"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. İctimai televiziya və radio yayımının məqsədi
İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarınıtəmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildəyayımlamaqdır.
Maddə 2. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanunun tələblərinə uyğun olaraq hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyənləşdirilərsə, həmin beynəlxalq hüquq normaları tətbiq olunur.
Maddə 3. İctimai yayım xidmətinin prinsipləri
3.0. İctimai yayım xidməti aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
II fəsil
İCTİMAİ YAYIM XİDMƏTİNİN TƏŞKİLİ
Maddə 4. İctimai yayımçının hüquqi statusu
4.1. İctimai yayımçı kənar müdaxilə olmadan müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir, bu əmlakdan yalnız ictimai yayımın məqsədləri üçün istifadə edə bilər.
4.3. İctimai yayımçı əmlakdan səmərəli istifadə olunmasına nəzarət edir, onun qorunmasına məsuliyyət daşıyır.
4.4. İctimai yayımçının əmlakı bu Qanunda nəzərdə tutulmuş hallarda satıla bilər.[1]
4.5. İctimai yayımçının əmlakı yeniləşdirilmək məqsədilə satıla bilər.[2]
4.6. İctimai yayımçı verilişlərinin forma və məzmununu özü müəyyən edir və yayımladığı proqramlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
4.7. İctimai yayımçının adı - İctimai Televiziya və Radio Yayımları Şirkətidir.
4.8. İctimai Televiziya və Radio Yayımları Şirkəti bu Qanun, "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunları və bu Qanunun tələblərinə uyğun şəkildə hazırlanıb Yayım şurası tərəfindən təsdiq olunan Nizamnamə əsasında fəaliyyət göstərir.
Maddə 5. İctimai yayım fəaliyyətinə lisenziya verilməsi və tezliklərin ayrılması
İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır.
Maddə 6. İctimai yayımçının hüquqları
6.0. İctimai yayımçının aşağıdakı hüquqları vardır:
6.0.1. özünün yayım xidmətlərini yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını əhatə edən proqramlar (verilişlər) hazırlamaq, bədii, sənədli, cizgi filmləri, habelə seriallar çəkmək, onları yayımlamaq, audio və video yazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə məşğul olmaq;
6.0.4. ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq;
6.0.5. teleradio yayımı ilə bağlı istənilən mətbu nəşrin təsisçisi olmaq;
6.0.6. öz verilişlərinin proqramını dərc etmək və ya bu hüququ üçüncü şəxsə vermək;
6.0.7. özünün ötürücü qurğular şəbəkəsindən istifadə etmək, bu funksiyanı digər subyektə həvalə etmək və ya ötürücü qurğular şəbəkəsini icarəyə vermək;
6.0.8. proqramlarını peyk rabitəsi, kabel şəbəkəsi, yaxud digər yerüstü texniki qurğular vasitəsilə ölkənin bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet və digər yayım xidmətləri, yaxud texnologiyanın ən yeni sahələrində fəaliyyət göstərmək;
6.0.10. özünün arxiv materiallarını ölkədaxili yayımçılara və ya yayımdankənar subyektlərə icarəyə vermək;
6.0.11. əlavə və ya tamamlayıcı xidmətlər, o cümlədən xarici dillərdə informasiya xidməti göstərmək üçün üçüncü şəxslərlə əməkdaşlıq etmək, yaxud üçüncü şəxsin bu sahəyə ayırdığı nizamnamə kapitalındakı payını əldə etmək;
6.0.12. nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan və qanunla qadağan edilməyən digər fəaliyyətlə məşğul olmaq.
Maddə 7. İctimai yayımçının vəzifələri
7.0. İctimai yayımçının vəzifələri aşağıdakılardır:
7.0.1. ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi;
7.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarının təmin olunması;
7.0.3. Azərbaycan və dünya müəlliflərinin əsərləri üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların, bədii, sənədli və cizgi filmlərinin, serialların, incəsənət əsərlərinin, mühüm tarixi və mədəni tədbirlərin lentə alınması və gələcək nəsillər üçün ictimai yayımçının qızıl fondunda saxlanması;
7.0.4. hazırlanıb efirə verilən proqramlarda vətəndaşların öz fikirlərini bildirməsi üçün bərabər imkanlar yaradılması;
7.0.5. vətəndaşların cavabvermə hüququnun təmin edilməsi;
7.0.6. informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi;
7.0.7. pornoqrafik materialların, zorakılığı, qəddarlığı, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması;
7.0.8. vətəndaşların şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşılması;[3]
7.0.9. yayım zamanı peşə etikasına riayət olunması;
7.0.10. tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanmaması.
