İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Yayım Tənzimləyici Orqanlarının Forumu
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləmə orqanlarının forumu olan İBRAF (Organisation of Islamic Cooperation Broadcasting Regulatory Authorities Forum) İslam ölkələri yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədləri güdən beynəlxalq bir təşkilatdır.
İBRAF-ın qurulması layihəsini Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) o zamankı rəhbəri Dr. Davud Dursun və RTÜK beynəlxalq əlaqələr departamentinin müdiri Dr. Hamit Ersoy Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT Baş katibi Dr. Ekmeleddin İhsanoğlu ilə görüşündə irəli sürmüşlər. Bu görüşdə layihənin İƏT-nın İnformasiya və Mədəniyyət İşləri üzrə Daimi Komitəsinə (COMİAC-a) təqdim olunması üçün fəaliyyət planı qərarlaşdırılmışdır. Bunun ardınca, COMİAC 2010-cu il 11-13 oktyabr tarixlərində Senegalın Dəkər şəhərində keçirilən növbəti iclasında bu layihəni bəyənib qəbul etmişdir. Daha sonra, 2011-ci ilin 17-18 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində İBRAF-ın 1-ci toplantısı keçirilmiş və təsis olunma haqqında Birgə Deklarasiya qəbul olunmuşdur.
Nəhayət, 2012-ci ilin 17-20 aprel tarixlərində Qabonun Librevil şəhərində keçirilən İƏT İnformasiya Nazirlərinin toplantısında 57 üzv dövlətin İnformasiya nazirləri İBRAF-ın yaradılmasını dəstəkləmiş və təşkilat öz hüquqi statusunu qazanmışdır.
2012-ci ilin 2-3 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 2-ci toplantıda İBRAF-ın Nizamnaməsi qəbul olunmuşdur. 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minən Nizamnaməyə əsasən, İBRAF-ın Daimi Katibliyinin Türkiyənin Ankara şəhərində təşkil olunması qəbul olunmuşdur.
Hazırda İBRAF-ın Baş katibi RTÜK üzvü olan Nurullah Öztürkdür. Azərbaycan Respublikası Audiovizual Şurası 2011-ci ildən İBRAF-ın təsisçi üzvüdür.