Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 43 / 24 - 20 (29 dekabr 2024-cü il)

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.17-ci maddəsini və Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Audiovizual Şurasına ayrılmış 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait 5 ümumi və xəbər janrlı özəl ümumölkə yerüstü televiziya yayımçısı arasında bərabər olaraq bölünsün:

1.1. "Space" Müstəqil Televiziya və Radio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə 500.000 (beş yüz min) manat,

1.2. "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına 500.000 (beş yüz min) manat,

1.3. "Xəzər TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə 500.000 (beş yüz min) manat,

1.4. "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinə 500.000 (beş yüz min) manat,

1.5. "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə 500.000 (beş yüz min) manat.

2. Bu Qərarın 1.1-ci bəndi ilə "Space" Müstəqil Televiziya və Radio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması nəzərdə tutulan məbləğ yayımçının debitor borclarının bir hissəsinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən birbaşa olaraq aşağıdakı qurumlara ödənilsin:

2.1. Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) - 190.000,00 manat (yüz doxsan min manat və sıfır qəpik);

2.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə - 307.762,58 manat (üç yüz yeddi min yeddi yüz altmış iki manat və əlli səkkiz qəpik);

2.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə - 2.237,42 manat (iki min iki yüz otuz yeddi manat və qırx iki qəpik).

3. Bu Qərarın 1.2-ci, 1.3-cü, 1.4-cü və 1.5-ci bəndləri ilə ayrılan vəsaitlər yayımçıların Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə mövcud olan debitor borclarının və həmin istiqamətdə avansların ödənilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yayımçıların hesabına köçürülsün.

4. Bu Qərarın 1.2-ci, 1.3-cü, 1.4-cü və 1.5-ci bəndləri üzrə ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlı müvafiq hesabat sənədlərini həmin yayımçılar 2025-ci ilin 1 fevral tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim etsinlər.

5. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Maliyyə və təminat şöbəsi bu Qərardan irəli gələn məsələlərin həllini təmin etsin.