Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 12 / 25-03 (05 fevral 2025-ci il)

 

Peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin "MTV" televiziya redaksiyasının (kanalının) efirində 03 fevral 2025-ci il tarixdə, saat 21:28-də yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə və "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "MTV" televiziya redaksiyasının (kanalının) proqramlarının yayımı 07 fevral 2025-ci il tarixində 3 (üç) saatlıq müddətə (saat 08.00-dan saat 11.00-dək) dayandırılsın.
  2. Tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumat proqramlarının yayımının dayandırılması müddətində (07 fevral 2025-ci il tarixdə, saat 08.00-dan saat 11.00-dək) "MTV" televiziya redaksiyasının (kanalının) efirində yayımlansın.
  3. Bu Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.