtəlif texniki işləri həyata keçirməklə ölkəmizdə yayımın hər üç formasına – yerüstü, kabel və peyk yayımına texniki nəzarət işlərini həyata keçirmişdir. Bu məqsədlə ölkəmizdə həyata keçirilən ümumölkə və regional televiziya və radio yayım proqramları siqnallarının fəzada yaratdığı faydalı sahə gərginliklərinin, zolaqkənarı şüalanmaların səviyyələrinin ölçülməsi, ölçmələrin nəticələrinin standart üzrə tələb olunan qiymətlərlə tutuşdurulması, alınmış nəticələrin yayımçılarla və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, onun “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin və Dövlət Radiotezliklər İdarəsinin bu sahədə məsul olan texniki əməkdaşları ilə müzakirə olunaraq yayıma aid texniki parametrlərin standarta uyğun qiymətlərinin təmin olunması istiqamətində texniki işləri yerinə yetirmişdir. Televiziya və radio yayımı şəbəkələrinin işinin yaxşılaşdırılması və yeni standartların və formatların tətbiqi istiqamətində işlər aparılmışdır. Hesabat dövrü ərzində texniki sahədə fəaliyyət haqqında əsasən aşağıdakıları ayrıca qeyd etmək olar:
- Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılmış, əhatə zonaları çıxarılmış, Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunmuş, müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanmış, gələcəkdə qurulacaq radio-televiziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilmişdir. Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri nəzərə alınmışdır.
- Bakı şəhəri və Abşeron yarımadası ərazisində ARB TV və SPACE TV-nin yayımının HD formatına keçirilməsi məqsədilə siqnalların televiziya mərkəzlərindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə çatdırılması imkanları və avadanlıqların tərkibi öyrənilmiş, hər iki televiziya yayım proqramının baxılan ərazidə HD formatında yayımı üçün TV yayım kanalları və proqramların paketdəki yerləri müəyyən olunmuşdur. Bundan əlavə, Şuranın 31 may 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Azərbaycan Respublikasına məxsus ümumrespublika televiziya proqramlarının və Türkiyə Respublikasının TRT-1 televiziya kanalının paketlər üzrə yerləri müəyyən olunmuşdur.
- Televiziya yayımında səsin ucalığının vaxtaşırı və ya proqramdan-proqrama dəyişməsi məsələləri, keyfiyyətli televiziya proqramlarının verilməsi üçün parametrlərin standart qiymətlərinə riayət olunması problemi Şuranın texniki nəzarət şöbəsinin nümayəndələri, televiziya yayımçılarının, kabel operatorlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin texniki direktorlarından ibarət komissiyada müzakirə olunmuşdur. Bu məqsədlə mövcud standartlardan birinin əsas kimi seçilməsi qərara alınmışdır. Daha sonra komissiya tərəfindən SD formatı üçün SMPTE 259M və HD formatı üçün isə SMPTE 292M standartlarındakı parametrlər əsas kimi seçilmiş və dəqiqləşdirmələrdən sonra səs və video parametrlərinin standart qiymətləri cədvəlləri tərtib olunmuşdur. Qəbul olunan normalar televiziya yayımçılarının rəhbərlərinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə göndərilmiş, normalara əməl olunması şərti qoyulmuş və normalara əməl olunması izlənilmişdir.
- Ölkəmizin işğaldan azad olunmuş ərazilərində radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılmış, əhatə zonaları çıxarılmışdır. Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılmış, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılmış, tələb olunan əhatə zonasını təmin edə biləcək radioyayım vericilərinin gücləri hesablanmış və bütün ümumölkə radioyayım proramları üçün Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılmışdır.
- Bakı şəhərində futbol üzrə Avropa çempionatının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu ərazisində qurulacaq radiotezlikli avadanlıqlara DÜNYA TV-nin yayım siqnallarının interferensiyalar yaratması ilə əlaqədar olaraq sonuncunun gücünün azaldılması üçün müvafiq hesablamalar aparılmış, həmin yayımın interferensiyalar yaratmamaq şərtilə həyata keçirilməsi üçün yeni əhatə dairəsi müəyyənləşdirilmiş, hesablamaların nəticələri yayımçı ilə müzakirə olunmuş və yayımçının rəhbərliyinə müvafiq məktub göndərilmişdir. Daha sonra DÜNYA TV kanalının həmin tələblərə riayət etməsi üzərində texniki monitorinq həyata keçirilmişdir.
- Ümumölkə radio yayım proqramlarının işçi tezliklərinin 1/10 MHs qiymətlərinin tək rəqəmə dəyişdirilməsi və beləliklə də ölkəmizin ərazisində ABŞ üçün istehsal olunan avtomobillərdə normal radio qəbulun təmin olunması üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsinin əməkdaşları ilə müzakirələr aparılmış, tezlik nominallarının Beynəlxalq Telekommunikasiya İttifaqında (ITU) qeydiyyatının paralael aparılması şərtilə tədricən dəyişdirilməsi daha əlverişli variant kimi qəbul olunmuşdur.
