Azərbaycan Respublikası Audiovizual Şurası

MÜBARİZ ƏSGƏROV

Mübariz Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olmuşdur.

Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmişdir. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1992-cı ildə Azərbaycan Dövlət Televiziyasında işə başlamış, böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışmışdır. Həmin illərdə "Və...", "Qulp" proqramlarının müəllifi və aparıcısı olmuşdur.

1998-ci ildən "ANS" müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində çalışmışdır. "ANS" televiziya kanalında yayımlanan "Qulp", "Mübarizə" proqramlarının müəllifi və aparıcısı olmuşdur.

2013-cü ildən "Qulp studio" MMC-nin təsisçisi və direktorudur. Həmin studiyanın istehsalı olan "Rezonans" proqramının müəllifidir. Studiyada fəaliyyəti zamanı "Xocalı dərsi", "Bir mətbuat konfransının tarixi", "Közərən xaç", "Şuşanın dağları qara dumanlı", "Ölüm hökmü – ömürlük cəza" adlı sənədli filmlərin istehsalında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli "Media haqqında" Azərbaycan Respublikası Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarxli 1589 nömrəli Fərmanına əsasən Milli Televiziya Radio Şurasının hüquqi varisidir. Fərmanın 4.2-ci yarımbəndinə əsasən Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini Azərbaycan Respublikası Audiovizual Şurasında davam etdirirlər.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.

Evlidir, üç övladı var.