“Media və İnformasiya Savadlılığı” işçi qrupunun (EMIL) 9-cu iclası onlayn formatda keçirilmişdir
Tənzimliyici Orqanların Avropa Platformasının (EPRA) "Media və İnformasiya Savadlılığı" işçi qrupunun (EMİL) 9-cu iclası 18 noyabr 2022-ci il tarixində onlayn formatda təşkil olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova toplantıda iştirak etmişdir.
İlk olaraq işçi qrupun sədri Maria Donde olunacaq təqdimatlar haqqında qısa məlumat vermişdir. Vyana Universitetinin İnteraktiv Kommunikasiya kafedrasının dosenti Tobias Dinlin tərəfindən "Maarifləndirici proqramların sosial təsirini necə araşdırmaq olar?" mövzusunda təqdimat edilmişdir.
Bundan sonra Keyt Morris tərəfindən Böyük Britaniyanın tənzimləyici qurumu olan “OFCOM”–un media və informasiya savadlılığı üzrə onlayn təşəbbüsləri üçün qiymətləndirmə alətlərinin hazırlanması haqqında təqdimat edilmişdir.
Təqdimatdan sonra EMİL iştirakçıları ilə açıq müzakirələr aparılmışdır. Daha sonra isə "Qiymətləndirmə, təhlil və media-informasiya savadlılığı indeksləri" mövzusunda "dəyirmi masa" müzakirələri keçirilmişdir. Toplantının sonunda yeni EMIL üzvləri və müşahidəçiləri təqdim olunmuş, üzvlərin profilləri müzakirə edilmişdir.