Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2018-ci il üzrə HESABATI
Ümumi məlumat
Milli Televiziya və Radio Şurası «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli Fərmanı ilə yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir.
2018-ci ildə Şura sədr - Nuşirəvan Məhərrəmov, sədr müavinləri - Qafar Cəbiyev və Sona Vəliyeva, üzvlər – Əlvan Ağayev, Aslan Xəlilov, Mübariz Elyazov, Məmməd Cəfərovdan ibarət tərkibdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli 693 nömrəli sərəncamına əsasən Sona Məhəmməd qızı Vəliyeva Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvlüyündən azad edilmişdir.
Milli Televiziya və Radio Şurasının Aparatı Milli Televiziya və Radio Şurasının funksiyalarının yerinə yetirilməsində öz vəzifələrini icra etmişdir. Aparatın rəhbəri və Aparatın Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbə, Maliyyə və texniki nəzarət şöbəsi, Təsərrüfat şöbəsi, Ümumi sektor öz funksiyalarını yerinə yetirmişdir. Şura tərəfindən 2018-ci ildə 2 vəzifə müsabiqə üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.
2018-ci ildə “Milli Televiziya və Radio Şurası haqıqnda Əsasnamə”də nəzərdə tutulmuş vəzifə və funksiyalar Milli Televiziya və Radio Şurası tərəfindən uğurla yerinə yetirilmişdir. İl ərzində Şuranın 11 iclası keçirilmiş, ümumilikdə 24 məsələyə baxılmışdır.
Bütövlükdə Azərbaycanın teleradio məkanında fəaliyyət göstərməkdə olan yayımçıların tərkibi belədir:
- 11 ümumrespublika televiziya yayımçısı;
- 12 regional televiziya yayımçısı;
- 16 radio yayımçısı;
- 4 peyk yayımçısı;
- 17 kabel şəbəkəsi yayımçısı;
- 28 İP TV yayımçısı;
- 2 xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən yayımçı;
- 1 xarici ölkəyə məxsus televiziya yayımçısı (TRT1).
Azərbaycan Respublikası ərazisində ümumilikdə 91 (doxsan bir) teleradio yayımçısı fəaliyyət göstərməkdədir.
Dövlət proqramlarının icrası vəziyyəti
2018-ci il ərzində Milli Televiziya və Radio Şurası Dövlət Proqramlarında üzərinə qoyulmuş vəzifələri uğurla yerinə yetirmişdir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarxli Fərmanına əsasən Uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması istiqamətində kanallara müvafiq tövsiyələr verilmişdir. Habelə Uşaq Televiziyasının yaradılması imkanları araşdırılmış, mövcud şəraitdə teleradio kanallarında yayımlanan uşaq verilişlərinin keyfiyyətinin artırılması istiqamətində işlərin aparılması qərara alınmışdır. Kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlər təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi ilə bağlı, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili nəzərdə tutulur. Bununla bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarxli Fərmanına uyğun olaraq teleradio yayımçıları tərəfindən ədəbi dilin düzgün tətbiq olunması ilə bağlı yayımçılara müvafiq tapşırıqlar verilmişdir. Monitorinqlər təşkil edilmiş, bununla bağlı broşura dərc edilmişdir. Teleradio yayımçıları tərəfindən dövlət dilinin təbliğinin gücləndirilməsi ilə bağlı yayımçılara müvafiq tapşırıqlar verilmişdir. Cari ildə bununla bağlı geniş konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması vəzifəsi nəzərdə tutulmuş, bun auyğun olaraq teleradio yayımçılarına bu cür layihələrin hazırlanması barədə tövsiyələr verilmişdir.
Dövlət dilindən istifadə sahəsində görülən işlər
Milli Televiziya və Radio Şurası ədəbi dil normalarına riayət edilməsi sahəsində il ərzində QHT-lərlə əməkdaşlıq etmiş və Dövlət Proqramına uyğun olaraq dilçi mütəxəssislərlə birgə iş aparılmışdır.
01 noyabr 2018-ci il tarixdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Fərmana uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması sahəsində bütün dövlət qurumları üçün mühüm vəzifələr müəyyən edilmişdir.
Milli Televiziya və Radio Şurası tərəfindən “Elektron mediaya yardım fondu” ilə birlikdə regional televiziyalarda ədəbi dil normalarına riayət edilməsi ilə bağlı regionlarda treninqlər keçirilmişdir. 05 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri ilə bağlı geniş kofrans keçirilmişdir.
Yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
Kabel şəbəkəsi yayımçıları tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyəçilərin razılığının olmadığı müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən - teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə - “Metronet” MMC, “Uninet” MMC və “Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilmişdir. Məhkəmələr tərəfindən qeyd olunan pozunutuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 (üç min) manat cərimə cəzası tətbiq edilmişdir.
Şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 02.11.2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan “Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilmiş və bununla “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Lider TV və Radio Azərbaycan” MMC barəsində 5000 (beş min) manat cərimə cəzası tətbiq edilmişdir.
Şuranın 10 iyul 2018-ci il tarixli qərarına əsasən ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniya”sına xəbərdarlıq elan edilmişdir.
