Yayım Tənzimləyici Orqanların Avropa Platforması (EPRA)
Yayım Tənzimləyici Orqanların Avropa Platforması olan EPRA (European Platform of Regulatory Authorities) 1995-ci ilin aprel ayında Avropa tənzimləyiciləri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə cavab olaraq yaradılmışdır.
30 illik təcrübəsi və Avropanın audiovizual media tənzimləyicilərinin ən nüfuzlu şəbəkəsi olan EPRA fikir və qabaqcıl təcrübələrin mübadiləsi və müzakirələri, milli və Avropa yayım tənzimləmə qanunvericiliyinin ümumi məsələləri barədə informasiya mübadiləsi, yayım qanunvericiliyinin təfsir və tətbiqində olan hüquqi problemlərin praktiki həllinin müzakirəsi üçün optimal mühit yaradır.
Hal-hazırda 47 ölkədən 56 tənzimləyici orqan EPRA-nın üzvüdür. Avropa Komissiyası, Avropa Şurası, Avropa Audiovizual Observatoriyası, ATƏT-in Media Azadlığı Bürosu bu şəbəkənin daimi müşahidəçiləridir. EPRA-nın toplantısı ildə iki dəfə (adətən, yazda və payızda) hər dəfə bir tənzmiləyici qurumun dəvəti ilə keçirilir.
EPRA qeyri-formal platformadır. EPRA nizamnaməsi ümumi mövqelərin və ya ifadələrin qəbul edilməsini açıq şəkildə qadağan edir. EPRA İdarə Heyətinin üzvləri müvafiq tənzimləyici qurumları təmsil etmirlər; onlar üzvlər tərəfindən irəli sürülmüş şəxslərdir, fərdi qaydada seçilir və vəzifələrini ictimai əsaslarla yerinə yetirirlər. EPRA Katibliyi yalnız üzvlərin vəsaiti hesabına maliyyələşir, şəbəkənin sabitlik və müstəqilliyi təmin etmək, həmçinin ev sahibliyi edən qurumla əməkdaşlıq imkanlarından yararlanmaq və inzibati yükü və xərcləri minimuma endirmək məqsədilə Fransanın Strasburq şəhərində Avropa Audiovizual Observatoriyasının nəzdində fəaliyyət göstərir.
EPRA Avropada milli tənzimləyici qurumların digər regional şəbəkələri olan MNRA, REFRAM, CERF və sairə ilə müntəzəm əlaqələr saxlayır.
Azərbaycan Respublikası Audiovizual Şurası 2007-ci ildən EPRA-nın üzvüdür.