Azərbaycan Respublikası Audiovizual Şurası

Media savadlılığı niyə bu qədər aktualdır?!


İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafı insanlara informasiya əldə etmək üçün çeşidli imkanlar yaradır. Əgər əvvəllər baş verənlər barədə insanlar ənənəvi mənbələr - qəzet, jurnal, radio və televiziya vasitəsilə informasiya əldə edirdilərsə, bugün bu sıraya internet də əlavə olunmuşdur. Xüsusilə də internetin imkanlarından istifadə etməklə kütləvilik qazanan sosial şəbəkələr informasiyanın sürətli tirajlanmasına gətirib çıxarır. Bu inkişaf ənənəvi televiziya və çap mediasından onlayn mediaya qaçılmaz keçidə səbəb olmuş, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual sahəyə təsir göstərmişdir.

İnformasiya texnologiyaları və İnternet istifadəçilərə məlumatın axtarışı, onun yayılması, istehsalı, şəxslərarası rabitə kimi xüsusiyyətləri təqdim edir. Məzmun istehsalında ən son texnoloji nailiyyətlərdən istifadə etmək üçün imkanlar açılır. Müasir media istifadəçilərə özünü təqdim etməkdə kömək edir, sosial şəbəkələr özünü ifadə etmək məkanına, internet isə getdikcə daha çox insan üçün əsas məlumat mənbəyinə çevrilir. Sosial media və sosial şəbəkələr xəbərlərin yaradılması və əldə edilməsi yolunu müxtəlif istiqamətlərdə dəyişir: onlar həm məzmunun yaradılması, məlumatı yaymaq və ötürmək, həm də məlumat əldə etmək üçün bir vasitədir. Facebook, Instagram, Twitter, Youtube və s. məlumatın, xəbərlərin ötürülməsini, fikir və hadisələrin müzakirəsini asanlaşdırır. Blogerlər klassik jurnalistikanın əhatə dairəsini genişləndirir və medianı yeni adlandırılan "blogging" və ya "vətəndaş jurnalistikası" kimi yeni forma ilə zənginləşdirir. Ünsiyyət interaktiv dialoqa çevrilir.

Qlobal informasiya məkanının ayrılmaz parçası olan Azərbaycanda da kommunikasiya vasitələri, o cümlədən, internet, sosial şəbəkələr insanların gündəlik tələbatına çevrilmişdir. Ölkədə əhalisinin 80%-dən çoxu internet istifadəçisi, onların da 82%-i sosial şəbəkə istifadəçisidir. Televiziya və radio yayımı ölkə ərazisinin böyük əksəriyyətini əhatə edir. Ölkədə 95-ə yaxın televiziya və radio yayımçısı və ya operatoru fəaliyyət göstərir.

İnformasiyanın sürətli ötürülməsi və yayılması onun səhihliyi, tərəfsizliyi, qərəzsizliyi və obyektivliyi ilə bağlı sualları açıq qoyur. Belə ki, bugün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməyi, mənbə göstərməyi, onun sosial-psixoloji nəticələri barədə düşünmür. Hazırda mövcud olan informasiya bolluğu şəraitində, başqa sözlə, informasiya qarmaqarışıqlığında insanların “feyk” xəbərlə doğru xəbəri ayırd etməsi problemə çevrilmişdir. “Fake news”- saxta, yalan xəbərlər, məlumatların bir hissəsinin və ya hamısının saxta olduğu bir məlumat məhsuludur. Sosial şəbəkələrin meydana çıxması ilə “fake news” auditoriya sayının artırılması yollarından birinə çevrilmişdir. Saxta xəbərlərin müəllifləri baş verən bütün hadisələri izləmir və real, lakin darıxdırıcı hadisəyə fantastik bir element əlavə edir. Adətən rezonans doğurmayan real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır”. Sirr ondadır ki, 90% ehtimalla adi bir istifadəçi adi xəbərlərə (iqtisadiyyat, mədəniyyət) fikir verməyəcək, lakin  maraqlı  başlığı olan və standart olmayan məzmunlu xəbərləri tıklayacaq. Bu isə informasiya məkanında qeyri-müəyyənlik yaradır, dezinformasiya ilə informasiyanın ayırd edilməsində ciddi çətinlik yaradaraq çaşqınlığa səbəb olur.

Bugün sosial şəbəkələrdə yayılan məlumatlar, yazılan status və rəylər bir çox hallarda, ciddi saytların və digər informasiya vasitələrinin səhifələrində, xəbər lentlərində əksini tapır. Sosial şəbəkələrin kütləviliyi bir tərəfdən ictimai nəzarət baxımından müsbət məqam olsa da, bəzən yanlış informasiyanın əsasında insanların çaşdırılması, baş verənlərin mahiyyətinə varmadan bu və ya digər məsələ barəsində neqativ və ya müsbət rəyin formalaşması ilə nəticələnir.