Lisenziyaların verilməsi
Şura tərəfindən 2018-ci ildə yeni teleradio yayımçılarına lisenziyaların verilməsi istiqamətində aşağıdakı işlər görülmüşdür:
Şura tərəfindən 2018-ci ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gündən etibarən qüvvədə olan lisenziyaların müddətsiz hesab edilməsi ilə bağlı teleradio yayımçılarına verilmiş qüvvədə olan lisenziyaların yenidən rəsmiləşdirilməsi və onlara müddətsiz lisenziyalar verilməsi sahəsində müvafiq işlər həyata keçirilmişdir. Bununla bərabər yeni teleradio yayımçılarına lisenziyaların verilməsi istiqamətində də işlər görülmüşdür.
Şuranın 05 mart 2018-ci il tarixli Qərarına əsasən, “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 16 may 2018-ci il tarixli Qərarına əsasən “SHAKH TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “FARRUX TELERADİO” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) müddətsiz lisenziya verilmişdir.
Şuranın 19 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Caspium Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət (teleradio yayımı) üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 30 noyabr 2018-ci il tarixli qərarına əsasən “Telekom Invest” Məhdud Məsuliyyətli Cəmiyyətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
Şuranın 28 mart 2018-ci il tarixli qərarına əsasən “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na kabel şəbəkəsi yayımı üçün verilmiş lisenziya “ATV Plus” MMC-nin adına rəsmiləşdirilmiş və “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na kabel şəbəkəsi yayımı üçün verilmiş 21, 24, 28, 30, 35, 39, 40, 44, 46, 49, 51, 53, 55, 60-cı teleradio yayımı tezlikləri “ATV Plus” MMC-yə verilmişdir.
Şuranın 19 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Roberts Cafe” MMC tərəfindən xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyətin ardıcıl olaraq 30 gündən artıq həyata keçirilməməsi ilə əlaqədar ona 28 frevral 2014-cü il tarixdə verilmiş və 19 yanvar 2018-ci il tarixdə yenilənmiş 174 qeydiyyat nömərli 001034 seriyalı lisenziyanın qüvvəsinə xitam verilmişdir.
Şuranın 27 dekabr 2018-ci il tarixli qərarına əsasən “Türkel TV” MMC-nin təqdim etdiyi ərizə əsasında ona regional televiziya yayımı və peyk yayımı üçün müvafiq olaraq 30 sentyabr 2011-ci il və 10 aprel 2015-ci il tarixlərdə verilmiş, 19 yanvar 2018-ci il tarixdə yenilənmiş 164 qeydiyyat nömərli 001024 seriyalı lisenziyanın qüvvəsinə xitam verilmişdir.
Şuranın 27 dekabr 2018-ci il tarixli qərarına əsasən hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün və “Region TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş lisenziyalar “ARB 24” MMC-nin adına rəsmiləşdirilmişdir.
Şuranın 27 dekabr 2018-ci il tarixli qərarına əsasən hüquqi şəxsin adının dəyişməsi ilə əlaqədar olaraq “Biosoft Service” MMC-yə abunəçilərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (İP TV) üçün verilmiş lisenziya “Fibernet” MMC-nin adına rəsmiləşdirilmişdir.
Peyk yayımı
Şura tərəfindən 2018-ci ildə peyk yayımı sahəsində mühüm işlər həyata keçirilmişdir. “AZERSPACE 1” peykində yayımlanan xarici teleradio yayımçılarının fəaliyyəti hüquqi çərçivəyə salınmışdır.
2018-ci ildə Milli Televiziya və radio Şurası tərəfindən bir sıra xarici teleradio yayımçısına “AZERSPACE 1” peykində yayımlanmağa icazə verilmişdir. Hazırda müqavilə əsasında 34 televiziya kanalı, 21 radio kanalı olmaqla 55 yayımçı AZERSPACE1 peykində yayımlanır.
Beynəlxalq əməkdaşlıq
2018-ci il ərzində Hüquq və beynəlxalq əlaqələr şöbəsi tərəfindən teleradio yayımı sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq qurumlar və birliklər ilə əlaqələr davam etdirilmişdir.
Hesabat dövrü ərzində xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və tənzimləyici qurumlardan Milli Televiziya və Radio Şurasına ünvanlanmış məktub və sənədlər şöbə əməkdaşları tərəfindən tərcümə olunmuş, anket sorğular cavablandırılmış və həmin təşkilatlarla rəsmi yazışmalar aparılmışdır.
İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin yayım tənzimləyici orqanlarının forumu (OİC-İBRAF) çərçivəsində Milli Televiziya və Radio Şurası 19-20 fevral 2018-ci il tarixlərində Beninin Kotonou şəhərində keçirilən, əsas mövzusu “Sürətli inkişaf edən texnologiya və yayım qanunvericiliyinin ardıcıllığı” olan IBRAF-ın 6-cı Toplantısına və “Dünya harmoniyası üçün media: Terrorizm və İslamofobiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda Beynəlxalq Konfransa dəvət almışdır. Toplantı üçün lazımi informasiya materialları şöbə əməkdaşları tərəfindən hazırlanaq İBRAF Daimi Katibliyinə göndərilmişdir. Lakin maddi çətinliklər səbəbindən Şuranın nümayəndə heyəti tədbirdə iştirak edə bilməmişdir.
