Milli Televiziya və Radio Şurasının 05 oktyabr 2015-ci il tarixli 09/1 saylı Qərarı
Bakı şəhəri
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 23.1, 32, 39.6-cı maddələrini, “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq, “ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq qərara alır:
1. “ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla bazar ertəsi - cümə günləri, saat 07:00-dan 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” proqramının yayımı 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılsın.
2. “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımı “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilsin.
3. “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilsin.
4. Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.
Nuşirəvan Məhərrəmov
Sədr