Hazırda Azərbaycanın informasiya məkanında onlayn media və sosial şəbəkələrin dominantlaşması tendensiyası özünü göstərir. Belə ki, artıq hətta televiziya və radioların bir sıra hallarda sosial medianın arxasınca getdiyi, müzakirəyə çıxarılan bu və ya digər mövzuların sosial şəbəkələrdən əxz edilməsi özünü göstərir. Bunun müsbət cəhəti odur ki, televiziya sosial şəbəkələrdə yayılan və ya müzakirə edilən problemi görür və onu daha geniş şəkildə və daha böyük auditoriyaya təqdim etməklə həmin məsələnin həllinə yardımçı olur. Lakin bəzən televizyalar sosial şəbəkələrdə yer alan bu və ya digər məsələnin təsiri altına düşürlər ki, bu da peşəkarlıqdan üzaq olur. Son zamanlar belə bir fikir yayılır ki, cəmiyyətin problemlərinin həllində televiziya da məsuliyyət daşıyır. Düzdür, televiziya KİV olaraq bu və ya digər problemlərin qabardılması və işıqlandırılmasını həyata keçirə bilər. Bu, onun sosial məsuliyyəti baxımından önəmlidir. Lakin nəzərə almaq lazımdır ki, televiziya daha çox maariflənmə və əyləncə vasitəsidir. Televizyanın əyləndirmək funksiyası son dövrlər daha da qabarmışdır. Bu mənada televizya ilə bağlı gözləntilərə maksimalist  yanaşılmamalıdır. Televizya və radio təmsil etdiyi cəmiyyətin güzgüsüdür. Daha sadə desək, televiziya və radio ayrı-ayrı şəxslərin və cəmiyyətin həyatını formalaşdırmaqla yanaşı, onların təsirinə də məruz qalır.

Bu durumda cəmiyyətin bütün təbəqələrinin media maariflənməsi ön plana çıxır, media savadlılığı problemini aktuallaşır, onun əhəmiyyəti və zərurəti ortaya cıxır. Media savadlılığı vətəndaşın mediaya daxil olmasına, medianı tənqidi anlamağa imkan verən, onunla əlaqəli olan bütün texniki, sosial, yaradıcılıq qabiliyyətlərini özündə cəmləşdirən bir çətirdir. Media savadlılığı vətəndaşa cəmiyyətin iqtisadi, sosial və mədəni aspektlərində iştirak etmək, həmçinin demokratik prosesdə fəal rol oynamaq imkanı verir. Bu, hər cür mediaya (televiziya, radio, mətbuat), hər cür yayım platformasına (ənənəvi, internet və sosial media) və hər yaşa aiddir. Media savadlılığı, əsasən, aşağıdakı üstünlük və bacarıqları ehtiva edir:

Mediaya daxil olma: medianı məharətlə tapmaq, istifadə etmək, məlumatları və məzmunu gözdən keçirmək, axtarmaq, süzmək və idarə etmək bacarığı.

Təhlil və qiymətləndirmə: məzmunu (informasiyanı) dərk etmək və tənqidi düşüncə qabiliyyətindən istifadə edərək keyfiyyətini, dürüstlüyünü, etibarlılığını, potensial təsir və ya nəticələrini təhlil etmək bacarığı.

Yaradıcılıq: media məzmunu yaratmaq, auditoriya və yaradıcılıq texnikasını dərk etməklə özünü inamla ifadə etmək bacarığı.

Məsuliyyət: sosial məsuliyyəti dərk etmək və etik prinsipləri tətbiq etmək qabiliyyəti, ünsiyyət və davranış, özünün media həyatını idarə etmək bacarığı.

Fəaliyyət: media vasitəsi ilə cəmiyyətdə iştirak etmək, vətəndaş mövqeyi formalaşdırmaq, demokratik dəyərlərə və münasibətlərə əsaslanan vətəndaş olmaq.

