QƏRAR № 32 / 24-14 (01 oktyabr 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikası 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 30.3-cü, 47.1.4-cü, 54.1-ci, 54.2-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.5-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası 2001-ci il 04 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.5-ci maddəsini rəhbər tutaraq qərara alır:
- Digər iddiaçılarla müqayisədə daha üstün texniki imkanlara malik olmasını və təqdim etdiyi iqtisadi əsaslandırmasını nəzərə alaraq "CİBC Global" Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyanın adı: "AnewZ") peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün 29 iyul 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilsin.
- "CİBC Global" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası üçün nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
- "CİBC Global" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə müqavilə bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, habelə Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.