7.1. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımçı tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.
Maddə 8. İctimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması
8.1. İctimai yayım xidmətlərinin rəhbərləri, baş redaktorlar, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım şurası tərəfindən sadə səs çoxluğu ilə təsdiq olunurlar.[4]
8.2. Müsabiqə komissiyasının yaradılması və müsabiqənin keçirilməsi qaydaları, əmək müqaviləsinin şərtləri qanunvericiliyə uyğun olaraq Baş direktor tərəfindən hazırlanıb təsdiq edilir.
8.3. Yayım şurası müsabiqə əsasında seçilmiş yayım xidmətlərinin rəhbərlərini təsdiq etmədikdə bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydada yeni namizədlər seçilir. Əgər Yayım şurası seçilmiş namizədləri ikinci dəfə təsdiq etməzsə, Baş direktor həmin namizədləri birbaşa təyin edə bilər.
8.4. İctimai yayım xidmətində işə götürülən, irəli çəkilən və ya ictimai yayımın başqa xidmətlərində daha yüksək vəzifəyə təyin olunan kadrlara irqinə, cinsinə, dini ənsubiyyətinə, yaxud siyasi baxışlarına görə məhdudiyyət qoyula bilməz.
8.5. İşçi öz vəzifəsindən şəxsi məqsədlər üçün, yaxud siyasi partiyaların, kommersiya və digər təşkilatların məqsədləri üçün istifadə edə bilməz.
8.6. İşçi ictimai yayımçının razılığı olmadan dövlət orqanlarından, kommersiya qurumlarından və digər təşkilatlardan təlimat ala, onların tapşırığını yerinə yetirə bilməz.
Maddə 9. İctimai yayım sənədlərinin saxlanması
9.1. İctimai teleradio verilişlərinin materialları (lent yazıları, əlyazmaları, məktublar, qoşma sənədlər) televiziya və radio yayımı haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlanılır.
İctimai yayımçı:
9.2.1. daxili tənzimləyici sənədləri;
9.2.2. əmlak üzərində hüquqlarım təsdiq edən sənədləri;
9.2.3. Yayım şurasının və Direktorlar şurasının iclaslarının protokollarını;
9.2.4. Baş direktorun əmr və sərəncamlarını;
9.2.5. təftiş və audit yoxlamalarının nəticəsi barədə aktları və arayışları;
9.2.6. işçilərlə bağlanmış əmək müqavilələrini;
9.2.7. mühasibat sənədlərini;
9.2.8. bank, maliyyə və məhkəmə sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə saxlayır.
Maddə 10. İctimai yayım fəaliyyətində şəffaflıq
10.1. İctimai yayımçının iqtisadi fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə cari və ya Yayım şurasının qərarı əsasında fövqəladə audit yoxlamalar keçirilir.
10.2. Təftiş və ya audit yoxlamaların nəticələri kütləvi informasiya vasitələrində dərc olunur.
III fəsil
İCTİMAİ YAYIM PROQRAMLARI
Maddə 11. İctimai yayım proqramlarında rəsmi məlumatların verilməsi
11.1. İctimai yayımçı rəsmi məlumatları heç bir dəyişiklik etmədən efirə verir. "Rəsmi məlumat" dedikdə, insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət hakimiyyəti orqanlarının verdikləri xəbərlər, habelə cəmiyyətin bilgiləndirilməsi üçün zəruri olan, dövlət hakimiyyəti orqanlarının rəsmi mövqeyini əks etdirən açıqlamalar, bəyanat və məlumatlar başa düşülür.
11.2. İctimai yayımçı rəsmi məlumatların məzmununa görə məsuliyyət daşımır.