Media savadlılığın ən bəsit hissəsi olaraq "internet gigiyenası" uşağın kompüter, planşet, smartfonla qarşılaşdığı andan etibarən aşılanmalıdır. Tədqiqatçılar KİV-in müasir cəmiyyətdəki rolunu nəzərə alaraq media təhsilini bütün təhsil səviyyələrində (məktəbəqədər, ibtidai, orta, ali) inkişaf etdirməyə ehtiyac duyurlar. Media maarifləndirməsinin həyata keçirilməsi prosesində iştirakçı tərəflər dövlət, tənzimləyici qurumlar, təhsil qurumları, valideynlər, müəllimlər, tədqiqatçılar, cəmiyyətin fəal qrupları, QHT-lər, dini birliklər, ictimai və kommersiya media qurumları olur. Prosesdə iştirak edən hər kəs, hər bir qurum əhalini şüurlu media istifadəçiləri halına gətirməyə çalışmalıdır.

İnsanların media savadlılığının təmin edilməsi hazırda qlobal miqyasda aktual problemlər sırasındadır. Bütün inkişaf etmiş ölkələrdə, həmçinin, bir sıra beynəlxalq təşkilatlar - UNESCO, Avropa Şurası və Avropa Komissiyası tərəfindən media savadlılığı sahəsində cox mühüm işlər görülür.

Medianın inkişafına yönəlmiş çox sayda araşdırmalar və təhlillər media savadlılığın inkişafının xüsusilə Nordik ölkələrdə ən yüksək səviyyələrdə olmasını göstərir. Media savadlılığı indeksi müəyyən bir ölkədə media azadlığı səviyyəsindən tutmuş ümumi savadlılıq və təhsil səviyyəsini ölçən beynəlxalq tədqiqatların nəticələrinə qədər göstəricilər nəzərə alınmaqla 100 ballıq şkala üzrə hesablanır. İndeks sayəsində müxtəlif ölkələrdə istifadəçilərin yalnış məlumatlara nə qədər müqavimət göstərdiklərini, saxta xəbərləri tanıma və təbliğatına qarşı çıxa bildiklərini söyləmək olar. Media indeksi Avropa ölklərində belədir: Finlandiya -76, Hollandiya -70, İsveç və Estoniya -69, İrlandiya –68, Belçika -64, Almaniya və İslandiya -62, Böyük Britaniya, Sloveniya, Avstriya, İspaniya -60, Lüksemburq və Portuqaliya -59, Fransa və Latviya -56, Polşa, Çexiya və Litva -55, İtaliya -50, Slovakiya -48, Malta -47, Xorvatiya -44, Kipr-43, Macarıstan -40, Yunanıstan -39, Rumıniya -38, Serbiya -31, Bolqarıstan -30, Montenegro –28, Bosniya və Herzegovina -25, Albaniya -22, Türkiyə -16, Şimali Makedoniya -10.

Ən yüksək media indeksi göstəricisinə malik olan Finlandiya media savadlılığının həm qanunvericilikdə, həm də  milli siyasətdə insan hüquqları və fəal vətəndaşlar anlayışı ilə yüksək səviyyədə birləşdirildiyi ən qabaqcıl ölkələr sırasındadır. Media təhsili Finlandiyada dövlət qurumlarının, təhsil müəssisələrinin, elmi ictimaiyyətin, qeyri-hökumət sektorunun və medianın (həm ictimai, həm də kommersiya) əməkdaşlığı yolu ilə hazırlanmışdır. Finlandiyada media təhsili yalnız uşaq bağçalarında və məktəblərdə deyil, uşaq və gənclərin olduğu kitabxanalarda, uşaq otaqlarında, gənclik mərkəzlərində, hətta virtual icmalarda, rəqəmli oyunlarda və uşaqların olduğu hər bir yerdə aparılır. Media savadlığına cavabdeh olan əsas qurum olaraq MEKU media təhsili, media bacarıqlarını irəliləməsində uşaqlar və gənclər üçün təhlükəsiz bir media mühitini inkişaf etdirir, bu sahədə vacib olan elmi tədqiqat işlərini stimullaşdırır, beynəlxalq təcrübə və araşdırmaları izləyir, elmi və digər nəşrləri uşaqlara və mediaya yayır.

Azərbaycanla qonşu olan ölkələrdə də media maarifləndirilməsi sahəsində bir sıra mühüm işlər həyata keçirilir.

Gürcüstanda 2018-ci ildə distant təhsil tətbiq ediləndən sonra distant təhsil çərçivəsində "Media savadlılığına giriş" və "Media savadlılığı" kursları yaradılmışdır. "Media savadlılığına giriş" açıq kursdur və istəyən hər kəs onu pulsuz keçə bilər. Kurs media savadlılığı nəzəriyyəsi ilə tanış olmayan şagirdlər, tələbələr, həmçinin, bütün böyüklər üçün nəzərdə tutulmuşdur. "Media savadlılığı" distant kursu isə qarışıq bir təhsil formatıdır. Kurs müəllimlər üçün nəzərdə tutulub və məktəblərdə media savadını tanıtmaq məqsədi daşıyır. Buraya tədris prosesində media savadlılığı bacarıqlarının inkişafı üçün tədris materiallarının hazırlanması daxildir. Kurs tədris materialı hazırlamağa və onları praktikada istifadə etməyə imkan verir.

