Milli Televiziya və Radio Şurasının 12 avqust 2020-ci il tarixli 10/2 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.20, 9.1-ci bəndlərini rəhbər tutaraq, yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə qərara alır:
1. 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımı aşağıdakı şərtlərlə bərpa edilsin.
1.1. Əcnəbi serialların saat 23:00-dan saat 7:00-dək yayımına məhdudiyyət qoyulmur.
1.2. Saat 7:00-dan saat 22:00-dək həftədə ümumilikdə 2 (iki) efir saatı əcnəbi serial yayımlana bilər.
1.3. Televiziya yayımçısı həftədə saat 7:00-dan saat 22:00-dək olan vaxt aralığında ümumilikdə 5 (beş) efir saatı yerli serial yayımlayırsa, o halda, həftədə həmin vaxt aralığında əlavə 1 (bir) efir saatı əcnəbi serial yayımlaya bilər.
1.4. Əcnəbi serialların nümayişinə Azərbaycan dilinə tam dublyaj olunması şərti ilə icazə verilir (subtitrlər vasitəsilə tərcümə qadağandır).
2. Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli, 11/02 saylı Qərarı qüvvədən düşmüş hesab edilsin.
İsmət Səttarov
Sədr