Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsının 2014-cü il üzrə HESABATI
2014-cü ildə Milli Televiziya və Radio Şurasının 14 iclası keçirilmişdir. Ümumilikdə 30 məsələ müzakirəyə çıxarılmış, 28 məsələyə dair müvafiq qərar qəbul edilmişdir.
Televiziya və radio yayımı haqqında qanunun icrasına nəzarət
2014-cü il telekanalların fəaliyyətində hiss olunacaq irəliləyişlərlə müşahidə edilmişdir. Əsasən də maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının təkmilləşdirilməsi, yayımın keyfiyyətinin və coğrafiyasının genişləndirilməsi sahəsində irəliləyişlər baş vermişdir. Telekanallar tərəfindən əvvəlki illərlə müqayisədə proqrama verilən tələblərə cari il ərzində daha həssaslıqla yanaşılmışdır. Bununla belə, Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış daimi monitorinqlər telekanalların yayım fəaliyyətində müsbət dinamika ilə yanaşı nöqsanların da olduğunu üzə çıxarmışdır. Ümumölkə yayımçılarının illik monitorinq nəticələrinin təhlili göstərir ki, il ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələri, əsasən isə reklam yayımı və sponsorluqla bağlı tələblərinin pozulması hallarına yol verilmişdir. Telekanalların yayım zamanı «Televiziya və radio yayımı haqqında» Qanunun reklam yayımı ilə bağlı daha çox 35.2; 35.4; 35.5; 35.7 və 35.8-ci maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilmişdir (müvafiq arayışlar tərtib edilmişdir). Sponsorluqla bağlı isə «Televiziya və radio yayımı haqqında» Qanunun 36.5-ci maddəsi mütəmadi olaraq pozulmuşdur (müvafiq arayışlar tərtib edilmişdir). Bundan başqa, bəzi telekanallar (özəl yayımçılar) tərəfindən «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın və «Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydaların» da tələblərinin pozulması halları aşkara çıxarılmışdır (müvafiq arayışlar tərtib edilmişdir). Monitorinqlər zamanı telekanalların efirində yayımlanan teleseriallarda siqaret çəkmə, spirtli içki qəbul etmə, kəmərdən istifadə etmədən avtomobili təhlükəli idarəetmə və s. kimi xoşagəlməz hal və vərdişlər də qeydə alınmışdır.
Teleradio yayımının lisenziyalaşdırılması
Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin nəticələrinə əsasən Şuranın 14 mart 2014-cü il tarixli qərarına əsasən “Region TV” MMC qalib elan olunmaqla ona 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. 2014-cü il in may ayının 9-da isə Region TV artıq fəaliyyətə başlamışdır. İl ərzində 2 yayımçının (təsisçisi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti olan “İdman Azərbaycan” kanalı və “Digital Media” MMC radio yayımı üçün) xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmış və hər iki yayımçının xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. 1 televiziyaya peyk yayımı üçün (“Dünya Müstəqil Televiziya Şirkəti”) xüsusi razılıq (lisenziya) verilmişdir. 1 yayımçıya “Roberts Cafe” MMC-yə isə xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilmişdir.
Milli Televiziya və Radio Şurası tərəfindən 2014-cü ildə 1 regional televiziya yayımçısının xüsusi razılıq (lisenziya) müddəti uzadılmamışdır. Belə ki, öz fəaliyyətini “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanunundan irəli gələn vəzifələr səviyyəsində qura bilmədiyinə görə Şura tərəfindən Zaqatalada yayımlanan “Aygün” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılmış və xüsusi razılıq (lisneziya) müddəti uzadılmadığına görə 14 fevral 2014-cü il tarixdən etibarən “Aygün” TV-nin fəaliyyəti dayandırılmışdır.
Televiziya və radio yayımı haqqında qanunun tələblərini pozmuş yayımçılara tətbiq edilmiş inzibati tənbeh tədbirləri
Teleradio yayımı sahəsində qanunverciliyin tələblərinin pozulması hallarına görə Milli Televiziya və Radio Şurası tərəfindən il ərzində telekanallar barəsində 7 halda inzibati tənbeh tədbiri tətbiq edilmiş və 1 televiziyaya irad tutulmuşdur. Bunlardan 6-sı xəbərdarlıq, 1-i isə cərimə sanksiyasıdır. Məsələn, “ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktına görə ona 28.01.14-cü il tarxidə cərimə, 14.01.2014-cü il və 16.12.2014-cü il tarixlərdə isə xəbərdarlıq elan edilmişdir. 28.01.2014-cü il tarixdə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, 10.02.2014-cü il tarixdə isə “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktına görə onlara xəbərdarlıq elan edilmişdir. “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən 10.02.2014-cü il, 27.12.2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktına görə ona xəbərdarlıq elan edilmişdir. 15 sentyabr 2014-cü il tarixdə saat 07:00 -10:00 radələrində yayımlanan «Salam Azərbaycan» verilişində ədəbsiz ifadələrdən istifadə edilməsinə görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə irad tutulmuşdur. 25.12.2014-cü il tarixdə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktına görə “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilmişdir.