Maddə 11-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
11-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
11-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
11-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
Maddə 12. İctimai yayım proqramlarının dili
12.1. İctimai yayım proqramları, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində yayımlanır. "Proqramların dili" dedikdə, qaçan sətirlər (subtitr) və təsviri (mətni) açıqlayan səs başa düşülür.
12.2. Xarici dildə hazırlanan proqramlar, bu dildəki tədris və retranslyasiya edilən proqramlar istisna edilməklə, Azərbaycan dilində subtitrlərlə müşayiət olunur, bədii, sənədli filmlər, çıxışlar və s. Azərbaycan dilinə tərcümə edilir.
12.3. İctimai yayım proqramlarına Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların dillərində verilişlər daxil edilir.
Maddə 13. İctimai yayım proqramlarına verilən tələblər
13.1. İctimai yayımçı bu Qanunla müəyyənləşdirilmiş məqsədlərini həyata keçirmək üçün proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə almalıdır.
13.2. Proqramlar milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməlidir.
13.3. İctimai yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və diskussiya formasında aparılır.
13.4. Yeni və orijinal teleradio məhsullarının yaradılmasına, bədii filmlərin, serialların, teleradio tamaşalarının efirə verilməsinə diqqət artırılmalıdır.
13.5. Dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və (və ya) Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.[5]
13.6. Proqramlarda Azərbaycanda istehsal olunan kino, tele, video və radio məhsullarının yayımlanmasına üstünlük verilir.
13.7. Proqramlarda istifadə olunan informasiyaların məzmunu, mənbəyi və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir.
13.8. Xəbərlər proqramında informasiyalar əhatəli, tərəfsiz, qərəzsiz, müstəqil olmalı, cəmiyyətdəki fərqli nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər informasiyadan dəqiq şəkildə seçilməlidir.
13.9. İctimai yayım proqramlarında ölkənin digər yayımçılarının proqramlarından ödənişsiz sitat və fraqmentlər gətirilə bilər, bu şərtlə ki, həmin sitat və fraqmentlərin ümumi həcmi 90 saniyədən çox olmasın və təsvirin üstündə emblemi göstərilməklə mənbəyi açıqlansın.
13.10. İctimai yayımçı insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.[6]
Maddə 14. İctimai yayım zamani reklama verilən tələblər
14.1. İctimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.
14.2. Reklamlar proqramların məzmununa, reklamçılar ictimai yayımçının müstəqilliyinə təsir göstərməməlidirlər.
14.3. Müntəzəm olaraq xəbərlər proqramı, yaxud müasir siyasi mövzularda veriliş aparan şəxslər teleradio reklamlarında çıxış edə bilməzlər.
14.4. İctimai yayım proqramlarında (verilişlərində) reklam “Reklam haqqında” və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanır və yayımlanır.[7]
14.4. Reklam ayrı-ayrı verilişlərin arasında blok şəklində efirə verilir.
14.5. Müstəqil hissələrdən ibarət televerilişlərdə, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında və ya fasilələrdə verilə bilər.
14.6. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi bu Qanunun 14.8-ci maddəsində göstərilən hallardan başqa, 30 dəqiqədən az olmamalıdır.
14.7. Xəbərlər proqramı, dini və uşaq verilişləri, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz.
14.8. Bədii və televiziya filmləri, 45 dəqiqədən bir və ya bir neçə 45 dəqiqə çox çəkən fasiləsiz proqramlar yalnız hər 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Proqramların nümayişi bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkdikdə əlavə olaraq bir reklam da verilə bilər.
14.9. Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş məhsulların, habelə saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir. Narkotik vasitələrin, psixotrop maddələrin,silahların, pornoqrafiyanın, tütün məmulatlarının, uşaqların fiziki, əqli və mənəvi inkişafına ciddi zərbə vuran məhsulların, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda digər məhsulların reklamı qadağandır. [8]
14.10. Proqramlar arasında teleticarət reklamı yerləşdirilə bilər, bu şərtlə ki, alğı-satqı, xidmət və icarə barədə birbaşa təkliflər edilən reklamın ümumi həcmi gün ərzində 30 dəqiqədən çox olmasın.
14.11. Reklam ictimai yayım proqramlarının gündəlik həcminin 15 faizindən, bir saat ərzində reklam çarxının ən yüksək həddi 9 dəqiqədən çox olmamalıdır.
14.12. Radioda reklamların gündəlik həcminin ümumi müddəti 90 dəqiqədir.
Maddə 15. İctimai yayım xidmətinə sponsorluq
15.1. Sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtilə yayımlanır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində) verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.
15.2. Sponsor verilişlərin məzmununa, yerləşdirilməsinə, ictimai yayımçının məsuliyyətinə və müstəqilliyinə təsir göstərə bilməz.
15.3. Sponsorun maliyyə yardımı ilə hazırlanmış verilişlərdə sponsorun və ya üçüncü şəxsin mallarının (xidmətlərinin) alğı-satqısına, yaxud icarəsinə təhrikə yol verilməməlidir.
15.4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
15.5. Xəbərlər və müasir siyasi mövzularda hazırlanan proqramlar sponsorluq predmeti ola bilməz.
IV fəsil
İCTİMAİ YAYIM XİDMƏTİNİN İDARƏ OLUNMASI
Maddə 16. İctimai yayımçının səlahiyyətlərinin həyata keçirilməsi
16.1. İctimai yayımçının bu Qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və Baş direktor tərəfindən həyata keçirilir.
16.2. Yayım şurasının üzvləri, Baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.
Maddə 17. Yayım şurasının formalaşdırılması
17.1. Yayım şurası proqramların yayımı zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirən və bu sahədə həlledici qərarlar qəbul etmək səlahiyyətinə malik olan nəzarətedici orqan kimi yaradılır.
17.2. Yayım şurasının üzvlüyünə aşağıdakı təşkilatlar (təşkilatlar qrupu) hər biri ümumi yığıncaqda sadə səs çoxluğu ilə iki namizəd irəli sürür və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edirlər:
17.2.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
17.2.2. Azərbaycan Milli Elmlər Akademiyası;
17.2.3. Mətbuat Şurası;
17.2.4. Sahibkarlar Şurası;
17.2.5. gənclər təşkilatları;
17.2.6. qadın cəmiyyətləri;
17.2.7. idman federasiyaları;
17.2.8. dini konfessiyalar;
17.2.9. yaradıcılıq təşkilatları.
17.3. Bu Qanunun 17.2.5-17.2.9-cu maddələrində göstərilən təşkilatlar qrupu namizəd seçmək üçün hər birindən bərabər sayda nümayəndə olmaqla birgə ümumi yığıncaq keçirir, namizədlər bu yığıncaqda sadə səs çoxluğu ilə seçilirlər. Əgər birgə ümumi yığıncaq vahid namizədlər seçmək üçün razılığa gələ bilməzsə, iştirakçıların hər birindən bir nəfər olmaqla namizədlərin vahid siyahısı tərtib olunur, bu siyahı birgə ümumi yığıncaqda təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
17.4. Azərbaycan Respublikasının Milli Məclisi bu Qanunun 17.2-ci maddəsində göstərilən təşkilatların (təşkilatlar qrupunun) hərəsindən bir namizəd olmaqla 9 nəfərdən ibarət tərkibdə 17.2.1-17.2.3-cü maddələrdə göstərilən təşkilatların namizədlərini 6 il, 17.2.4-17.2.6-cı maddələrdə göstərilən təşkilatların (təşkilatlar qrupunun) namizədlərini 4 il, 17.2.7-17.2.9-cu maddələrdə göstərilən təşkilatlar qrupunun namizədlərini isə 2 il müddətinə Yayım şurasına üzv seçir.
17.5. Yayım şurasının üzvləri öz aralarından sədr seçirlər.
17.6. Müddəti başa çatmış Yayım şurası üzvlərinin yerinə bu Qanunun 17.2-ci maddəsində göstərilən qaydada yeni namizədlər irəli sürülür və bu Qanunun 17.4-cü maddəsində göstərilən qaydada 6 il müddətinə təsdiq olunurlar.
17.7. Fəaliyyətinə bu Qanunla nəzərdə tutulmuş qaydada vaxtından əvvəl xitam verilən Yayım şurası üzvünün boş qalan yerinə seçim müddəti başa çatanadək təkrar seçki keçirilmir.