Qazaxıstanda MediaNet Beynəlxalq jurnalistika mərkəzi “Internews” ilə birlikdə 9-11-ci siniflər üçün media savadlılığı mövzusunda pilot dərslik nəşr etmişdir. Dərsliyin hazırlanmasında Qazaxıstan, Rusiya, Ukrayna, Qırğızıstan və Litvadan olan media mütəxəssislərindən ibarət böyük bir komanda çalışmışdır. Dərslik medianın tarixindən kibertəhlükəsizliyə və saxtakarlığa qarşı mübarizəyə qədər, habelə məlumatların təhlili və yoxlanmasına dair məlumatları ehtiva edir və 10 fəsildən ibarətdir.

Rusiyada media savadlığı sahəsində edilən işlər arasında 2015-2018-ci illərdə “Rəqəmli Beynəlxalq Media Savadlılığı e-Kitabı" (“The Digital  International  Media  Literacy  eBook”) layihəsinin həyata keçirilməsini göstərmək olar. Həmin layihə çərçivəsində amerikalı professor A.Silverblatt ilə birlikdə rus müəllifləri tərəfindən yazılmış media təhsili mövzusunda dərslik nəşr olunmuşdur. Bundan əlavə cox sayda portallar, saytlar, mediateka, emalatxana, kitabxana assosiasiyaları media savadlığı sahəsində fəaliyyət göstərir.

Avropada media savadlılığı sahəsində görülən mühüm işlərdən biri Britaniya Film İnstitutu və Avropa Şurasının nümayəndələri tərəfindən milli təhsil sistemlərində media savadlılığı səviyyəsinin artırılması kursunun uğurla həyata keçirilməsinin 4 mərhələsini hazırlanmasıdır ki, bu da dünyada media savadlılığının artırılmasına kömək edə bilər: 1) Müvafiq təhsil orqanları tərəfindən milli və ya regional səviyyədə tədris proqramları üçün metodik göstərişlərin hazırlanması; 2) Media təhsili ixtisas və ya əsas fənn olacaq universitet müəllimləri üçün təlim proqramlarının hazırlanması; 3) İş yerlərində təlimçilər üçün məsləhət proqramlarının hazırlanması, yay ixtisasartırma kurslarının, xüsusi fənlər müəllimlərinin peşə inkişafı üçün dövlət mərkəzlərinin yaradılması; 4) Müəllimlər üçün təhsil resurslarının hazırlanması - dərsliklərin tərtibi, sınanması və nəşri, nəzəri və praktiki dərs planların, plakatların, dəstək broşuralarının, audiovizual tədris vasitələrinin və digər tədris vəsaitlərin hazırlanması.

Media savadlılğının artırılması insanların şəxsi və ailə təhlükəsizliyi ilə yanaşı, ictimai və dövlət maraqları baxımından da əhəmiyyətlidir. Belə ki, hazırkı qloballaşma şəraitində milli cəmiyyətlərə xaricdən müxtəlif neqativ təsirlər özünü göstərir. Bu isə özündə bir sıra təhlükələr daşıyır. Cəmiyyətdə media maariflənməsinin düzgün təşkil edilməsinin əhəmiyyəti belə situasiyalarda xüsusilə özünü qabarıq şəkildə göstərir.

Media savadlılığının artırılması ümumilikdə cəmiyyətin xeyrinədir. Belə ki, media savadlılığının olmaması insanların informasiya bolluğu şəraitində doğru olanı seçə bilmək imkanlarını azaldır. Media savadlılığı bütün yaş kateqoriyaları üçün vacib olsa da, azyaşlıların, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi xüsusilə vacibdir. Bu mənada ölkəmizdə media maarifləndirilməsinin tədris proqramlarına daxil edilməsi zəruridir.   

