Audiovizual media sahəsində istifadə olunan bəzi termin və ifadələr haqqında
kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı qanunvericilik ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda insana çatdırmaq məqsədi ilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan informasiya;
media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr;
media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki və ya hüquqi şəxs;
audiovizual media – televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
onlayn media – audiovizual media istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı internet informasiya ehtiyatında yayımlayan media;
redaksiya – vebsaytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyəti;
redaksiya nəzarəti – media subyektinin yaradıcılığı və ya seçimi, təşkilatçılığı və yayımı üzərində həlledici təsir;
redaksiya məsuliyyəti – proqram seçiminə, təşkilinə, televiziya və radio yayımında cədvələ və sifarişli yayımda isə kataloqun təşkil olunması prosesinə nəzarətin həyata keçirilməsi;
məsul redaktor – televiziya və radio yayımında proqram cədvəli, sifarişli yayım xidmətində isə proqram kataloqu çərçivəsində yer alan proqramın məzmunu və seçimi üzrə qərar vermə funksiyasını həyata keçirən baş redaktor (redaktor);
istifadəçi – kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını qarşılamaq üçün media xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs;
media savadlılığı – medianın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti;
loqotip (emblem) - media subyektinin redaksiyasını (redaksiyalarını) fərqləndirməyə imkan verən hər hansı simvollar kombinasiyası (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.);
milli məhsul – yerli fiziki və ya hüquqi şəxsləri tərəfindən istehsal olunan media məhsulu;
audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən, sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs;
yerüstü yayımçı – televiziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxs;
ümumölkə yayımçısı – proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
regional yayımçı – proqramları Azərbaycan Respublikasının bir neçə inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
infrastruktur operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmsal yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum);
multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
sifarişli yayım xidməti provayderi – tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs;
retranslyasiya – hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda ötürülməsi;
tematik yayım - proqram cədvəlinin və ya kataloqunun ən azı 75 (yetmiş beş) faizi müəyyən sahəyə (xəbər, film, sənədli film, idman, musiqi, uşaq əyləncə, teleticarət və s.) həsr olunan proqramlardan ibarət yayım;
proqram – cəmiyyətin müəyyən hissəsini məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu;
proqram cədvəli – proqramların vaxtının və ardıcıllığının əks olunduğu cədvəl;
proqram kataloqu – sifarişli yayım xidmətində istifadəçinin seçiminə təqdim olunan proqramların toplusu;
reytinq ölçən təşkilat – audiovizual medianın auditoriyasının həcmini ölçən hüquqi şəxs;
əhəmiyyətli hadisə – cəmiyyət üçün ictimai maraq kəsb edən və ölkə ərazisində fəaliyyət göstərən media subyektləri tərəfindən dərc olunması və (və ya) yayımlanması nəzərdə tutulan idman, mədəniyyət, siyasi və s. məzmunlu hadisə;
kommersiya kommunikasiyası - malların, xidmətlərin, iqtisadi fəaliyyət ilə məşğul olan hüquqi və ya fiziki səxsin bilavasitə və ya bilvasitə səs ilə müşayiət olunan və ya olunmayan təsvirləri. Bu cür təsvirlər pul ödənişinə və ya ona bərəbər tutulan haqqa əsaslanaraq, özünü reklam etmə (self-promotion) məqsədilə proqrama daxil olunur və ya proqramı müşayiət edir. Audiovizual kommersiya kommunikasiya növlərinə reklam, sponsorluq, teleticarət, məhsul yerləşdirməsi daxildir;