17.8. Bu Qanunun 17.7-ci maddəsində nəzərdə tutulan hallarda Yayım şurası üzvlərinin sayı 6 nəfərdən az olarsa, o zaman fəaliyyətinə vaxtından əvvəl xitam verilmiş Yayım şurası üzvlərinin boş qalan yerlərinə bu Qanunun 17.2-ci və 17.4-cü maddələrində göstərilən qaydada təkrar seçkilər keçirilir.
17.9. İlkin seçim müddəti başa çatmış Yayım şurası üzvlərinin təkrar seçilmək üçün bu Qanunun 17.2-ci maddəsinə uyğun şəkildə namizədlikləri irəli sürülə bilər. Yayım şurası üzvünün dalbadal iki dəfə seçilmək hüququ vardır.
Maddə 18. Yayım şurasının üzvlərinə verilən tələblər
18.1. Yayım şurasının üzvləri dövlət orqanlarında və bələdiyyələrdə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı teleradio yayımında, reklam agentliyində işləyə bilməzlər.
18.2. Yayım şurasının üzvləri onların namizədliyini irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin maraqlarının müdafiəçisi kimi çıxış edirlər.
18.3. Yayım şurasının üzvləri ictimai yayımçının müstəqilliyinə zərər vuran bəyanatlar verə və ya öz vəzifələrindən siyasi, kommersiya, yaxud şəxsi məqsədlər üçün istifadə edə bilməzlər.
18.4. Yayım şurasının üzvləri teleradio, mətbuat, informasiya, mədəniyyət, maliyyə, teletexnika və digər aidiyyəti sahə üzrə iş təcrübəsi olan ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarından seçilir.
Maddə 19. Yayım şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
19.1. Yayım şurası üzvünün səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
19.1.1. öz ərizəsi ilə;
19.1.2. Yayım şurasının üzvlüyü ilə bir araya sığmayan vəzifə tutduqda;
19.1.3. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
19.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
19.1.5. üzrsüz səbəbdən altı ay Yayım şurasının iclaslarında iştirak etmədikdə;
19.1.6. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu Qanunun 19.1.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə vəzifədən azad etmək barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırmaq üçün azı altı üzvünün razılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan Respublikasının Milli Məclisi Yayım şurasının təsdiq olunmaq üçün təqdim etdiyi qərarı 63 səs çoxluğu ilə rədd edə bilər.
Maddə 20. Yayım şurasının səlahiyyətləri
20.1. Yayım şurasının səlahiyyətləri aşağıdakılardır:
20.1.1. öz reqlamentini müəyyənləşdirir;
20.1.2. Yayım şurası haqqında Əsasnaməni hazırlayıb təsdiq edir;
20.1.3. Baş direktorun seçilməsi və ya vəzifəsinə vaxtından əvvəl xitam verilməsi üçün azı altı üzvünün razılığı ilə qərar qəbul edir;
20.1.4. Baş direktorun təqdimatı ilə onun müavinlərini vəzifəyə təyin və ya vəzifədən azad edir;[9]
20.1.5. vəzifə təlimatları və daxili tənzimləyici normalar hazırlayıb qəbul edir;
20.1.6. ictimai yayımçının proqram strategiyasını və siyasətini təsdiq edir;
20.1.7. lazım bildikdə yayımdan sonra proqramların monitorinqini keçirir;
20.1.8. ictimai yayımçının büdcəsini və illik hesabatmı təsdiq edir;
20.1.9. ictimai yayımın konsepsiyasını hazırlayır , texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir;[10]
20.1.10. səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla bağlı bu Qanunun tələblərinin pozulması barədə Baş direktora xəbərdarlıq edir və müvafiq tədbirlər görülməsinə dair göstəriş verir;
20.1.11. azı altı üzvünün razılığı ilə Direktorlar şurasının qərarını ləğv edir;
20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;
20.1.13. bu Qanunla və Yayım şurası haqqında Əsasnamə ilə müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirir.
20.2. Yayım şurası üzvlərinin Baş direktorun cari fəaliyyətinə hər hansı şəkildə müdaxiləsinə yol verilmir.
20.3. Aşağıdakı hallarda Yayım şurasının razılığı tələb olunur:
20.3.1. televiziya tamaşaçılarının və radio dinləyicilərinin seçim imkanlarını genişləndirmək məqsədilə yeni proqram xidmətləri yaradıldıqda;
20.3.2. daşınmaz əmlakın əldə olunması və satılması zamanı;[11]
20.3.3. bank kreditləri alındıqda və maliyyə öhdəlikləri götürüldükdə.
