Azərbaycan Respublikası Audiovizual Şurası

İSA MƏMMƏDOV

 

İsa Rəhman oğlu Məmmədov 15 oktyabr 1953-cü ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1970-ci ildə Veravul kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun "Elektrotexnika" fakultəsinin birinci kursuna daxil olmuş və 1975-ci ildə həmin institutu bitirərək, "Radiorabitəsi və radioverilişi" ixtisası üzrə mühəndis adını almışdır.

Əmək fəaliyyətimə 1976-cı ildə Azərbaycan SSR Rabitə Nazirliyinin "Respublika Radio-Televiziya Verici Mərkəzi"ndə başlamış, əvvəlcə böyük elektromexanik, 1977-ci ildən isə mühəndis vəzifəsində çalışmışdır. İsa Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Moskva Elektrotexniki Rabitə İnstitutunun məqsədli əyani aspiranturasına göndərilmiş, 01 dekabr 1978-ci ildə əyani aspiranturaya daxil olmuş və 30 noyabr 1982-ci ildə bu institutun aspiranturasını bitirirərək, texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 2002-ci ildə Odessa Milli Rabitə Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 mart 2010-cu il tarixli qərarı ilə İsa Məmmədova professor elmi adı verilmişdir. 1983-cü ildən başlayaraq Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışır. 1996-2005-ci illərdə Azərbaycan Texniki Universitetində vaxtaşırı kafedra müdiri və dekan kimi fəaliyyət göstərmiş, paralel olaraq 1997-2003-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmi radioavadanlığı" kafedrasının müdiri olmuşdur.

2004-cü ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının aparatında Texniki şöbənin rəisi, 2008-ci ildən Maliyyə və texniki nəzarət şöbəsinin müdirinin müavini, 2021-ci idən Maliyyə və texniki nəzarət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 25 aprel 2022-ci ildən Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilmişdir.

İsa Məmmədov müxtəlif ictimai və elmi vəzifələr (1985-90-cı illərdə "Radiotexnika, Elektrotexnika və Rabitə" istiqaməti üzrə Azərbaycan Texniki Universitetində nəşr olunan elmi əsərlər məcmuəsinin məsul katibi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin Texniki Şurasının üzvü, 1997-ci ildən 2013-cü ilə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Elektronika və rabitə" bölməsinin sədrinin müavini, Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının üzvü, Azərbaycan Texniki Universitetinin Elmi Şurasının üzvü, Azərbaycan Texniki Universitetinin nəzdində olan ixtisaslaşdırılmış doktorluq şurasının üzvü, onun elmi seminarının sədri, ixtisaslaşdırılmış doktorluq elmi şurasının sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının Elmi katibi) daşımış və daşımaqdadır.

2016-cı ildə "Əməkdar mühəndis" fəxri adı ilə təltif edilmişdir. İsa Məmmədov bir sıra kitab, çoxlu sayda monoqrafiya və məqalənin müəllifidir.