TV qəbuledicilərin inkişaf mərhələləri
Televizor (televiziya qəbuledicisi) (yeni lat. televisorium - uzağı gör) yunan. τῆλε - uzaq və lat. visio - görmək) sözlərinin birləşməsindən yaranıb. Təsvirin uzaq məsafəyə ötürülməsi niyyəti öz əksini əfsanələrdə və nağıllarda taparaq qədim zamanlardan mövcud idi. Lakin bu cür qurğunun yaradılması üçün texniki və nəzəri baza yalnız XIX əsrin axırlarında radionun yaranmasından sonra meydana gəldi.
Artıq 1884–cü ildə alman ixtiraçısı Paul Nipkov mexaniki televiziyanın binövrəsini qoyan Nipkov diskini icad etmişdi. 10 oktyabr 1906-cı ildə ixtiraçı, Karl Ferdinand Braunun tələbəsi Maks Dikman və Q.Qlage ilk dəfə təsvirin ötürülməsində Braun trubkasının istifadəsinə patent aldılar. Karl Ferdinand Braun həmin ideyanı qeyri-elmi hesab edərək bu sahədə tədqiqatların aparılmasının əleyhinə idi. 1925-ci ildə şotlandiyalı ixtiraçı Con Loci Beyrd Nipkov diskindən istifadə edərək ilk dəfə hərəkət edən obyektlərin yayımını nümayiş etdirmişdir. Həmin vaxt televiziya ağ-qara rənglərdən və çox keyfiyyətsiz görüntüdən ibarət olub. Televizor 1930-cu ildən etibarən elektron əşya olaraq qəbul edildi və onun alqı-satqısı başladı. Con Loci Beyrdın “Baird Corporation” adlı şirkəti dünyada yeganə televizor istehsalçısı idi.
1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarını televiziya vasitəsilə izləmək mümkün olmuşdu. 1940-cı ildən başlayaraq, rəngli televizor layihəsi üzərində işlər sürətlə davam etdirilirdi. Bundan təxminən 10 il sonra ABŞ-da ilk rəngli televizor satışa çıxarıldı.
1932-ci ildə Sovet İttifaqında “Komintern“ zavodunda Nipkov diski sistemi ile işləyən ilk Bİ-2 televizoru yaradılmışdır. 1938 –ci ildə isə 200-ə yaxın ТК-1 adlı 33 radio lampalı model istehsal olunmuşdur. XX əsrin sonlarında praktik olaraq yastı, sonra isə tamamilə yastı kineskoplar əsasında televizorlar meydana gəldi. Telesiqnalda mətn informasiyasını yayımlayan teletekst və fasttekst sistemləri, təsvirin yekun keyfiyyətini yaxşılaşdırmağa imkan yaradan videosiqnalın rəqəmli emalı tətbiq edilməyə başladı. Maye kristallı ekranı olan cib televizorları, qol saatlarına və eynəklərə quraşdırılmış mini-televizorlar satışa daxil oldular. Televizor ən çox yayılan məişət avadanlığı olaraq radionu sıxışdırıb dünya kütləvi mediasının əsas alətinə çevrildi.
XXI əsrin əvvəlində maye kristallı və plazmalı ekranları (panelləri) olan televizorların kütləvi şəkildə istehsalına başlanıldı. Müasir məişət televizorların ekran ölçüsü bir neçə metrəyə cata bilər. Olduqca iri təsvir formatlı televizorlar (ictimayi yerlərdə istifadə olunan) diskret işıq diodlardan və plazma panellərindən ibarət matrisalar əsasında istehsal oluna bilərlər.
28 oktyabr 2008-ci ildə kommersiya lazer televizorunun ilk modeli satışa çıxarıldı. Rəqəmli dövrdə televiziya qəbuledicilərinin istehsalı yüksək müəyyənedicilik (HDTV) və üçölçülü (3D) televiziya istiqamətində inkişaf edir.