Milli Televiziya və Radio Şurasının 2007-ci ildən bəri üzv olduğu EPRA (Tənzimləyici Qurumların Avropa Platforması) təşkilatının il ərzində iki toplantısı keçirilmişdir. 2018-ci ilin may ayında Lüksemburq Knyazlığının tənzimliyici qurumu olan ALİA-nın dəvəti ilə Lüksemburq şəhərində EPRA-nın 47-ci Toplantısı keçirilmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov toplantının işində iştirak etmişlər. Toplantı zamanı “Rəqəmli dövrdə ictimai xidmət və ictimai maraq məzmunu”, “Siyasi kommunikasiyalar və sosial medianın bu sahədə problemləri” mövzularında plenar sessiyalar keçirilmişdir. Həmçinin, “Kommersiya kommunikasiyaları – dəyişikliklərin xəritəsi”, “Yayımda daha geniş müxtəliflik – gender məsələlərinə vurğu”, “Konfidensiallıq üçün yeni problemlər” mövzüları üzrə Avropa ekspertlərinin iştirakı ilə müzakirələr aparılmışdır. Səfərdən əvvəl və sonra bir sıra sənədlər tərcümə olunmuş, təşkilati məsələlər beynəlxalq əlaqələr üzrə əməkdaşlar tərəfindən həll olunmuşdur.
10-12 oktyabr 2018-ci il tarixlərində isə 48-ci toplantı Yayım və Retranslyasiya Şurasının CBR dəvəti ilə Slovakiyanın paytaxtı Bratislavada keçirilmişdir. Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova bu toplantıda iştirak etmişdir. Toplantıda “Rəqəmli dövrdə ictimai xidmət və ictimai maraq məzmunu - tənzimləyici qurumların rolu”, “Siyasi kommunikasiyalar və sosial medianın bu sahədə problemləri - tənzimləyici qurumların rolu nədədir?” mövzularında plenar sessiyalar keçirilmişdir. Toplantı zamanı, həmçinin, işçi qruplar çərçivəsində Avropa ekspertlərinin iştirakı ilə aşağıdakı 3 mövzu üzrə müzakirələr də aparılmışdır: “Kommersiya kommunikasiyaları: tənzimləyici qurumların münasib rolları”; “Yayımda daha geniş müxtəliflik: tam mənzərə”; “Audiovizual Media Xidmət Direktivi diqqət mərkəzində: Avropa Ittifaqına üzv olan və üzv olmayan ölkələrin Tənzimləyici Qurumlarının əməkdaşlığa cəlb edilməsi”. Toplantıdan qabaq və ondan sonra bir sıra sənədlər tərcümə olunmuş, təşkilati məsələlər ilə bağlı fəaliyyət həyata keçirilmişdir.
2018-ci ilin 3-5 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində Qara Dəniz Əməkdaşlıq Təşkilatının yayım tənzimləyici qurumlarının forumu olan BRAF-ın 9-ci İllik Toplantısı keçirilmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov toplantıda iştirak etmişlər. Nümayəndə heyətinin üzvü Fazil Novruzov toplantı çərçivəsində “Azərbaycanda Audiovizual sahədə olan son yeniliklər” və “Azərbaycanda internet vasitəsilə yayımlanan audiovizual məzmunun monitorinqi” mövzularında təqdimatla çıxış etmişdir. Səfər ərəfəsində bir sıra sənədlər tərcümə olunmuş, təşkilati məsələlər əməkdaşlar tərəfindən həll olunmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ - Türk Şurası) daxil olan ölkələrin audiovizual sahə tənzimləyiciləri arasında olan kommunikasiyalarda da Milli Televiziya və Radio Şurası əməkdaşları fəal iştirak edirlər. Türkdilli Dövlətlərin Yayım Tənzimləyici Qurumlarının Birliyinin 2-ci toplantısının 2018-ci il ərzində Azərbaycan Respublikasında keçirilməsi haqqında razılaşmaya baxmayaraq, TDƏŞ-in və digər ölkələrin audiovizual qurumlarının sıx proqramını nəzərə alaraq bu toplantının 2019-cu il ərzində keçirilməsi razılaşdırılmışdır. Şöbə əməkdaşlarının bu toplantının dəqiq tarixi, məkanı və gündəliyi barədə TDƏŞ nümayəndələri və digər audiovizual tənzimləyici qurumlar ilə danışıqları davam edir.
2018-ci il ərzində İnternet vasitəsilə yayımlanan audiovizual kanallar və məzmun ilə bağlı yaradılmış işçi qrupun nümayəndələrinin əlaqələri davam etmişdir.
BRAF çərçivəsində fəaliyyətə uyğun olaraq 2018-cı il ərzində “Regional əməkdaşlıq dekadası - BRAF” adlı kitabı üçün Azərbaycanla bağlı materiallar Hüquq və beynəlxalq əlaqələr şöbəsi tərəfindən hazırlanmış, sonradan ingilis dilinə tərcümə olunmuş və BRAF Daimi Katibliyinə göndərilmişdir. BRAF Daimi Katibliyinin nəzarəti və RTÜK-ün maddi yardımı ilə kitab 2018-ci ildə nəşr olunmuşdur. Nümunə nüsxə şöbə əməkdaşları tərəfindən qəbul olunmuş və onun üzərində yekun redaktə işləri görülərək yenidən Daimi Katibliyə göndərilmişdir.
