Azərbaycan Respublikası Audiovizual Şurası

TELLİ ƏLİYEVA

Telli Pənah qızı Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Vedibasar rayonunda anadan olmuşdur. 1971-1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.

1977-1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçı, 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Dövlət Televiziyasının ictimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə Dövlət Televiziyasının informasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə "Azərbaycan Dövlət Teleradio Şirkəti"nin informasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqramı üzrə direktor, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC televiziya proqramları direktorunun müavini vəzifələrində işləmişdir.

Telli Əliyeva 12 mart 2019-cu il tarixdən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.

30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli "Media haqqında" Azərbaycan Respublikası Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarxli 1589 nömrəli Fərmanına əsasən Milli Televiziya Radio Şurasının hüquqi varisidir. Fərmanın 4.2-ci yarımbəndinə əsasən Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini Azərbaycan Respublikası Audiovizual Şurasında davam etdirirlər.

2006-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı, 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Müxtəlif illərdə "Qızıl qələm", "H.Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür. "Ali Media" mükafatı laureatıdır.

Telli Əliyeva 3-ü şeir, 7-si publisistik əsər olmaqla 10 kitab müəllifidir.