Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçirmişdir

 

12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil edilmişdir.

Seminarın açılışında çıxış edən BDU-nun Beynəlxalq jurnalistika və informasiya kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura və BDU arasında imzalanmış müvafiq Anlaşma Memorandumuna uyğun olaraq hər il mütəmadi təşkil edilən seminarların vacibliyini, gələcək media nümayəndələrin qanunvericilik, hüquqi tənzimləmə mexanizmləri, o cümlədən praktik hadisələr üzərindən təcrübə qazanma imkanı yaradılmasının əhəmiyyətini və müsbət nəticələrini vurğulamışdır.

Daha sonra Audiovizual Şuranın sədrinin köməkçisi Haşim Əliməmmədzadə fəaliyyət istiqamətləri, qanunvericilik çərçivəsində qurumun icra etdiyi işlər, o cümlədən audiovizual sahədə media subyektlərinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Tədbirin növbəti hissəsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda media subyektinin və jurnalistin hüquqi statusu" mövzusunda təqdimatla çıxış etmişdir. O, tələbələrə audiovizual media sahəsində tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, media subyektinin və jurnalistin hüquq və vəzifələri, onların stimullaşdırılması, o cümlədən jurnalistin fəaliyyət təminatı, məlumat almaq hüquqları və bir sıra məsələlərdən ətraflı bəhs etmişdir.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması, real nümunələrin izahı və müzakirəsi ilə yekunlaşmışdır.