Texniki sahədə fəaliyyət
Milli Televiziya və Radio Şurası ümumrespublika və regional televiziya və radio proqramlarının hər üç yayım formasında (yerüstü, kabel və peyk yayımında) tələb olunan norma və standartlara əməl olunmasına nəzarət işini həyata keçirmişdir. Yerüstü TV və FM radio yayımı zamanı əhatə zonsında sahə gərginliklərinin, zolaqkənarı şüalanmaların səviyyəsinin müəyyən olunması ilə əlaqədar olan ölçmələr aparılmış, ölçmələrin nəticələri standart üzrə tələb olunan hədlərlə tutuşdurulmuş, fərqlərin üzə çıxarılması hesabına normal yayımın təmin olunması şərtləri müəyyən edilmişdir. TV və radio yayım şirkətləri tərəfindən bu tələblərə əməl olunmasına nəzərət işi həyata keçirilmişdir.
2018-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən teleradio yayımında texniki sahədə aşağıdakı işlər görülmüşdür:
1. Ölkəmizin ərazisində yerüstü, kabel və peyk yayımı üzrə olan avadanlıqların adları, parametrləri, stansiyaların tezliklər cədvəli, diapazonların bölünməsi və b. məlumatlarla zəngin olan məlumat kitabı hazırlanmışdır. Bu məcmuə ölkəmizin ərazisində olan hər bir TV və radio yayım stansiyanın koordinatları, istifadə olunmuş yayım vericisinin gücü, verici antennanın gücləndirmə əmsalı və hündürlüyü haqqında məlumatları özündə əks etdirir. Burada istifadədə olan və boş qalan tezliklərin siyahısı verilmiş, yerüstü TV və radio yayımının genişləndirilməsi imkanları göstərilmişdir.
2. FM radioyayım stansiyalarının və onların avadanlıqlarının ümumi siyahısı çıxarılmış, həmin avadanlıqların parametrlərini əks etdirən cədvəl tərtib olunmuşdur. Həmin parametrlər əsasında hər bir FM radio proqramının əhatə zonaları hesablanmış və nominal əhatə zonası ilə müqayisə olunmuşdur. Ümumölkə radio yayımçılarının nümayəndələrinin iştirakı ilə FM radio yayımının vəziyyəti müzakirə olunmuş və yayım şəbəkəsinin genişləndirilməsi, xüsusən sərhədyanı ərazilərdə FM radioyayım tezliklərinin geniş istifadə olunması üzrə əməli təkliflər verilmişdir.
Bununla əlaqədar olaraq, müxtəlif FM radio yayımçılarına yeni işçi tezliklər ayrılmışdır. Buna misal olaraq Asan Radio üçün Lerik, Gəncə və Quba Radio-Televiziya Yayım Stansiyalarından, Avto FM radiosu üçün Gəncə, Quba, Gülüstan (Ağsu r-nu), Poylu (Ağstafa r-nu) Radio-Televiziya Yayım Stansiyalarından yayımlanmaq məqsədilə yeni işçi tezliklərin ayrılmasını göstərmək olar.
3. TV və radio yayım stansiyaları arasında baş verən qarşılıqlı interferen-siyaların azaldılması. Bu məqsədlə stansiyalar arasında interferensiyaların baş vermə səbəbləri araşdırılmış, güclərin tələb olunan hədd daxilində azaldılması, TV yayım kanallarının və işçi tezliklərin dəyişdirilməsi yolu ilə bu maneələrin aradan qaldırılması üzrə təkliflər verilmiş və yayım şirkətlərinin rəhbərləri ilə müzakirə edilmişdir.
İnterferensiyaların aradan qaldırılması üçün Araz FM-in Gülüstan (Ağsu r-nu) və Astara, Respublika radiosuun Astara və Təpəcənnət (Şəki r-nu), İctimai radionun Astara və Poylu (Ağstafa r-nu), Avto FM-in Quba Radio-Televiziya Yayım Stansiyalarından yayım tezlikləri dəyişdirilmişdir.
Bundan başqa, həm Bakı şəhərində, həm də bölgələrdə radioverilərin zolaqkənarı şüalanmalarının səviyyələrini azaltmaq məqsədilə onların çıxış süzgəcləri ilə təmin olunması məsələsi yayaımçılar qarşısında qaldırılmış və bu günə həmin məsələ qismən həll olunmuşdur. Çıxış süzgəci qoyulmayan bəzi hallarda bir neçə radiovericinin bir verici antennaya qoşulmasını təmin etmək üçün rejektor süzgəcindən istifadə olunması da zolaqkənarı şüalanmaları qismən azaltmağa imkan vermişdir.