Beynəlxalq əməkdaşlıq
04 iyun 2014-cü il tarixində EPRA təşkilatının Monteneqronun Budva şəhərində 39-cu iclası keçirilmişdir. 21 avqust- 03 sentyabr 2014-cü il tarixində Çin və Mərkəzi Asiya və Şərqi Avropa ölkələri arasında radio və televiziya yayımları sahəsində mübadilə və əməkdaşlığın inkişafı məqsədilə Çin Dövlət mətbuat, Nəşriyyat, Radioyayım, Kinomotoqrafiya və Televiziya Baş İdarəsi tərəfindən təşkil edilən beynəlxalq seminarda iştirak edilmişdir. 08 sentyabr 2014-cü il tarixində Gürсüstanın Tbilisi şəhərində EPRA təşkilatının 40-cı iclası keçirilmişdir. 14 sentyabr 2014-cü il tarixdə Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci İclası Bakı şəhərində keçirilmişdir. 14 noyabr 2014-cü il tarixində “Türk dilində danışan ölkələrin və cəmiyyətlərin aktual problemləri çərçivəsində media” mövzusuna həsr olunmuş Türk dilində danışan ölkələr və cəmiyyətlər forumunda iştirak edilmişdir.
İkitərəfli görüşlər: 27 oktyabr 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamentinin rəhbəri Mahir Naseer arasında görüş keçirilmişdir. Görüşdə teleradio yayımı sahəsində ətraflı fikir mübadiləsi aparılmış, Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamenti ilə Milli Televiziya və Radio Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Dövlət dilinin qorunması
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında sentyabr-oktyabr ayları ərzində Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində monitorinqlər aparılmışdır. 25 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının(verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanmışdır. Monitorinqlərin nəticələrinə uyğun olaraq hesabat hazırlanmışdır.
Milli Televiziya və Radio Şurasına edilmiş vətəndaş müraciətləri
2014-cü il ərzində Milli Televiziya və Radio Şurasına 339 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 36-sı vətəndaş müraciəti (bunlardan 22-si telekanallardan və verilişlərdən şikayət, digərləri isə müxtəlif xarakterlidir) 5-i TV və radiolardan daxil olan yayım keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə tezliklərin ayrılması, 27-si isə Nazirlər Kabinetindən daxil olmuş tapşırıqlar və müxtəlif xarakterli digər sənədlərdir. 2014-cü il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən nazirlik, idarə və təşkilatlara, hüquqi və fiziki şəxslərə 267 sənəd göndərilmişdir.
Dövlət proqramlarının icrası
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında Sərəncamı ilə Milli Televiziya və Radio Şurasına aşağıdakı vəzifələr tapşırılmışdır:
- sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması məqsədilə təbliğat aparılması,
- Uşaq rifahı və müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərin ölkənin kütləvi-informasiya vasitələrində geniş təbliği,
- Etik davranış qaydaları ilə bağlı dövlət orqanlarının internet saytında müvafiq bölmənin yaradılması.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Milli Televiziya və Radio Şurasına aşağıdakı vəzifələr tapşırılmışdır:
- Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması,
- Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı,
- Rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı seminar, konfrans, treninq, sərgi, festival, müsabiqə, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, sosial reklam çarxlarının hazırlanması və televiziya kanallarında işıqlandırılması, teatr tamaşalarının hazırlanması, onların rayon və şəhərlərdə nümayişinin təşkil olunması,
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən Milli Televiziya və Radio Şurasına aşağıdakı vəzifə tapşırılmışdır:
- Kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsi.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən Milli Televiziya və Radio Şurasına aşağıdakı vəzifə tapşırılmışdır:
- narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi,
- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda mərkəzi və regional televiziyalarda dəyirmi masalar keçirilməsi, verilişlərin hazırlanması,
- narkomanlığa qarşı mübarizənin təsirliliyini artırmaq məqsədi ilə kütləvi informasiya vasitələrində bu mövzuda ən yaxşı müəllif yazılarının, televiziya verilişlərinin müsabiqəsinin təşkili və keçirilməsi,
- narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili, həmçinin bu kursları aparan təlimçi kadrların hazırlanması,
- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə çap məhsullarının və sosial roliklərin hazırlanması.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən Milli Televiziya və Radio Şurasına aşağıdakı vəzifə tapşırılmışdır:
- Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi,
- Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi,
- Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi.