TRT-nin nümayəndə heyəti radio yayımının mövcud vəziyyətini təhlil etmək üçün Azərbaycana səfər etmişdir
16-19 yanvar 2023-cü il tarixlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Türkiyə Radio-Televiziya Qurumunun (TRT) texniki mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirmiş və radiomonitorinq aparmışdır. Bu prosesdə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio), Dövlət Radiotezliklər İdarəsinin, habelə Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri iştirak etmişlər. Baxış və monitorinqlərindən sonra aparılmış işlərin nəticələri müzakirə olunmuşdur.
Nümayəndə heyəti səfərlə bağlı yekun hesabatı yaxın müddətdə Azərbaycan tərəfinə təqdim edəcəkdir. Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaqdır.
Fotoların mənbəyi: "Teleradio" İB