QƏRAR № 09 / 24-07 (05 aprel 2024-cü il)
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun 29.1-ci, 47.1.4-cü, 54.1-ci, 54.2-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.2-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il 04 dekabr tarixli 223-IIQ saylı Qanununun 22.0.39.2-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Digər iddiaçılarla müqayisədə daha üstün texniki imkanlara malik olmasını və təqdim etdiyi iqtisadi əsaslandırmasını nəzərə alaraq "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio redaksiyanın adı: "Sağlam Radio") ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 26 yanvar 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilsin.
2. Ümumölkə yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı radiotezliklər "Sağlam Media" MMC-nin istifadəsinə ayrılsın:
- Bakı şəhəri ərazisindəki "Bakı Teleqüllə Kompleksi"ndən – 93.0 MHs,
- Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan – 105.7 MHs,
- Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan – 104.7 MHs,
- Şirvan şəhəri ərazisindəki "Şirvan" RTYS-dan – 104.5 MHs.
3. "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
4. "Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərar ilə onun istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) ilə müqavilələr bağlayıb bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasına məlumat versin.
5. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.