QƏRAR № 14 / 24-09 (03 may 2024-cü il)
Ümumölkə yerüstü radio yayımçılarının proqramlarına bütün ölkə əhalisi tərəfindən əlçatanlığın təmin edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik radio-televiziya stansiyasından analoq FM yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı ümumölkə yerüstü radio yayımçılarına müvafiq radiotezliklər ayrılsın:
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə (redaksiyanın adı: "Real FM") – 88,1 MHs.
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Azad Azərbaycan Radiosu") – 90,1 MHs.
- "Araz Teleradio" MMC-yə (redaksiyanın adı: "Araz FM") – 93,1 MHs.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə (redaksiyanın adı: "Space FM") – 94,6 MHs.
- "Radio Qrup" MMC-yə (redaksiyanın adı: "Radio TMB") – 95,6 MHs.
- "Xəzər TV" MMC-yə (redaksiyanın adı: "Xəzər FM") – 96,3 MHs.
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-yə (redaksiyanın adı: "Avto FM") – 97,0 MHs.
- "İnnovasiyalar Mərkəzi" MMC-yə (redaksiyanın adı: "ASAN Radio") – 98,3 MHs.
- "Digital Media" MMC-yə (redaksiyanın adı: "Media FM") – 98,6 MHs.
- "Antenn" Müstəqil Teleradio Kompaniyasına (redaksiyanın adı: "Radio Enerji") – 101,3 MHs.
2. Bu Qərarın 1-ci bəndində adları qeyd olunmuş ümumölkə yerüstü radio yayımçıları onlara ayrılmış yeni radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyadan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versinlər.
3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.