20.4. Yayım şurası ən azı altı ayda bir dəfə iclas keçirir.[12]
20.5. Yayım şurasının sədri və ya üzvlərdən üç nəfərinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər.
20.6. İclaslar üzvlərin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir.
20.7. Bu Qanunla nəzərdə tutulmuş hallardan başqa, Yayım şurası iştirak edənlərin sadə səs çoxluğu ilə qərarlar qəbul edir. Səslər bərabər olduqda sədr həlledici səs üstünlüyünə malikdir.
20.8. Baş direktor və Direktorlar şurasının üzvləri Yayım şurasının iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər.
20.9. Yayım şurasının üzvlərinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin büdcəsindən ildə bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı həcmində pul verilir.
Maddə 21. Baş direktor
21.1. Baş direktor ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu Qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.
21.2. Baş direktor:
21.2.1. proqramların bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmasına nəzarət edir və məsuliyyət daşıyır;
21.2.2. ictimai yayımçının cari fəaliyyətinə rəhbərlik edir;
21.2.3. ictimai yayımçını məhkəmədə, dövlət orqanlarında, xaricdə və beynəlxalq təşkilatlarda təmsil edir;
21.2.4. əmrlər verir, müqavilələr bağlayır, bu sənədlərin tələblərinə əməl olunmasına nəzarət edir;
21.2.4-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını müəyyən edir;[13]
21.2.5. əmlakın qorunmasına və yalnız ictimai yayımın məqsədləri üçün istifadə olunmasına məsuliyyət daşıyır.
21.3. Baş direktor aşağıdakı məsələlər üzrə müstəqil qərarlar qəbul edir:
21.3.1. verilişlərin yaradıcı ideyası və istehsalı;
21.3.2. verilişlər setkasının işlənməsi;
21.3.3. yayım fəaliyyətinin təşkili, cari məsələlərin həlli;
21.3.4. bu Qanunla nəzərdə tutulan hallardan başqa, ictimai yayımçının
əmlakı üzərində sahiblik, istifadə və sərəncam verilməsi;
21.3.5. müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması;
21.3.6. bu Qanunla nəzərdə tutulan hallardan başqa, kadrların seçilib işə götürülməsi və idarə olunması;
21.3.7. bu Qanunla nəzərdə tutulan hallardan başqa, malların və xidmətlərin alğı-satqısı, icarəsi və istifadə olunması;
21.3.8. bu Qanunla nəzərdə tutulan hallardan başqa, əlaqələr qurulması, danışıqlar aparılması və müqavilələr bağlanması;
21.3.9. bu Qanunla nəzərdə tutulan hallardan başqa, büdcənin tərtibi və icrası.
21.4. Baş direktor, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Nizamnaməsinə uyğun olaraq, yayım xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar şurası yaradır.
21.5. Baş direktor, Nizamnaməyə uyğun olaraq, Direktorlar şurasına rəhbərlik edir. Baş direktorun müavinləri şurada üzv kimi təmsil olunurlar.
21.6. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ümumi yığıncağında işçilərin arasından sadə səs çoxluğu ilə Direktorlar şurasına ən azı 2 nəfər üzv daxil edilə bilər.
21.7. Direktorlar şurası Nizamnamədə nəzərdə tutulan məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
21.8. Baş direktor aşağıdakı məsələləri Direktorlar şurası ilə razılaşdırmalıdır:
21.8.1. proqram siyasətinin ümumi xəttini və əsas prinsiplərini;
21.8.2. həmkarlar ittifaqı təşkilatları ilə müqavilələri;
21.8.3. büdcənin tərtibini və icrası barədə illik hesabatı;
21.8.3-1. texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını;[14]
21.8.4. ictimai yayımçının büdcəsində nəzərdə tutulmayan xərcləri.
21.9. Baş direktorun təkrar seçilmək hüququ vardır.
21.10. Baş direktorun səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
21.10.1. öz ərizəsi ilə;
21.10.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutduqda;
21.10.3. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
21.10.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
21.10.5. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
Maddə 22. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət
22.1. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir.