məhsul yerləşdirilməsi (Product placement - PP) - filmlərdə, televiziya proqramlarında, kompüter oyunlarında, musiqi kliplərində, kitablarda, şəkil və təsvirlərdə qəhrəmanların real kommersiya analoqu olan rekvizit istifadəsindən ibarət gizli reklam üsulu. Adətən reklam olunan məhsulun özü və ya onun loqotipi nümayiş etdirilir ya da ki, yaxşı keyfiyyəti xatırlanır;
teletekst – televiziya ekranından birbaşa oxuna bilən informasiya (xəbərlər, proqram siyahısı və s.);
rəqəmsal televiziya – rəqəmsal modulyasiyadan və MPEG kompressiya standartından istifadə edilərək ötürücüdən televiziya qəbuledicisinə video və audio siqnalın ötürülməsi;
EPG (Elektron Program Guide), Elektron Proqram Bələdçisi – rəqəmsal televiziya və radio yayımı sahəsində rəqəmli məzmunun idarə edilməsində çevikliyi təmin edən interaktiv xidmət;
ASO (Analogue Switch Off), analoq yayımın dayandırılması - sonuncu analoq ötürücüsünün söndürülmə anı;
STB (set top box), rəqəmli çevirici qurğu - DVB-T (MPEG-4) standartında olan yerüstü televiziya yayım siqnalını qəbul edən, dekodlaşdıran və sonradan video və audio siqnalı analoq televiziya qəbuledicisinə ötürən qurğu;
multipleks (MUX) - televiziya kanallarından (xidmətlərindən) ibarət paket; bir radiotezlikdən istifadə edərək teleradioyayımı həyata keçirilən televiziya və radio kanallarının siyahısı;
DVB (Digital Video Broadcasting), Rəqəmsal Video Yayım – ETSİ (Avropa Yayım Standartları İnstitutu) tərəfindən qəbul edilən yüksək yayım keyfiyyətini təmin edən rəqəmsal multimedia yayımının ümumi açıq Avropa standartı;
DVB-T (Digital Video Broadcasting - Terrestrial), Rəqəmsal Video Yayım – Yerüstü – rəqəmsal efir yayımının Avropa standartı;
DVB-T2 (Digital Video Broadcasting - Terrestrial), Rəqəmsal Video Yayım – Yerüstü – rəqəmsal efir yayımının yeni Avropa standartı;
MPEG-4 – video və audionun kompressiya (sıxılma) standartı;
VoD (Video on Demand), sifarişli video - istifadəçinin istədiyi zamanda onun tərəfindən izlənilən video məzmun;
Catch-up TV (və ya Replay TV) - televiziya proqramlarını yayım günündən sonraki bir neçə gün ərzində internet vasitəsilə yayımlayan internet televiziya. Proqramlar internetə yayımçı tərəfindən yerləşdirilir;
Connected TV, birləşmiş və ya əlaqəli TV - paralel olaraq iki şəbəkəyə daxil olmaq imkanı verən hibrid televizor deməkdir. Bir tərəfdən DVB (məsələn DVB-T, DVB-S və ya DVB-C) yayım şəbəkəsi ilə əlaqə yaranır, bununla da, hibrid terminal standart audiovizual yayımı (yəni, xətti audiovizual məzmunu) qəbul edə bilir. Digər tərəfdən hibrid terminalın internetə çıxışı olur və bu provayderlə iki istiqamətli əlaqə yaratmağa imkan verir. Bu interfeys üzərindən terminal əlavə informasiya və sifarişli video (yəni, qeyri xətti audiovizual məzmunu) qəbul edə bilir;
UGC (User-generated Content) - istifadəçi tərəfindən yaradılan məzmun (YouTube və ya Daily Motion);
VSP (video sharing platform) - video paylaşım platforması (VPP);
HDTV (High Definition Television), Yüksək Dəqiqlikli Televiziya - ənənəvi TV yayım standartlarından (PAL, SECAM, NTSC) daha yüksək dəqiqlik təmin edən bir yayım standartı;
3D TV (3-dimension Television), Üçölçülü Televiziya – tamaşacıya “dərinlik effektini” çatdıran, həcmli təsviri olan televiziya. Müasir televiziya qəbuledicilərində stereoeynək sistemi, polyarizasiya eynəkləri və ya displeydə parallaks maneə sistemi istifadə olunur. Hal-hazırda stereoskopik eynəklərdən istifadə etmədən dərin həcmli təsviri görməyə imkan yaradan televiziya gəbulediciləri də mövcuddur.