4. Rəqəmli televiziya yayımında təsvirin canlandırılma keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş texniki yeniliklər daim izlənmiş, bu yeniliklərin ölkəmizin televiziya yayım şəbəkəsinə tətbiqi imkanları əlaqədar təşkilatların mütəxəsisləri ilə müzakirə olunmuş və mümkün hallarda həmin yeniliklər tətbiq edilmişdir. Belə ki, rəqəmli TV yayımının tətbiqi ilə SD formatından HD, Full HD və Ultra HD formatlarından hər hansı birinə keçilməsinin əlverişli olması nəzərə alınaraq, yeni TV yayım paketi yaradılmış, AzTV, Mədəniyyət TV, İctimai TV və Xəzər TV proqramlarının Bakı şəh. və Abşeron yarımadası ərazisində HD yayımı təmin edilmişdir.
TV yayımçılarına məxsus videoavadanlıqlara bizim tərəfimizdən keçirilmiş baxış nəticəsində həmin avadanlıqların bəzilərinin HD formatına uyğun olmaması aydın olmuşdur. Bu, xüsusən AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV-nin avadanlıqlarının bir qisminə aiddir. SD formatında olan TV yayım video siqnalının konvertor vasitəsilə HD formatına çevrilməsi isə həlletmə qabiliyyətini artırmır. Hazırda yayımçılarla bu istiqamətdə izahat işi aparılmaqdadır.
Əhalidə olan TV qəbulediciləri və dekoderlərin imkanları öyrənilmiş, tam olaraq HD formatına keeçilməsinin qəbul tərəfdən məhdudlanması müəyyən edilmiş və buna görə də HD formatında yayımlanan hər bir ümumölkə TV yayım proqramının SD formatında paralel olaraq yayımlanması təklif və tətbiq edilmişdir.
5. Şöbənin əməkdaşları Azərbaycanda TV və radio yayımının vəziyyəti ilə əlaqədar olaraq yaradılmış mərkəzləşdirilmiş komissiyanın apardığı monitorinq və ölçmə işlərində, ölçmələrdən alınmış nəricələrin təhlilində yaxından iştirak etmişlər. Qış mövsumunda aparılmış ölçmələrin nəticələrinin yay mövsumunda necə dəyişdiyini öyrənmək üçün ikinci monitorinq aparılmışdır. Hər iki monitorinqin nəticələri müqayisə olunmuş, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilmişdir. Tərtib olunmuş protokollar və təkliflər əsasında rəylər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunmuşdur.
6. Bakı şəh. və Abşeron yarımadası ərazisində TV yayım kanallarının səmərəli istifadə olunması istiqamətində texniki tədbirlər davam etdirilmişdir. Bu məqsədlə Gənclik radiostansiyasında olan maçtanın və onun yerinin dəniz səviyyəsindən olan hündürlükləri nəzərə alınmaqla verici antennanın ekvivalent hündürlüyü hesablanmışdır. Bu hündürlüyün böyük olmamasına baxmayaraq, mövcud infrastrukturun istifadə olunması ilə əlavə xərclərin yaranmaması və SFN tipli birtezlikli TV yayım şəbəkəsinin tətbiqi ilə yeni TV yayım kanallarının tələb olunmaması nəzərə alınaraq, həmin stansiyadan bir neçə TV proqramının Bakı teleqülləsi ilə SFN olan TV yayım şəbəkəsi üzrə yayımına başlanmışdır.
7. ARB-24 ümumrespublika yayımçısının əhatə zonasının genişləndirilməsi istiqamətində işlər aparılmışdır. Video avadanlıqlarının yüksək keyfiyyətə malik olması burada yayım keyfiyyətini yüksək saxlamağa imkan verir. Bunu əsas tutaraq Bakı şəh. və Abşeron yarımadası ərazisində 31-ci TV yayım kanalında Ful HD yayımına başlanmışdır. Ölkə ərazisində həmin proqramın geniş yayımının təmin edilməsi, siqnalın bölgələrə ötürülməsi və paketlərə daxil edilməsi imkanları araşdırılmış və ARB-yə məxsus paketlərdən savayı Gülüstan (Ağsu r-nu) Radio-Televiziya Yayım Stansiyasından yayımlanan paketə daxil edilməsi bu proqramın əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan vermişdir.
8. Müxtəlif ölkələrdə TV proqramlarının peykdən yayım qiymətləri öyrənilmiş, Azərspace peykindən yayım qiymətləri və platforma xərcləri ilə tuşdurulmuş, keyfiyyətli TV yayımının təmin edilməsi üçün peykdən TV yayım siqnallarının veriliş sürəti və rejimlərin seçilməsi üçün təkliflər verilmişdir.
9. İP TV yayımçılarının siyahısı, xidmət əraziləri cədvəli, «Azərspace» peyki vasitəsilə yayımlanan TV və radio proqramlarının siyahısı, yayımlandığı diapazonları, məxsus olduqları ölkələrdəki statuslarını əks etdirən cədvəlin yeni variantı tərtib olunmuşdur.
10. Efir-kabel tipli kabel TV yayımının tətbiqi imkanları araşdırılmış, Bakı şəh. və Abşeron yarımadası ərazisində və bu tip kabel TV yayımının istənilən paylanmış ərazilərdə şanvari prinsipin müəyyən qayda ilə dəyişdirilməsi imkanı öyrənilmişdir. Connect TV-nin misalında bu prinsipin dəyişdirilməsi hesabına əldə oluna biləcək iqtisadi səmərə həmin şirkətin əməkdaşları ilə müzakirə olunmuş, müvafiq hesablamalar aparılmış və alınmış nəticələr müvafiq aktlarla təsdiq olunmuşdur.
Kabel TV yayımının tətbiqi üçün fibrooptik xətlərin istifadə olunma imkanları araşdırılmış və Kabel TV şirkətləri ilə kabel paylayıcı şəbəkənin dairəvi prinsiplə qurulması məsələsi müzakirə olunmuş və müvafiq qərar qəbul olunmuşdur.
11. Şöbənin əməkdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin 0003-2018-NRYTN saylı əmrinə əsasən yaradılmış komissiyanın apardığı iki monitrinqin nəticələrinin müzakirəsində və bu müzakirələr əsasında ölkə ərazisində xarici ölkə TV və radio yayım proqramlarının yayımının vəziyyətini əks etdirən protokol və təkliflər layhəsinin hazırlanmasında yaxından iştirak etmişlər. Şöbənin əməkdaşları tərəfindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və hümanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının Anlaşma memorandiumunun 5-ci bəndi (Rabitə sahəsində əməkdaşlıq) haqqında rəy hazırlanaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunmuşdur.
Monitorinqlərin təşkili və qanunvericiliyin icrasına nəzarət
Monitorinqlər yayım növünə və yayımçıların statusuna uyğun olaraq bir sıra istiqamətlərdə aparılmışdır. Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların dərhal aşkarlanmasına şərait yaratmışdır. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq günlük və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilmişdir.
Ümumölkə yayımçısı telekanalların illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Televiziyası (AzTV), Mədəniyyət TV, “İdman Azərbaycan”-ın proqram səbətində xüsusilə maarifləndirici verilişlər, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan verilişlər müxtəlif tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır. Bu qəbildən olan verilişlərə AzTV-də "Müasir Azərbaycan gənci", “Günün nəbzi”, "Şahmat klubu", "Turan", "Məclisi-üns", "Ovqat", "Azərbaycan Respublikasına xidmət edirəm","Xəmsə" intellektual oyun və s; Mədəniyyət TV-də “Ədəbi abidələr”, “Azərbaycan dili”, “Təhsil və tərəqqi”, “Böyük ömrün anları”, “Mühazirə”, “Palitra-ART”, “Ana dili, “Xəmsə”, “Saz-söz axşamı”, “Haqqın dərgahı”, “Yaradanlar və yaşadanlar” və s; İdman Azərbaycan-da “Şahmat klubu”, “Telefitnes”, “Flaqman”, “İdman sağlamlığın rəhidir” və s. nümunə göstərmək olar.
Büdcədən maliyyələşən İTV-nin də proqram səbəti zəngindir. Belə ki, burada maarifləndirici, milli dəyərləri təbliğ edən layihələr, müzakirə proqramları, dünya mədəniyyəti və incəsənətinin nümunələrinə, idmana geniş yer verilir. Bu səpkidən olan verilişlərə “Nə? Harada? Nə vaxt?", “Addım-addım”, “Diqqət mərkəzi”,”Breyn-rinq”, “Media ilə üz-üzə”, “#İTV tech”, “Bir mahnının tarixçəsi”, “Radius”, "Din və cəmiyyət", “Əlaçı”, “Yadigarlar”, “Ozan məclisi” və s. misal ola bilər.
Qeyd edək ki, əvvəlki illərlə müqayisədə kanalın proqram səbətində maarifləndirici layihələrin həm sayında, həm də keyfiyyətində artım müşahidə olunur.
Özəl yayımçıların efirində də maarifləndirici layihələr az deyildir. Məsələn, ARB-də “Biz birik”, “Əsgər”, “Rezonans”, “Pəncərə”, “Bu qədər”, “Öz evimiz” və s; ATV-də “Bakı vaxtı ilə”, “5-ci Element”, “Oralar”, “İş həmişə var”, ”Yeni evim”, “Qanunla biz”, “Ana-bala”, “Made in Azerbaijan”, “İqtisadi zona”, “Atv aktual” və s; Lider TV-də “Texno park”, “Bakı bağları”, “Azərbaycan qalaları”, “Qum saatı”, “Kinolu-teatrlı Bakımız”, “Xəzərin sahilində” və s; “Xəzər” TV-də “Könül dünyamız”, “Çöl adamı”, “Ənənə boxçası”, “Sirdaş”; SPACE TV-də “İnam”, “El bizim, sirr bizim”, “Banu”, “Çarə” və s.,
İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verilmişdir. Telekanalların yayım zamanı «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun daha çox 35.2 və 35.7-ci maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilmişdir (müvafiq arayışlar tərtib edilmişdir).
Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilmişdir. Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınmışdır (Xəzər, ATV, ARB).
İl ərzində aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması ilə bağlı da kütləvi hallar diqqəti cəlb etmişdir (Space). Bu isə həm «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin pozulması deməkdir.
Monitorinqlər zamanı «Reklam haqqında» Qanunun 13-cü maddəsinin tələblərinin pozulması hallarının da kütləviliyi müşahidə edilmişdir. Bu barədə mütəmadi olaraq arayışlar tərtib edilərək Şura Sədrinə təqdim edilmişdir.
Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanmışdır (2.2-ci maddə: Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır).
Bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri mütəmadi olaraq pozulmuşdur. Bu hallar daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edilmişdir.
Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.
Belə ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur. Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış “Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilmişdir. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirir.
ARB-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılır. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri – övladlarını atıb başqası ilə aillə quran qadın və ondan aliment tələb edən ərin “hekayəsi” müzakirəyə çıxarılmışdır. Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə, ki, ucuz sensasiya və şou naminə edilir. Qeyd edək ki, bu cür hallara sözügedən verilişdə mütəmadi olaraq rast gəlinmişdir.
İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış “10-dan sonra” verilişi olmuşdur. Verilişin 09.07.2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranmış, mübahisə zəminində gərginlik yaşanmış və tərəflər bir-birinə ünvanına ədəbsiz ifadələr işlətmişlər. Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilmişdir.
Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqəti cəlb etmişdir. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış“Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olmuşdur.
Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş “Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaratmışdır.
Lider TV-nin efirində yayımlanan “7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcıların efir imkanlarından sui-istifadə hallarına yol verməklə Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlətmişlər ki, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınmışdır.
Xəzər TV-nin “Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb etmişdir. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının da qarşısını almağa cəhd etmir, əksinə belə hərəkətlərə təhrik edilməsi hallarına da yol vermişdir. Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu adlı birisi barədə təhqiramiz ifadələr işlətmiş, lakin verilişin aparıcıs Tolik bu halın qarşısını almamışdır. İfadələr aşağıdakılardan ibarətdir: “Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacam həkimə. Mən qadın kimi özümü subut edəcəm, amma sən kişi kimi özüvü subut edə bilməyəcəksən... Yerə soxum səni. Murdar..”
İl ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan biri də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olmuşdur. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinmişdir. Məsələn, ARB-də “Sirdaş Rövşanə” verilişinin 06.06.2018-ci il tarixli buraxılışında verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlətmiş, hətta onlar arasında əlbəyaxa dava da baş vermişdir (saat 17.42-də).
Bundan başqa, verilişin 07.05.2018-ci il tarixli buraxılışında “ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunmuş, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə etmişlər.
Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişinin 25.06.2018 və 26.06.2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanmışdır. Belə ki, verilişində qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanmış, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinmişdir. Belə ki, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunmuş, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlətmiş, qeyri-etik söz və ifadələrdən istifadə edilmişdir.
Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında da rast gəlinmişdir. Məsələn, “LİDER” telekanalında 11.04.2018-ci il tarixdə saat 18.13-də yayımlanmış “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamında deyilir:
Diktor: Sizə sağlamlığınızla bağlı problemlərin birdəfəlik müalicəsini təqdim edirik. Bu məhsul xüsusilə 40 yaşlı kişilərin istifadəsini zəruri hesab etməklə bir çox xəstəliklərin tam müalicəsinə imkan verir. “Prostat üçün məcun” daha çox 40 və ondan yuxarı yaşda rast gəlinən prostat vəzi xəstəliyi kişilərin ən böyük probleminə çevrilib.
Reklamın kişi personajı: “Televizorda həyat yoldaşım görüb məndən xəbərsiz sifariş etmişdi. Mənə dedi ki, bunu istifadə etməsən səndən inciyəcəm. Mən də istifadə etdim. İnanırsız, təkrar əvvəlki rejim özümə qayıtdı. İkimizin də həyat tərzi gözəlləşdi. Cox xoşbəxtəm. O da sevindi. Bu “Kişi ürəyi” bəlli bir yaşdan sonra insanın öz enerjisini insanın ozünə qaytarırmış”.
Xəzər TV-də mütəmadi olaraq yayımlanmış “Spermagen” adlı dərman vasitəsinin reklamı da milli-mənəvi dəyərlərə zidd xarakter daşımışdır. Məsələn, 03.04.2018-ci il tarixdə saat 19.04-də efirə getmiş həmin reklamın mətnində deyilir: “Cinsi zəiflik, cinsi aktın tez başa çatması sonsuzluğa, boşanmalara, stressə səbəb olur. Təbii tərkibli spermagen cinsi zəifliyi qısa zamanda həll edir, cinsi performansı hər yaşda maksimuma yüksəldir”.
İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışılmışdır. Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan “El sizin, sirr bizim” verilişində baş vermişdir. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilmişdir. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olmuşdr.
İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoymuşdur. Belə ki, müəyyən edilmişdir ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, daha çox ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.
Monitorinqlər göstərmişdir ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də “Xalxın evi”, “AY yay, yay”, ATV-də “Qız atası”, “Bacanaqlar” və s. göstərmək olar.
Həmçinin seriallarda sponsorla bağlı da vəziyyət ürəkaçan deyil. Belə ki, sponsorlar seriallarda gizli və açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır.
2018-ci ilin birinci yarısında bəzi yayımçılar tərəfindən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinin tələblərinin pozulması hallarını aşkara çıxarılmışdır. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.