22.2. Televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı bu Qanunun tələblərini pozan və ya poza bilən istənilən hərəkət (hərəkətsizlik) barədə ictimai yayım xidmətinin idarəetmə orqanlarına sorğu göndərə və ya qanun pozuntusunun qarşısının alınmasını tələb edə bilər.
22.3. İctimai yayımın idarəetmə orqanları sorğuya qənaətləndirici cavab vermədikdə və ya özlərinin nəzarətedici funksiyalarını yerinə yetirmədikdə televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı:
22.3.1. daha sərt tədbirlər görülməsini tələb edir və qanun pozuntusunun aradan qaldırılması üçün konkret vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə müraciət edir.
22.4. İctimai yayımçının televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanının hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ vardır.
22.5. Bu maddənin tələblərinin yerinə yetirilməsi üçün həyata keçirilən istənilən tədbir ictimai yayımçının informasiya almaq və fikri ifadə etmək hüququnu məhdudlaşdırmamalıdır.
22.6. Qanunun tələblərini pozmuş ictimai yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində yayımlamağa borcludur. [15]
V fəsil
İCTİMAİ YAYIM XİDMƏTİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 23. İctimai yayım xidmətinin maliyyə mənbələri
23.1. İctimai yayım xidməti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
23.1.1. bu Qanımla başqa qayda müəyyənləşdirilməyibsə, abonent haqqından daxilolmalar və dövlət büdcəsindən ayırmalar;[16]
23.1.2. sponsor yardımı;
23.1.3. fiziki və hüquqi şəxslərin ianələri;
23.1.4. reklamdan əldə olunan gəlirlər;
23.1.5. audio və audiovizual proqramların satışından daxilolmalar;
23.1.6. öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər;
23.1.7. konsertlərin və şouların təşkilindən daxilolmalar;
23.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr.
23.2. Bu Qanunun 23.1.1-ci maddəsi qüvvəyə minənədək, digər mənbələrdən əldə edilən gəlirlər də nəzərə alınmaqla, ictimai yayımın məqsədlərinin həyata keçirilməsi, fasiləsiz fəaliyyəti və perspektivli inkişafı üçün dövlət büdcəsindən hər il müvafiq miqdarda maliyyə vəsaiti ayrılır və bu, dövlət büdcəsində ayrıca sətirdə göstərilir. [17]
23.3. Bu Qanunun 23.1.1-ci maddəsi qüvvəyə minəndən sonra da, digər mənbələrdən daxilolmalar nəzərə alınmaqla, ictimai yayımçının perspektivli inkişafı üçün dövlət büdcəsindən ayırmalar davam edir.[18]
23.4. Dövlət büdcəsindən maliyyələşmə dövlət hakimiyyəti orqanlarının ictimai yayıma müdaxiləsi üçün əsas ola bilməz.
23.5. İctimai yayım xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən abonent haqqı hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.[19]
VI fəsil
YEKUN MÜDDƏALAR
Maddə 24. Abonentlərin hüquqlarının qorunması
24.1. Hər kəsin ictimai yayımçıya öz irad və təkliflərini bildirmək hüququ vardır.
24.2. Baş direktor daxil olmuş irad və təklifləri araşdırır, lazım gəldikdə tədbirlər görür, görülmüş tədbirlərin nəticələri vaxtlı-vaxtında, lakin 3 aydan gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı vətəndaşların yalan informasiya verilməsi, şərəf və ləyaqətlərinin alçaldılması, işgüzar mövqelərinə zərər vurulması barədə təkzib, düzəliş və cavab verilməsi tələblərinə kütləvi informasiya vasitələri haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada əməl edir.
24.4. İctimai yayım zamanı hüququnun pozulması barədə ərizə ilə müraciət edən hər kəs öz vəsaiti hesabına həmin verilişin audio və video surətlərini ala bilər.
Maddə 25. Qanunun müddəalarının pozulmasına görə məsuliyyət
Bu Qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 26. Qanunun qüvvəyə minməsi
26.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
26.2. Bu Qanunun 23.1.1-ci maddəsi 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.[20]
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2004-cü il
№ 767-IIQ