Azərbaycan nümayəndə heyəti 3-4 aprel tarixlərində Özbəkistanda səfərdə olmuşdur.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun da daxil olduğu nümayəndə heyəti aprelin 3-də Daşkənd şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuş, media sahəsində əlaqələrin inkişafı məqsədilə konkret layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılmışdır. Özbəkistan tərəfi media və informasiya sahəsində, həmçinin feyk xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirmişdir. Danışıqlar əsnasında iki ölkənin aparıcı informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi önə çəkilmişdir.
Nümayəndə heyəti səfər zamanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət etmişdir. Mərkəzin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi və Xalça Muzeyi fəaliyyət göstərməsi barədə məlumat vermişdir.