Qeyd edək ki, Şura tərəfindən görülmüş tədbirlər nəticəsində artıq ilin ikinci yarısından yayımçılar tərəfindən qanunvericiliyin sözügedən tələblərinə riayət edilməsinə nail olunmuşdur.
Ümumilikdə qeyd etmək lazımdır ki, Şura tərəfindən atılmış ciddi addımlar nəticəsində 2018-ci ilin oktyabr ayından etibarən teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin yayımçılar tərəfindən icrası istiqamətində müsbət dinamika müşahidə edilmişdir.
Həmçinin 2018-ci ildə yayımçıların proqram səbətində ölkə və şəxsi istehsal olan efir materiallarının, o cümlədən maarifləndirici və əyləndirici layihələrin, verilişlərin artması da diqqəti cəlb etmişdir. Serial təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işinə əvvəlki illərdə göstərilmiş dövlət dəstəyinin nəticəsi olaraq bu il ərzində yayımçıların efirində xeyli sayda yeni serialların yayımlanması müşahidə olunmuşdur.
Televiziya proqramlarının aparıcı və diktorları ilə bağlı müsbət tendensiyalar diqqət çəkməkdədir. Ötən il ərzində teleaparıcıların fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklərdə ədəbi dilin qorunması istiqamətində MTRŞ-nin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının birgə həyata keçirdiyi layihələr mühüm rol oynamışdır.
Bununla belə, şöbədə il ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanmışdır. Həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilmişdir:
- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi diliin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən loru, bayağı nitq sərgiləmələri;
- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;
- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi;
- aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:
- bəzi aparıcıların ləhcədə danışması;
- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;
- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.
İl ərzində həmçinin ölkə ərazisində fəaliyyət göstərən radiokanalların növbəli şəkildə monitorinqləri aparılmışdır. Monitorinqlər zamanı radiokanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilmişdir.
Qeyd olunmalıdır ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən qeyri-etik, xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilmiş və müvafiq şəkildə arayışlar tərtib edilmişdir.
106.3 FM (Azad Azərbaycan) radiosunun efirində yayımlanan metak borularına həsr olunmuş və mütəmadi olaraq yayımlanan reklam çarxının ədəbi dil normalarına zidd, xarici kəlmələrdən istifadə etməklə və ləhcədə təqdim edilməsi müşahidə edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də şöbə tərəfindən monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radiokanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilmişdir.
Şöbədə əməkdaşlar arasında iş bölgüsünün təkmilləşdirilməsi və imkanların daha artıq səfərbər olunmasının nəticələrə son dərəcə müsbət təsiri olmuşdur. Aparılmış monitorinqlərin nəticələri barəsində Şura sədrinə mütəmadi hesabatlar təqdim edilmiş, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə teleradio yayımı ilə bağlı yer almış materiallar araşdırılaraq müəyyən təhlillər aparılmışdır. Bütün bunlarla yanaşı, Şura rəhbərliyi tərəfindən verilmiş cari tapşırıqlar da yerinə yetirilmişdir.
Kargüzarlığın təşkili və elektron xidmətlər
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Aparatının Ümumi sektoru Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatı və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq və öz funksiyasına uyğun olaraq 2018-ci il ərzində aşağıdakı sənədləşmə işlərini görmüşdür.
Milli Televiziya və Radio Şurasının rəhbərliyi tərəfindən il ərzində 72 əmr imzalanmışdır. İmzalanan əmrlərdən 11-i ezamiyyət, digərləri isə kadr məsələləri ilə bağlı olmuşdur.
2018-ci il ərzində Milli Televiziya və Radio Şurasına 433 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən təqribən 51-ə qədəri Azərbaycan Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından məlumat,tapşırıq və tövsiyyə xarakterli sənədlərdir. 77-ə qədəri vətəndaş müraciətləri, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterlidir. Daxil olan sənədlər Şura sədrinin dərkənarı ilə xarakter və təyinatına uyğun olaraq icra olunmaq üçün ümumi sektor tərəfindən Şuranın struktur bölmələrinə paylanmışdır.
Həmçinin ümumi sektorda 2018-ci il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən respublikanın ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə göndərilən 378 sənəd hazırlanmışdır. Bunlardan 75-i teleradio yayımçılarına tövsiyyə və tapşırıq xarakterli, 76-ı vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterlidir.
Milli Televiziya və Radio Şurasının əməkdaşları Şura sədrinin sərəncamı ilə işin keyfiyyətini artırmaq və işçilərin maddi marağını artırmaq məqsədi ilə 2018-ci ildə 10 dəfə fərdi və kollektiv qaydada mükafatlandırılmışlar.
Ümumi sektor 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.reyerstr.dim.gov.az internet resursu vasitəsilə Şura Aparatının dövlət qulluqçularının reyestrini və www.exidmet.dim.gov.az internet resursu vasitəsi ilə dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində müvafiq işlər aparmışdır.
Ümumi sektor həmçinin 2018-ci ildə kadrların işə qəbulu üzrə www.e-gov.az internet resursu üzrə elektron sənədləşmə işləri həyata keçirmiş və idarələrarası elektron sənəd dövriyyəsi vasitəsilə daxil olan sənədləri qəbul etmiş və sənəd ünvanlamışdır.