Rəqəmli TV yayım haqqında ümumi məlumat
Rəqəmli televiziya yayımı – TV proqramların rəqəmli formatda hazırlanaraq yayımlanmasıdır. Rəqəmli TV yayımının ötürülmə üsulundan asılı olaraq müxtəlif növləri mövcuddur. Bunlar aşağıdakılardır:
- Yerüstü yayım DVB-T (Digital Video Broadcasting – Terrestrial);
- Peyk yayımı DVB-S (Digital Video Broadcasting – Satellite);
- Kabel yayımı DVB-C (Digital Video Broadcasting – Cable).
DVB-T rəqəmli TV yayımı vasitəsilə proqramların qəbulu üçün analoq TV qəbulunda istifadə olunan anten sistemindən istifadə olunur. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Cenevrə-2006 Regional Sazişinə əsasən üzv ölkələr arasında rəqəmli televiziya proqramlarının yayımı üçün VHF və UHF tezlik kanalları ayrılmışdır. Bu sazişə əsasən 2015-ci ilə qədər üzv ölkələr tərəfindən rəqəmli yayıma tam keçilməklə, analoq televiziya yayımı dayandırılmalı idi.
Rəqəmli TV yayımının analoq TV-dan ən əsas üstünlüyü bir tezlik kanalında 10 və daha çox TV proqramın yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində paytaxtda yayımlanan TV proqramların yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. Rəqəmli TV yayımı ilə televiziya proqramlarının ötürülməsindən başqa müxtəlif xidmətlərin də tətbiqi mümkün olur. Belə ki, ötürülən TV proqramın müxtəlif dillərdə eyni vaxtda ötürülməsi, müxtəlif əlavə data məlumatlarının yerləşdirilməsi, həftəlik proqram, film və verilişlərin anonsların verilməsi və s. üstün xüsusiyyətləri misal göstərmək olar.
Rəqəmli televiziya yayımının digər üstünlükləri aşağıdakılardır:
- Təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyətinin yüksək olması (yayımda kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki olmur və s.);
- Proqramların sayının xeyli artırılması imkanı;
- Vericilərin gücünün daha aşağı olması;
- Mobil və portativ qəbuledicilərlə qəbul imkanı;
- Tezlik spektrindən effektiv istifadə (1 TV kanalında 10-12 TV proqram);
- Birtezlikli yayımın tətbiq edilmə imkanı;
- Lokal TV proqramlarının təşkilinin mümkünlüyü;
- TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.);
- Rəqəmli TV yayım şəbəkəsinin interaktivlik imkanı, internetlə bağlantı yaratmanın, abunəçi girişi üçün kodlama sisteminin mümkünlüyü;
- Yayımın kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması;
- Yerüstü TV yayımın təşkili üçün mövcud infrastrukturdan (TV stansiyalardan, qəbuledici antenalardan, abunəçi avadanlığından və s.) istifadə imkanı;
- Yayım konfiqurasiyasının operativ dəyişdirilmə imkanı;
- İnformasiyanın sıxılma imkanı.
DVB-T ilk dəfə 1997-ci ildə yaranmış rəqəmli yerüstü televiziyanın yayım ötürücüsü üçün Avropa konsorsium standartıdır və ilk dəfə 1998-ci ildə Böyük Britaniyada yayımlanmışdır. Bir çox ölkələr DVB-T standartlarını qəbul etmişdir. DVB-T-nin hazırda fəaliyyətdə olan DVB-H və DVB-T2 kimi daha yeni standartları da mövcuddur.