Azərbaycan Respublikası Audiovizual Şurası

Rəqəmli TV yayım qurğuları

Qəbuledici, çevirici qurğular və antenlər

Rəqəmli televiziya üçün qəbuledici və çevirici qurğular Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş standart və bu standarta uyğun minimal texniki tələblərə uyğun olmalıdır. Rəqəmli DVB-T televiziyanı qəbul edən qurğuların aşağıdakı növləri var:

Rəqəmli çevirici qurğular və ya rəqəmli “set-top-box”-lar rəqəmli TV-ni qəbul etmək üçün ən geniş yayılmış və qiyməti daha münasib olan sadə qurğulardır. Bu qurğular özünün xarici görünüşünə görə əsasən, kiçik videomaqnitafona və ya DVD-yə bənzəyir. Bu qurğu adi analoq TV-də istifadə edilən qəbul anteninə və SCART, RGB və ya HDMİ tipli girişlər vasitəsilə televizora qoşulur. Kanalların dəyişdirilməsi və s. funksiyalar həmin qurğunun pultu vasitəsilə həyata keçirilir.

Müxtəlif funksiyalı və CAM modullu rəqəmli çevirici qurğular - əvvəlki bənddə qeyd olunan qurğulardan əlavə funksiyalara malik olması ilə fərqlənir. Bu çevirici qurğularda proqramların yazılması üçün sərt disk və qapalı (ödənişli) kanallara baxmaq imkanı verən CAM modul olur.

Rəqəmli TV qəbulediciyə malik televizorlar - həm analoq, həm də rəqəmli TV kanalların qəbuluna imkan verir. Bununla belə istifadə baxımından da daha əlverişli hesab edilir. Belə ki, hər hansı əlavə kabellərdən və pultdan istifadə edilməsinə ehtiyac olmur. Bu televizorlarda təsvirin keyfiyyəti adi çevirici qurğulardan yüksək olur. Son istehsal olunan bu tip televizorlar qapalı (ödənişli) proqramlara baxmaq üçün CAM modul ilə təchiz olunur. Hazırda əksər televizor istehsalçıları belə televizorların istehsalını həyata keçirirlər və şəhərimizin mağazalarından belə televizorları almaq olar.

Kompüterlərə qoşulan və xüsusui proqram təminatı ilə işləyən müxtəlif əlavə modullar (USB, PCI, PCIe və ya PCMCI) - vasitəsilə kompüterdə DVB-T TV-ni izləmək və ya kompüteri televizora birləşdirməklə televizorun ekranında TV proqramlara baxmaq olar. Bu qurğuların istifadəsi üçün kompüter biliklərinə sahib olmaq lazımdır.

Respublika ərazisində rəqəmli DVB-T TV proqramlarının keyfiyyətli qəbulunun təmin edilməsi və Azərbaycanda qəbul olunmuş rəqəmli standarta (DVB-T MPEG-4) uyğun olması üçün çevirici qurğular müvafiq sertifikatla təmin edilir. Həmin çevirici qurğuları alarkən sertifikatının olmasını müəyyənləşdirmək zəruri hesab olunur.

 

Çevirici qurğuları necə seçməli?

Ölkə ərazisində rəqəmli televiziya yayım şəbəkəsi DVB-T MPEG-4 standartına uyğun qurulmuşdur. Ona görə də rəqəmli çevirici qurğuların və ya çevirici qurğulu televizorların alınması zamanı onların DVB-T MPEG-4 standartını dəstəklənməsi dəqiqləşdirilməlidir. Bununla belə, əgər siz gələcəkdə tətbiq oluna biləcək qapalı (ödənişli) kanallara baxmaq istəyirsinizsə onda həmin qəbul edici və ya çevirici qurğuların CAM modul yuvasına malik olmasına diqqət yetirmək lazımdır. Azərbaycan Respublikası ərazisində DVB-T TV qəbulu üçün aşağıda qeyd olunan çevirici qurğu və televizorlardan istifadə etmək mümkün deyil:

  • DVB-C qəbul ediciləri (bu kabel şəbəkəsi üçün nəzərdə tutulub);
  • DVB-S qəbul ediciləri (bu peyk şəbəkəsi üçün nəzərdə tutulub);
  • İP-TV qəbulediciləri;
  • MPEG-2 videokodlamasini nəzərdə tutan DVB-T qəbulediciləri;

 

Rəqəmli TV qəbulu üçün antenalar və onların quraşdırılması

Rəqəmli TV proqramların qəbulu antenin düzgün seçilməsi və yerləşdirilməsindən asılıdır. Analoq TV-də antenin düzgün seçilməməsi və ya düzgün istiqamətləndirilməməsi zamanı TV proqramlara keyfiyyəsiz baxmaq mümkün olduğu halda,rəqəmli TV-də antenin seçilməsi və yerləşməsindən asılı olaraq TV siqnalın qəbul olunmuş normadan aşağı olduğu halda proqrama baxmaq mümkün olmayacaqdır. Ona görə də, antenin seçilməsi və yerləşdirilməsi zamanı mütəxəssisin məsləhətindən istifadə edilməlidir.

Televiziya siqnalları işıq kimi qüllədən düzxəttli yayımlanır və yer səthi üzrə əyilmə xüsusiyyətinə malik olmur. Ona görə də, televiziya qülləsi nə qədər hündür olarsa, TV yayımın əhatə zonası da bir o qədər geniş olar. Bununla belə, TV siqnalların yayılması müxtəlif tikililərdən, relyefdən, landşaftdan və vericinin gücündən və anten sisteminin konfiqurasiyasından asılı olur. Hər bir yaşayış məntəqəsində rəqəmli TV-nin qəbulu üçün antenin həmin yaşayış məntəqəsini əhatə edən TV stansiyanın əhatə zonasına uyğun yerləşdirmək lazımdır. Əgər yaşayış məntəqəsi TV qüllədən nisbətən uzaq məsafədə yerləşirsə, bu halda gücləndiricili qəbul antenlərindən istifadə etmək lazımdır. Əgər TV siqnalın səviyyəsi normadan aşağıdırsa, bu, ekranda təsvirin donması, kvadratların yaranması və tədricən təsvirin itməsinə səbəb olacaqdır. Anten sistemi havada elektromaqnit dalğalarını qəbul edərək onların kabel vasitəsilə ötürülməsini təmin edir. Antenin güclənməsi onun elemenlərinin sayından asılı olur. Elementlərin sayı nə qədər çox olarsa, antenin güclənməsi də bir o qədər böyük olur. Respublikamızda rəqəmli TV yayımı üçün əsasən 470-790 MHz (UHF) (21-60 TVK) tezlik diapazonundan istifadə edilir. Anten seçilərkən bu məlumat nəzərə alınmalıdır. Rəqəmli TV siqnalının gücünə hava şəraiti və ilin fəsillərinin dəyişməsi təsir edə bilir. Siqnalın gücünün azalmasına aşağıdakı amillər təsir edir: yağış, qar, qarın əriməsi, yarpaq tökümü, yaş ağaclar, duman və s.