BƏXTİYAR BALAKİŞİYEV
Bəxtiyar Qaraca oğlu Balakişiyev 27 mart 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuşdur.
1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1979-1982-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir.
1982-1989-cu illərdə "Dövlətnəşrkom"da redaktor vəzifəsində çalışmışdır.
1989-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri və baş redaktor vəzifələrində çalışmışdır. 2006-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılmış və müxtəlif kanallarla (TRT, Xəzər TV) əməkdaşlıq etmişdir. 2010-2016-cı illərdə "Azərbaycan" qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır.
2014-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan İtki və Tələfatların Hesablanması üzrə İşçi Qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. 2016-2017-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Mədəniyyət TV" kanalının direktor müavini vəzifəsində işləmişdir. 2019-cu ilin fevralın 1-dən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də yeni yaradılan Müəllif Proqramları və Xüsusi layihələr Departamentinin rəhbəri təyin edilmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvüdür. "Meteor yağışları", "Yerlə göy arasında", "İstiqlal düşüncələri", "Hüseyn Ərəblinski" kitablarının, çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.
12 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasına üzv təyin olunmuşdur.
30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli "Media haqqında" Azərbaycan Respublikası Qanununda audiovizual media sahəsini tənzimləyən orqan kimi Azərbaycan Respublikası Audiovizual Şurası müəyyən edilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarxli 1589 nömrəli Fərmanına əsasən Milli Televiziya Radio Şurasının hüquqi varisidir. Fərmanın 4.2-ci yarımbəndinə əsasən Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini Azərbaycan Respublikası Audiovizual Şurasında davam etdirirlər.
Bəxtiyar Balakişiyev Azərbaycan Respublikası Prezidentinin təqaüdünə və "Ali Media" Mükafatına layiq görülmüşdür. O, həm də, "Tərəqqi" medalı, "Heydər Əliyevin 100 illiyi (1023-2023)" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.
İki övladı var.