- RADİO ANTENN-in Bakı şəhəri və Abşeron yarımadası ərazisində işçi tezliyinin 101,0 MHs-dən 101,1 MHs-ə keçirilməsi üçün ərazinin ən ucqar yerlərində ölçmələr aparılmış, 101,3 MHs-lik maneə vericisi ilə interferensiyalar yaranmadığı aşkar olunmuşdur. Bunun nəticəsində Şuranın 12 noyabr 2021-ci il tarixli iclasında RADİO ANTENN-in Bakı şəhəri və Abşeron yarımadası ərazisində işçi tezliyinin 22 noaybr 2021-ci il tarixdən 101,0 MHs-dən 101,1 MHs-ə keçirilməsi qərara alınmışdır. RADİO ANTENN-in Daşkəsən radio-televiziya yayım stansiyasından yayım tezliyinin 101,0 MHs-dən 101,1 MHs-ə dəyişdirilməsi üçün ərazinin tezlik toru araşdırılmış və müsbət olmayan nəticə alındığından tezliyin dəyişdirilməsi məqsədəuyğun hesab olunmayaraq yayımçının müraciətinə imtina olunmuşdur.
- Qarabağ və ətraf ərazilərdə televiziya və radio yayımının vəziyyəti, interferensiyaların səviyyəsi və vericilərin güclərinin tənzim olunması məqsədilə monitorinqlər aparılmışdır. Şura aparatının texniki nəzarət üzrə məsul əməkdaşları ümumölkə radio yayımçılarının nümayəndələri ilə birlikdə iki dəfə (Fizuli-Şuşa və Tərtər-Suqovuşan istiqamətlərində) monitorinq işlərini yerinə yetirmişlər. Müvafiq aktlar tərtib olunmuş, nəticələr müzakirə edilmiş və radio yayım siqnallarının pis qəbul olunduğu ərazilər qeyd edilərək zəruri təkliflər verilmişdir.
- Bakı şəhəri və Abşeron yarımadası ərazisində FM radio yayım tezliklərinin monitorinqi aparılmış, boş qalan istifadəyə yararlı tezliklərin siyahısı çıxarılmışdır.
- Ölkəmizin ərazisində DAB+ standartlı rəqəmli radio yayımının tətbiqi ilə bağlı tədbirlər planı müzakirə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin DAB+ standartlı rəqəmli radio yayımının tətbiqi üzrə tədbirlər planı haqqında rəy hazırlanmış və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmuşdur.
- “Bakı Teleqüllə Kompleksi”ndən yayımlanan müxtəlif radio proqramlarının yayım keyfiyyətinin monitorinqi aparılmış, keyfiyyətin ayrı-ayrı vaxtlarda aşağı düşməsi aşkar olunmuş və onun səbəbləri araşdırılmışdır. Keyfiyyətin bərpa olunması üçün görülməli olan tədbirlər yayımçıların nəzərinə çatdırılmış və müvafiq tədbirlər həyata keçirilmişdir.
- “Azərspace” peykindən birbaşa televiziya və radio yayımının HD formatına keçilməsi üçün yayımçıların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə əlverişli olan parametrlər seçilmiş, razılaşdırılmış və müvafiq cədvəllər tərtib olunmuşdur.
- Ölkəmizin ərazisində bölğələr üzrə, habelə Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV yayım kanalından yuxarı kanalların siyahısı çıxarılmış, bu kanallarda istifadə olunan yayım avadanlığının təxmini qiymətləri hesablanmışdır.
Müraciətlərlə iş, kargüzarlığın təşkili və elektron xidmətlər
Milli Televiziya və Radio Şurası Aparatının Ümumi sektoru Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatı və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq 2021-ci il ərzində müvafiq sənədləşmə işlərini aparmışdır.
2021-ci il ərzində Milli Televiziya və Radio Şurasına 546 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 78-i vətəndaş müraciətləri, 111-i normativ hüquqi sənədlər, 55-i Azərbaycan Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından məlumat, tapşırıq və tövsiyə xarakterli sənədlər, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterli sənədlərdir.
2021-ci il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə ünvanlanan 455 sənəd göndərilmişdir. Bunlardan 76-ı yayımçılara tövsiyə və tapşırıq xarakterli, 70-i vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli sənədlərdir.
Milli Televiziya və Radio Şurası Aparatının Ümumi sektoru 2021-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin www.reyerstr.dim.gov.az internet resursu vasitəsilə Aparatın dövlət qulluqçularının reyestrini və www.exidmet.dim.gov.az/VIS internet resursu vasitəsi ilə dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində müvafiq işlər aparmışdır.
Həmçinin kadrların işə qəbulu üzrə www.e-gov.az internet resursu üzrə elektron sənədləşmə işləri həyata keçirilmiş və idarələrarası elektron sənəd dövryyəsi vasitəsilə daxil olan sənədlər qəbul olunmuş və göndərilmişdir.
Maddi-texniki təminat
Milli Televiziya və Radio Şurasının balansında olan Bakı şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən inzibati binası məhdud işlək vəziyyətə düşdüyündən Şuranın müvəqqəti olaraq icarə əsasında yeni inzibati binaya köçməsi zərurəti yaranmış, Şura Bakı şəhəri, A.M.Şərifzadə küçəsi 315 ünvanında yerləşən 4 mərtəbəli ofis binasını icarəyə götürmüşdür. Binada Şuranın fəaliyyət spesifikliyinə uyğunlaşdırılması istiqamətində bir sıra cari təmir işləri həyata keçirilmiş və 1 noyabr 2021-ci il tarixdən Şura fəaliyyətini müvəqqəti icarəyə götürülmüş inzibati binada davam etdirməyə başlamışdır. Bu müddət ərzində Şuranın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində binada bir sıra fəaliyyət həyata keçirilmiş, növbəti ildə də bu fəaliyyətin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Fəaliyyət istiqamətində həyata keçirdiyi bütün maliyyə addımları ilə bağlı maliyyə hesabatının ilin sonuna kimi Şuranın veb-saytında yerləşdirilməsi planlaşdırılır.