MTRŞ sədri Nuşirəvan Məhərrəmov İstanbulda Qara Dəniz ölkələrinin Yayım Tənzimləyici Orqanlarının Forumunun təsis iclasında iştirak etmişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov 30 iyun 2008-ci il tarixdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən Qara Dəniz ölkələrinin Yayım Tənzimləyici Orqanlarının Forumunun təsis iclasında iştirak etmişdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrinin Yayım Tənzimləyici Orqanlarının Forumunun yaradılması təşəbbüsü ilk dəfə Türkiyə Cümhuriyyətinin Radio və Televiziya Üst Qurumu (RTÜK) tərəfindən 4-5 aprel 2007-ci il tarixdə Kiyevdə keçirilən toplantıda irəli sürülmüş, 17 aprel 2008-ci il tarixdə isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul edilmişdir.
30 iyun 2008-ci il tarixdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində 12 dövlətin iştirakı ilə Yayım Tənzimləyici Orqanların Forumunda tənzimləyici qurumlar arasında televiziya və radio yayımı sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir. Forumda çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərdən Ermənistan istisna olmaqla digər dövlətlərin tənzimləyici qurumları ilə Milli Televiziya və Radio Şurası arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Qəbul edilmiş birgə bəyannnaməyə əsasən Qara Dəniz ölkələrinin Yayım Tənzimləyici Orqanlarının Forumunun növbəti iclasının Türkiyə Cümhuriyyətində keçirilməsi qərara alınmışdır.