Şura sədri İsmət Səttarovun da daxil olduğu Azərbaycan nümayəndə heyəti 31 mart – 1 aprel tarixlərində Qazaxıstanda səfərdə olmuşdur
Azərbaycanın bir sıra dövlət qurumlarının rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdə olmuşdur. Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun da daxil olduğu nümayəndə heyəti 31 mart – 1 aprel tarixlərində Astana şəhərində bir sıra görüşlər keçirmişdir.
Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Görüş zamanı 2022-ci il avqustun 24-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən iki ölkə arasında informasiya sahəsində ikitərəfli əlaqələrin formalaşdırılmasının, media məkanda milli maraqların qorunmasının və təşviq edilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanmışdır. Media və informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımların atılması, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyin təmin olunması müzakirə olunmuşdur.
Nümayəndə heyəti, həmçinin Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Naşirali və Qazaxıstan Respublikasının Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarov ilə görüşmüşdür. Tərəflər müvafiq sahələr üzrə qarşılıqlı məlumat mübadiləsi etmiş, əməkdaşlığı genişləndirməyin yolları barədə müzakirələr aparmışlar.