Azərbaycan Respublikası Audiovizual Şurası

ASLAN XƏLİLOV

 

Aslan Xası oğlu Xəlilov 1962-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1985-1988-ci illərdə Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir.

1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında əvvəlcə müəllim, baş müəllim vəzifəsində çalışmışdır. 2003-cü ildən dosent vəzifəsində çalışır. 2018-ci ildən tarix elmləri doktorudur.

2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2005-ci, 2011-ci və 2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2022-ci il tarxli 1589 nömrəli Fərmanın 4.2-ci yarımbəndinə əsasən Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvü kimi 2023-cü ilədək fəaliyyətini Azərbaycan Respublikası Audiovizual Şurasında davam etdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli Sərəncamı ilə Aslan Xəlilov Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilmişdir.

1996-cı ildə "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi adını almışdır. Bu əsər milli tarixşünaslığımızda, 1917-1920-ci illərdə Cənubi Qafqazın müsəlman əhalisinə qarşı erməni dövlət təşkilatları tərəfindən həyata keşirilmiş kütləvi qırğınları soyqırımı kimi qiymətləndirən ilk dissertasiyadır. Həmin dissertasiya əsasında, 2000-ci ildə rus dilində nəşr edilmiş eyniadlı kitab ABŞ Konqresinin kitabxanasında, ABŞ-da yerləşən Holokost Memorial Muzeyində və dünyanın bir sıra aparıcı ölkələrinin kitabxanalarında saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2025-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2 monoqrafiya və 60-dan yuxarı elmi və elmi-publisistik məqalənin müəllifidir.