Çox təəssüf ki, media savadlılığı ilə bağlı natamamlıq mediada çalışan insanlar arasında da özünü göstərir. Media sahəsində tənzimləyici qurum kimi, bu hal, Milli Televiziya və Radio Şurasını (MTRŞ) da narahat edir. Bəzən bir sıra jurnalistlər bu və ya digər məsələyə doğru aspektdən yanaşma sərgiləyə bilmirlər. Onların baş verən hansısa hadisəyə dügün yanaşma nümayiş etdirməməsi cəmiyyətdə süni ajiotaj yaradır. Bu isə müəyyən xoşagəlməz nəticələr doğurur. Təəssüfləndirici haldır ki, bəzi media orqanları istənilən məsələyə reytinq çoxaltma müstəvisindən yanaşır. Onlar problemin həllindən çox problemin şişməsinə, ajiotajın artmasına xidmət etmiş olurlar. Bu isə bəzən dövlət qurumlarının da işinə mənfi təsir göstərir. Bu mənada, jurnalistlər arasında da media savadlılığının artırılması istiqamətində addımlar atılmalıdır. Jurnalistlər arasında media savadlılığının təmin edilməsi güvənli media, güvənli informasiya mühitinin formalaşmasına müsbət təsir göstərər. Bu isə həm dövlətin, həm də cəmiyyətin maraqları baxımından önəmlidir. 

Media savadlılığının təmin edilməsi cəmiyyətdə media sahəsində dövlətin rolunun müəyyənləşdirilməsi baxımından da vacibdir. Belə ki, bir sıra hallarda mediada baş verən və media orqanının qeyri-peşəkar yaradıcılığının məhsulu olan bu və ya digər informasiya, veriliş, proqram və ya səhnə ilə əlaqədar olaraq dövlət qurumları sərt tənqidlərə məruz qalır. Lakin media savadlılğının olması insanlarda Azərbaycanda senzuranın ləğv edilməsi, dövlətin media sahəsində yalnız tənzimləyici funksiya yerinə yetirməsi, audiovizual yaradıcılıq fəaliyyətinin müstəqil olması ilə bağlı məlumatların formalaşması baxımından müsbət rol oynaya bilər. Bəzi televiziya və radio kanalların efirlərində mövcud olan məzmun və keyfiyyətcə aşağı səviyyədə olan verilişlər tənzimləyici qurum kimi Milli Televiziya və Radio Şurasının kəskin tənqid olunmasına səbəb olur. Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir. Təbii olaraq, bu hal Şuranı da qane edə bilməz və qanunvericilik çərçivəsində bütün tədbirlər həyata keçirilir. Lakin MTRŞ öz əsasnaməsinə uyğun olaraq yayım zamanı qanunvericiliyin pozulmamasına nəzarət edir və fəaliyyətində normativ-hüquqi aktlara əsaslanır. Qanunvericiliyə uyğun olaraq Şura yayımçıların maliyyə, peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə edə bilməz. Keyfiyyət və məzmun cəhətdən aşağı səviyyəli proqramların efirdə olması qanun pozuntusu faktı olmadığından Şuranın bu məsələyə müdaxiləsi də mümkün deyildir. Şura kanallara mövzu seçimi, studiyaya hansı qonağın və ya ekspertin, həmçinin, əyləncəli verilişlərdə hansı sənət adamının dəvət olunub olunmaması məsələsində göstəriş və ya tapşırıq vermək səlahiyyətinə malik deyildir. Amma tamaşaçı və ya dinləyici həmin proqrama və ya ümumən kanala baxmaq və ya baxmamaq, digər proqram, kanala tamaşa etmək kimi seçimlərə malikdir. Bu seçim imkanlarından istifadə olunması da vətəndaşlar tərəfindən medianın idarə olunması sahəsində biliklərinin səviyyəsindən asılıdır.

Ölkəmizdə media savadlılığının təmin edilməsi istiqamətdə QHT-lərin imkanlarından da istifadə etmək olar. Bu sahədə QHT-lərin görə biləcəyi işlər müəyyənləşdirilməlidir. QHT-lər media savadlılığının tətbiqinə yönəlmiş layihələr, dəyirmi masalar, interaktiv mühazirələr, broşür və çap məhsullarının nəşrini həyata keçirə bilərlər. QHT-lərin ekspetləri, müəllimləri, təlimçiləri, tələbələri də bu prosesə cəlb etmələri məqsədəuyğun hesab edilə bilər.

Yekun olaraq qeyd olunmalıdır ki, biz media və informasiya savadlılığının qaçılmaz tələbat halına gəldiyi bir əsrdə yaşayırıq. Azərbaycanda internetin, rəqəmli mühitin inkişafı ilə əlaqədar olaraq son onillikdə bir sıra işlər və layihələr həyata keçirilmişdir ki, həmin fəaliyyət media savadlılığı istiqamətində töhfə hesab oluna bilər. Lakin məsələnin aktuallığnı, Azərbaycanda media savadlılığının inkişafına böyük ehtiyacı nəzərə alaraq, bu fəaliyyətin koordinasiyaya, maliyyə dəstəyinə, normativ-hüquqi bazaya ehtiyacı vardır.